Sizin Reklam Burada

Azərbaycançılığın tarixi

Azərbaycançılığın tarixiKönül Şəkiyeva

Hər bir xalqın milli-mənəvi dəyərləri, milli ideologiyası, milli məfkurəsi var və bu onların kimliyini göstərir. Milli ideologiya xalqın passportudur desək yerinə düşər. Dünyada zəngin təbii sərvətləri ilə tanınan Azərbaycan dərin milli- mənəvi dəyərləri ilə də seçilir. “Türkçülük”, “islamçılıq” və “müasirlik” Azərbaycanlıların milli ideologiyasının əsasını təşkil edir. O cümlədən , bura Azərbaycan dili, tarixi, ədəbiyyatı,coğrafiyası, mədəniyyəti , incəsənəti və milli – mənəvi dəyərləri daxildir. Elmi dildə və fəlsəfədə bütün bunlara “Azərbaycançılıq” məfkurəsi və ya ideologiyası deyilir. “Məfkurə” anlayışı “ideologiya” anlayışından daha geniş və dərindir.

Biz bu məqaləmizdə ideologiyadan bəhs edəcəyik. Beləliklə, Azər-baycançılıq - ölkəmizin coğrafiyasında azərbaycanlıları tək vətən, suveren dövlət, bir bayraq və milli ideya ətrafında birləşdirən vahid ideologiyadır. XX əsrdə Azərbaycan xalqının ən böyük zəfəri müstəqil Azərbaycan Xalq Cümhuriyyətini yaratmasıdır. Azərbaycançılıq dedikdə söhbət təkcə o ideologiya bayrağı altında birləşən xalqın dilindən, dinindən, adət-ənənəsidən, mədəni-mənəvi dəyərlərindən söhbət getmir, milli sərvətlərin öyrənilməsi, qiymətləndirilməsi, qorunması və gələcək nəsilə çatdırılması da bu ideologiyanın əsas aspektlərindəndir. “Azərbaycançılıq ideologiyası”nın yaranması, nə vaxt və kim tərəfindən yaradılması haqda mülahizələr müxtəlifdir. İlk öncə ədəbi tənqidçi Nadir Məmmədlinin tədqiqatına nəzər salaq.Tənqidçi qeyd edir ki, “Azərbaycançılıq ideologiyasının tarixi-siyasi təməlləri də ilk dəfə özünü "Azərbaycan dövləti" adlandıran Atabəylər, tarixi torpaqlarımızı birləşdirən Səfəvilər və Cənubi Qafqazda suverenliyimizə yol açan Azərbaycan Xalq Cümhuriyyəti zamanında qoyularaq inkişaf etdirilmişdir. Sovet dövründə də müəyyən ideya və fəaliyyətlər çərçivəsində azərbaycançılıq yaşadılmışdır”.

Beləliklə tənqidçinin fikrindən aydın olur ki, “Azərbaycançılıq ideologiyası” hələ XII- XIII əsrlərdə Atabəylər dövləti zamanında meydana gəlib və Azərbaycan Xalq Cümhuriyyəti zamanında çiçəklənmə dövrünü yaşayıb. Tənqidçinin qeyd etdiyi kimi, Səfəvilər dövləti zamanında da Azərbaycaçılıq özünü göstərir. Səfəvi dövlətinin başçısı Şah İsmail Xətai 1501-ci ildə Azərbaycan dilini dövlət dili elan etməsi buna bariz nümunədir. Elə tənqidçinin qeyd etdiyi kimi Sovet dövründə də ədəbiyyatımızın inciləri yazıçı və şairlərimizin də ana dilimiz və Azərbaycan türklərinin necə adlandırılmağı uğrunda milli mübarizələrini misal göstərmək olar.


Ədəbiyyatşünas, ədəbi tənqidçi, Azərbaycançılıq kosepsiyasının tədqiqatçısı dəyərli alim Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycan dili , Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası kimi Azərbaycan ideologiyası da vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş övladlarına məxsusdur. Onun adı – AZƏRBAYCANÇILIQdır” .

N.Şəmsizadənin fikrincə, XII-XIV əsrləri Azərbaycan ideologiyasının təşəkkülündə milli təmayülə keçid mərhələsi adlandırmaq olar.

Müəllif həmin keçidi belə ümumiləşdirmişdi:
Abbasilər sülaləsi sayəsində Şərq elm və mədəniyyəti, fəlsəfəsi, düşüncə tərzinin zirvəsinə çevrilmişdi (750-1258).

XI-XII əsrdə türklərin Azərbaycana və Qafqaza üçüncü gəlişi baş verdi, 1038-ci ildə Şərqdə böyük Səlcuqilər türk imperiyasının əsası qoyuldu.

Azərbaycan xalqının etnogenezində yeni tarixi proseslər baş verir. Əvvəlcə Hülakülər (Elxanilər), sonra Atabəylər dövləti mühüm rol oynayır Yerli və gəlmə türklərin gen və din birliyi zəminində “XII-XIII əsrlərdən sonra “türk” özünüadlandırması vətəndaşlıq hüququ qazanır”. Məhz XIII-XIV əsrlərdən başlanan etnogenez proseslərin nəticəsində türk anlamı Azərbaycan millətinin adı kimi təfəkkürə və təkamülə daxil olur.

4) XIII-XIV əsrlər “Şərq tarixşünaslığının qızıl əsrləri” hesab olunur. Bu zaman fundamental Azərbaycan tarixşünaslığının əsası qoyulur, Əhməd Təbrizinin “Şahənşahnamə”, Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarix-i Şeyx Uveys”, Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl məratib” kimi qiymətli əsərlər yaranır. İlk dəfə məhz bu dövrdə bədii təfəkkürdə klassik ənənələrlə türk xalq poeziyası ənənələrinin sintezi başlanır və XVI əsrdə başa çatır. Bu isə ədəbiyyat və sənətdə millilik və bəşəriliyin vəhdətinə səbəb olur. XIV əsrdə Azərbaycan şairi İzzəddin Həsənoğlunun Misirdə türkcə “Divan”ı meydana gəlir.
Tədqiqatçı vurğulayır ki, XIX əsrdə maarifçilik ideologiyası əsasında yaranan “Əkinçi” qəzetinin və XX əsrdə yaranan “Molla Nəsrəddin” və Füyuzat” jurnallarının Azərbaycançılıq ideologiyasının formalaşnasında misilsiz xidmətləri olmuşdur. “Füyuzat” türkçülüyün, “Molla Nəsrəddin” isə azərbaycançılığın köhnə anlamla desək, bayraqdarı idi (Nizaməddin Şəmsizadə).

Nizaməddin Şəmsizadə “azərbaycançılıq ideyası” nın hələ M.Ə.Rəsulzadədən xeyli əvvəl də mövcud olduğunu irəli sürür. Müəllif qeyd edir ki, “ hələ 1890-cı ilin yanvarında “Tərcüman” qəzetində, həmin il noyabnn 16-da isə “Kəşkübdə “Azərbaycanlı” imzası ilə məqalələr çap olunmuşdu. 1891-ci ilin mayən 1-də “Kaspi” qəzetində Məhəmmədağa Şahtaxtlının “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində bu xalqı “azərbaycanlı” adlandırmaq tələbi irəli sürülürdü”.

Dövrümüzün filosofu Rafail Əhmədov da vurğulayır ki, “ AXC yaradıcısı M.Ə.Rəsulzadədən əvvəl də Azərbaycançılıq ideyası mövcud idi. Hələ 1891-ci ildə M.Şahtaxtlı “Kaspi” qəzetində belə bir məqalə çap etdirmişdi: “ Zaqafqaziya müsəlmanlarını “ necə adlandırılmalı? “. Bu xalqı yaxşı olar ki, “azərbaycanlı”, dilini də “Azərbaycan dili” adlandıraq. 1892-ci ildə K.Ünsizadə “Azərbaycan” adlı qəzet nəşr etməyə səy göstərmişdisə də, ona nail ola bilməmişdi. Çünki çar üsul idarəsinə və ermənilərə xalqın “tatar”, “müsəlman” adlandırılması daha sərfəli idi”.

Ədəbiyyatşünas, ədəbi tənqidçi , akademik İsa Həbibbəyli hesab edir ki, Azərbaycançılıq ideyasının tarixi qədimdir. Akademik vurğulayır ki, “Azər-baycançılıq ölkəmizdə ictimai-ədəbi fikir meydanına XIX əsrin ikinci yarısından etibarən gəlsə də, bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür tərzi ədəbiyyatın milli zəmində inkişafını müəyyən etmişdir”. Tədqiqatçı qeyd edir ki, “XII əsrdə Orta əsrlər poeziyasında "səbki-Azərbaycan" üslubunun geniş yer tutması xalqımıza məxsus ədəbiyyatı ümumtürk və Şərq-müsəlman poeziyası məkanında fərqləndirmiş, ön mövqeyə, böyük sənət miqyasına çatdırmışdır”. Bununla yanaşı İ.Həbibbəyli ”Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının Azərbaycançılıq ideologiyasının formalaşmasında rollarını xüsusi olaraq vurğulayır . “Molla Nəsrəddin” ədəbiyyatımızın və mətbuatımızın möhtəşəm azərbaycançılıq abidəsidir (İ.Həbibbəyli). Akademikin sözünə qüvvət olaraq biz də qeyd edək ki, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” adi müraciət deyil, məslək harayı ,Bütöv Azərbaycan üçün qəlbi yanan vətəndaş harayı idi. Bu harayla “Molla Nəsrəddin” Zaqafqaziyada və bütün Yaxın Şərqdə milli mənlik şüurunu oyatmağa nail oldu.

Ədəbiyyat siyahısı
Nadir Məmmədli ,Azərbaycançılıq milli inkişafın tükənməz ideoloji potensialı kimi
Nizaməddin Şəmsizadə ,seçilmiş əsərləri, I cild,Bakı-“Elm”,2008, 560s.
Rafail Əhmədov , Azərbaycan Araşdırmaları Vəqfi, Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri,”Ay-Ulduz”nəşriyyatı,Bakı-1998
İsa Həbibbəyli, Azərbaycançılıq konsepsiyası

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər