Karantin qaydalarını pozan şirkət direktoru həbs edilib

Karantin qaydalarını pozan şirkət direktoru həbs edilibDaxili İşlər Nazirliyinin şəxsi heyəti tərəfindən ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı aparılan məqsədyönlü mübarizə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, “Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, o karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Şahismayıl Orucov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.