Sizin Reklam Burada

"Altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib" - Nazir

"Altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib" - Nazir
"Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon insanımıza 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Sizin Sərəncamınızla sosial dövlət, sosial siyasət prinsipi rəhbər tutularaq ölkə üzrə bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksasiya olunub və bu islahat da Azərbaycanda bütün pensiyaçıları əhatə edib. Sizin qeyd etdiyiniz kimi, yaşa görə pensiya 330 manata, ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait bu vətəndaşlarımıza ödənilib. Əlavə olaraq bildirim ki, avtomatlaşma tədbirləri nəticəsində son 6 ayda artıq 64 min təyinat – pensiya, müavinət və təqaüdlər üzrə təyinatların 80 faizi tam şəkildə avtomatlaşdırılmış formada icra olunub".

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə bildirib.

S.Babayev bildirib ki, yaradılmış işçi qrupun hazırladığı tədbirlər planının məşğulluq, sosial məsələləri əhatə edən hissəsi, ümumilikdə, dörd istiqaməti əhatə edir və özündə on tədbiri ehtiva edir: "Bu on tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni, sosial paketin pandemiya əleyhinə mübarizə çərçivəsində görüləcək işlərə 400 milyon manatlıq bir paket ayrılıb. Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitlərdir, 200 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaradılmış ehtiyatıdır, 91 milyon manatı isə işsizlikdən sığorta fondunun vəsaitləri hesabına yönəldilən mənbələrdir. Ümumilikdə birinci istiqamətimiz məşğulluq üzrə dövlət sektorunda olan məşğulluğun qorunması və burada işsizlik riskinin yaranmaması idi. Bu çərçivədə 910 min insanımızın məşğulluğu tam şəkildə təmin olunur və onlarla bağlı hər hansı bir çətinlik meydana çıxmayıb. Digər bir istiqamətimiz qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə çalışan insanların qorunması idi. Bu sahədə də Sizin tapşırığınıza uyğun olaraq gündəlik nəzarət təmin edildi. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində nəinki qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı azaldı, əksinə, artdı və aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var. Bu, bir daha göstərir ki, özəl sektorumuz Sizin çağırışınıza çox aktiv şəkildə qoşuldu və bir tərəfdən inzibati tədbirlər, digər tərəfdən dövlət dəstəyindən yararlanmaq üçün əmək müqavilələrinin sayı da mütəmadi olaraq artır".

"Biz gündəlik dinamikaya nəzarət edirik, bu artım gündəlik dinamikada da özünü göstərir. Bu günə olan son rəqəm qeyd etdiyim kimi, yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi. İlk olaraq 50 min haqqıödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb. Bizim ehtimalımız ondan ibarətdir ki, on gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək.

Bu istiqamətdə ikinci əsas tədbirimiz ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Aprelin 7-də Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qaydalar qüvvəyə mindi və artıq ötən altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib. Bu məqsədlər üçün 14 milyondan artıq vəsait vətəndaşlarımıza ödənilib.

İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq",- deyə nazir vurğulayıb.

S.Babayevin sözlərinə görə, tədbirlər planının dördüncü istiqaməti xüsusi həssas təbəqənin qorunmasına yönəlib: "Bununla bağlı olaraq əvvəlcə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir. Burada da bizim biznes dairələrimiz Sizin çağırışınıza çox aktiv qoşuldular və artıq bu günə - aprel ayında 14 min belə ailəyə ərzaq yardımı şirkətlərimiz, təşkilatlarımız, dövlət qurumlarımız tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Bu da bir növ, bizim sosial tərəfdaşlarımızın Sizin çağırışınıza və sosial həmrəyliyə qoşulmasının göstəricisidir.

Ünvanlı sosial yardım şərtlərinin yüngülləşdirilməsi və xüsusi karantin rejimi dövründə vaxtı bitənlərin uzadılması nəticəsində 62 min insanı əhatə edən 14 min ailəni əlavə olaraq əhatə etməyi planlaşdırırıq. Bunun icrası olaraq bildirim ki, artıq bu günə 79 min ailə ünvanlı yardım mexanizmi ilə əhatə olunub. Aprelin 1-dən bu günədək 9 min ailə və ya 35 min insan bu proqramdan yararlanıb. Ümumilikdə 79 min ailənin 330 min üzvü məhz bu proqramla əhatə olunur.

Əlavə olaraq, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saatlıq əlavə güzəştin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu və bu da əhalimizə sosial dəstəyin bir növüdür. Eyni zamanda, təhsil alan və həssas kateqoriyadan olan tələbələrin dəstəklənməsi ilə bağlı müvafiq qaydalar da təsdiq olundu. Bu çərçivədə də 17 min tələbənin 2020-ci il üzrə təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə bu proqram, məşğulluq və sosial paket 2 milyon insanımızı əhatə edir və qısa müddət ərzində tam şəkildə icra olunaraq Sizə məruzə ediləcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər