22 may 18:51Sosial

REGİONAL İDARƏETMƏ - yeniliyə ehtiyac zəruriətdən yaranır

REGİONAL İDARƏETMƏ - yeniliyə ehtiyac zəruriətdən yaranırSon aylar ərzində ölkəmizdə beş rayonun icra hakimiyyəti başçısının və çoxsaylı icra başçısının yerli icra nümayəndələrinin həbsi ümumilikdə bu strukturların fəaliyyətini kölgə altına salmış oldu. Və bu gün iş o yerə gəlib çatıb ki, artıq icra strukturlarında əsaslı islahatın aparılmasına ehtiyac duyulduğu hiss edilməkdədir. Bu gün icra strukturlarında islahata ehtiyac varmı, o cümlədən islahat aparılarsa o necə və hansı formada həyata keçirilə bilər. Müzakirə edilən məsələ ətrafında ciddi fikir ayrılığının olması göz önündədir. İstər sosial mediada, istərsə də elektron mediada aparılan müzakirələrdə iki əsas istiqaməti müəyyən etmək olar - mühafizəkar və islahatçı mövqeyində dayanan və hər biri də öz mövqeyini varlığı ilə müdafiə edənlər.

Mühafizəkarlar icra strukturlarında hər hansı bir dəyişikliyin edilməsini istəmirlər, bu dəyişikliklərlə razı deyillər. Yerlərdə bütün nəzarətin məhz siyasi rəhbər olaraq icra başçısı tərəfindən idarə edildiyini və başqa idarəetmə sisteminə keçilərsə bunun ağır nəticə verəcəyini ehtimal edirlər.

İslahatçılar isə əksinə regional idarəetməyə üstünlük verilməsinin tərəfdarıdırlar. Yəni inzibati rayonlarda idarəetmənin rayon səviyyəsinin ləğvi və onun regional səviyyəyə çatdırılmasını, inzibati rayonlarda isə idarəetmənin seçkili orqana-bələdiyyələrə verilməsini təklif edirlər.

Biz islahat tərəfdarı olduğumuzu qeydlərimizdə dəfələrlə yazmışıq və fikirlərimizi də əsaslandırmışıq.

Mövzudan kənara çıxıb islahata maraqlı olmayanların diqqətinə bir məqamı çatdırmaq istərdim. Cəmiyyətdə istənilən yenilik birmənalı qarşılanmır. İlkin dövrdə çətin həzm olunur. Bu məqam həmişə olub, yəqin ki, belə də olacaqdır. Lakin unutmayaq ki, hər bir yeniliyə ehtiyac zəruriətdən yaranır.

Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə ASAN XİDMƏT yaradıldı. Məqsəd aşağı səviyyədə olan özbaşınalığın, korrupsiyanın, süründürməçiliyin qarşısını almaqla ölkə vətəndaşlarında vətəndaş məmnunluğunu təmin etmək idi. Açıq etiraf edim ki, bir çoxları kimi özümdə bu prosesin necə həyata keçiriləcəyinə şübhə ilə yanaşırdım və nəticə də gözləmirdim. Lakin iş elə yüksək səviyyədə təşkil edildi ki, bu gün ASAN XİDMƏTimiz dünya brendinə çevrildi, çünki ölkə başçısı lazım olan kadrı lazımı yerə təyin etmişdi. Və qarşıya qoyulan məqsədə isə hazırda birmənalı olaraq çatmışıq, yəni aşağı səviyyədə olan özbaşınalığın, korrupsiyanın, süründürməçiliyin qarşısı demək olar ki alınıb.

Başqa bir məqama diqqət yetirək. Ötən əsrin 90-cı illərində çörək qıtlığı vaxtı çörək zavodlarının və mağazalarının özəlləşdirilməsi ciddi narazılıqla qarşılandı. Əhali prosesin icrasıyla razı deyildi, müəyyən gərginliklər hökm sürürdü. Lakin dövlət belə çətin durumda risqə gedib bu sahədə özəlləşdirməni reallaşdırdı. Nəticə göz qabağındadır. Bu gün dövlət müəyyən mənada çörəyin qiymətini nəzarətdə saxlamaqla bu sahənin inkişafına maraqlıdır və deyərdim problemdə yoxdur. Artıq vətəndaşda bilir ki, dövlət onun tərəfindədir.

Demək istəyirəm ki, regional idarəetmə prinsiplərinin ölkəmizdə tətbiqi nəticə etibariylə zəruriətdən yaranıb. Bu sahənin saxlanmasına kifayət qədər maliyyə vəsaiti ayrılır, üstəlik də, kommunal xidmətlərə çəkilən xərcləri də bura əlavə etsək samballı bir rəqəm alınar. Bundan başqa prosesin icrası nəticəsində yerlərdəki paralel strukturların olmasına da son qoyular. Beləki, bu gün hər kənd, qəsəbə və şəhərdə icra başçılarının yerli ərazi üzrə nümayəndəliyinin olması kimə lazımdır? Bu strukturlar kimə və nəyə xidmət edir? Belə götürsək, onda bəs bələdiyyələr kimə xidmət etmiş olur.

Açıq etiraf edək ki, yerli nümayəndələrin əsas məqsəd və məramı bilavasitə bələdiyyələrin işini “kontrolda” saxlamaq və onların fəaliyyəti barədə mütəmadi olaraq başçıya məruzə etməkdən ibarətdir. Bu faktı yəqin ki, heç birimiz dana bilmərik.

Bu gün təklif olunan regional idarəetmə ilə özümüzdən hər hansı bir “Amerika” açmırıq. Bizim təkliflərimiz məhz dünya təcrübəsindən qaynaqlanır. Bu gün nəhəng şəhərlərin idarəedilməsində dövlətin hər hansı bir rolu yoxdur. Bütün idarəetmə məhz yerli orqan-meriya (bələdiyyə) tərəfindən həyata keçirilir. Və göründüyü kimi, hələki hər hansı bir problem yaşanmayıb. Çünki bütün proseslər Qanun və normativ hüquqi sənədlərlə tənzimlənir, hər kəs, istər məmur, istərsə də vətəndaş öz məsuliyyətini dərk edir.

Hazırda Bakıda Böyükşəhər bələdiyyəsinin yaradılmamasının və Avropa Şurası qarşısında götürdüyümüz öhdəliyin yerinə yetirilməsinin kökündə hansı səbəb dayanır? Məgər idarəetməni bələdiyyəyə versək nə itirmiş olarıq?

Əslində heç nə, sadəcə öz işimizi yüngülləşdirmək niyyətində deyilik. İstəmirik. Marağında deyilik. Belə düşünmək olar ki, islahatın aparılmasına müəyyən dairələr tərəfindən dirənişin göstərilməsinin kökündə, fikrimcə, şəxsi maraqların milli maraqlardan üstün tutulması dayanır, desəm yəqin ki, yanılmaram.

Odur ki, ölkə başçısının da söylədiyi kimi, bütün sahələrdə, o cümlədən yerli icra strukturlarında “korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Beləliklə, əgər biz həqiqətən ölkəmizin inkişafı, vətəndaş məmnunluğunu təmin etmək istəyiriksə, onda sistemdə islahatın aparılması labüddür. Sadəcə islahat prosesləri elə aparılmalıdır ki, sonradan problem yaşanmasın.

Ölkə başçısı Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə apardığını və bu mübarizə bundan sonra da aparılacağnı qətiyyətlə bildirir. Prezident həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırıldığını və yol verilmiş bütün pozuntuların üzə çıxarılacağını əminliklə qeyd edir.

Belə düşünmək olar ki, icra orqanlarındakı mövcud olan neqativ halların qarşısının alınması, böyük həcmdə büdcə vəsaitlərinə qənaətin və ən əsası vətəndaş məmnunluğunun təmin edilməsi üçün icra strukturlarında islahatın aparılacağını indidən ehtimal etmək olar.

İnanıram ki, ölkə başçısı bu istiqamətdə də öz qətiyyətini nümayiş etdirərək özünün başladığı islahatı məhz idarəetmə sahəsində davam etdirəcəkdir.

Bizə isə yalnız bu işdə ölkə başçısına uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
XƏBƏR LENTİ
SORĞU