02 iyn 13:27Sosial

Bakıdakı korona xəstələri: dəhşətli görüntülər... - Video

Bakıdakı korona xəstələri: dəhşətli görüntülər... - VideoAzərbaycan Televiziyasının (AzTV) əməkdaşları növbəti dəfə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada olublar.

Avrasiya.net xəbər verir ki, koronavirusa yoluxmuş vətəndaşlarımız AzTV əməkdaşları ilə söhbət zamanı nəfəs almaqda çətinlik çəkdiklərini, xəstəliyin çox ağır keçdiyini bildiriblər.

Onlar, həmçinin, digər vətəndaşlara da müraciət edərək, virusdan qorunmağın zəruri olduğunu vurğulayıblar.

“Heç bir insanın bu vəziyyətə düşməyini istəmərəm. Dillə deyiləsi deyil, çox çətindir. Bu, həyatla ölüm arasında mücadilədir”, - koronaya yoluxmuş vətəndaşımız bildirib.

Telekanalın hazırladığı süjetdə xəstələrin fikirlərini ifadə etməkdə çətinlik çəkdikləri, şiddətli ağrılar yaşadıqları aydın görünür.

Yaşlı xəstələrdən biri qeyd edib ki, indiyə qədər səhhətində heç bir problem olmayıb, lakin anidən koronavirusa yoluxub və ağır vəziyyətə düşüb.

Ən dəhşətli məqamlardan biri də koronavirus xəstələrinin hansı ağrıları hiss etməsidir. Belə ki, “koronavirus necə öldürür” sualına həkimlər belə cavab veriblər:

“Bu beyindən ayağın baş barmaqlarına qədər vücuda şiddətli hücumdur. İlk sıradan çıxan orqanlar bunlardır: ağciyərlər, böyrəklər və ürək”.

Həkimlərin sözlərinə görə, xüsusi karantin rejimi yumşaldılandan sonra xəstələrin sayında kəskin artım müşahidə olunub. Bu isə tibb işçilərinin vəziyyətini daha da çətinləşdirib.

Digər həkim isə bildirib ki, havaların istiləşməsinə görə xüsusi geyim, maska, gözlük, əlcəkdə işləmək də, nəfəs almaq da çətindir:

“Hazırda 3 minə qədər xəstə müalicə alır burada. Xəstə sayının artması və ağırlıq dərəcəsinin də çox olması bizim işimizi lap çətinləşdirir”.

Ən dəhşətli məqamlardan biri də ağır xəstələrin davamlı olaraq su istəməsi, lakin yalnız yarım saatdan bir 10 qram su verilməsidir. Bu, mədədəki suyun diafraqmanı sıxıb nəfəs almanı çətinləşdirməməsi üçündür.

Həkimlərdən biri xəstələrin yol verdikləri əsas səhvi açıqlayıb:

“Bəziləri düşünürlər ki, bu, adi soyuqdəymədir. Ona görə də həkimə gec müraciət edirlər. Həmin vaxta qədər isə artıq ağciyərlər sıradan çıxmış olur və onlara kömək etmək çətinləşir”.

Daha ətraflı videodan izləyə bilərsiniz:
XƏBƏR LENTİ
SORĞU