09 apr 14:30Sosial

Regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub - Millət vəkili

 Regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub - Millət vəkiliMəzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


“Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir”

Artıq heç kəsə sirr deyil ki, postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımı olacaqdır. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta hazırki böhrandan öncə də dövlət gündəliyində mühüm yer tutur və hökümət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.

Bu məcrada Cənab Prezident İlham Əliyevin şəxsi iradəsi nəticəsində bu il keçirilən Davos Dünya İqtisadi Forumunda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzalanan niyyət protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri dövlət rəhbərliyinin ölkəmizi bu dəyişikliyin hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlir.

Lakin, sürətlə artan rəqəmsallaşma tempində bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar arasında, ikisinə ələlxsus toxunmaq istərdim. Həssas qrupların rəqəmsallaşmaya hazırlılığı və rəqəmsallaşmanın tarazlılığının təmin edilməsi, xüsusilə regional inkişaf perspektivindən. Spesifik olaraq, bu iki aspekti vurğulamam hazırkı vəziyyətdən öyrəndiyimiz bəzi təcrübələrlə bağlıdır. Məsələn, ən sadə misallardan biri kimi həssas qrupa aid etdiyimiz yaşlı nəslin nümayəndələrinin internet vasitəsilə geniş yayılmış müxtəlif xidmətlərdən istifadə və yararlanmaq bacarığının aşağı və yaxud heç olmamasıdır. Bu əhali qrupunun bir hissəsinin heç bu xidmətlər haqqında təəsüratı yoxdur və onlar müxtəlif müasir anlayışlar haqqında eşidəndə nədən söhbət getdiyini belə anlamırlar. Vəziyyət demək olarki əksər dövlətlərdə belədir. Və yaxud tarazlılığın təminatı mövqeyindən nəzər yetirdikdə müxtəlif onlayn xidmətlərin regionlarda yayılma səviyyəsini və populyarlığını öyrənmək yerinə düşərdi.

Nəticə çox güman ki bu xidmətlərdən istifadənin populyarlığının aşağı olduğunu göstərəcəkdir. Bu faktorlar inkişafın qeyri-barəbərsizliyinə yol aça bilər. Təkcə bu sadə misalları nəzərə alaraq, rəqəmsallaşmada regional tarazlığın qorunmasını və hər bir əhali qrupunun bu dəyişikliyə hazır olmasını daim gündəlikdə saxlamaq lazımdır. Bu eyni zamanda, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyin 10-cu Məqsədi olan bərabərsizliklərin azaldılması məqsədinin çağırışlarına xidmət etmiş olacaqdır.

Danılmaz faktdır ki, Cənab Prezidentin bilavasitə rəhbərliyi altında regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub. Bu məcrada, xüsusilə 2004-cü ildən icra olunaraq dörd illik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları” nəticəsində əldə olunan uğurları qeyd etmək olar. Bu Proqramlar çərçivəsində görülmüş mərhələli işlər nəticəsində regionlarda şəhər və kəndlərin siması köklü şəkildə dəyişmiş, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlmiş, regionların iqtisadi potensialı və əhalinin rifah səviyyəsi artmışdır. Bununla belə, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.

Bu dəyişiklik kontekstində böyük iş əhalimizin də üzərinə düşür. Bu məqsədlə, xüsusilə əhalinin yuxarı yaş kateqoriyalarının üzvlərinə inkişaf terminologiyası ilə desək “lifelong learning”, yəni “həyatı boyu öyrənmə” yanaşmasının aşılanması çox yaxşı olardı. Bu onların yeni düzənə uyğunlaşma tempini xeyli asanlaşdıracaqdır.
Eyni zamanda, alternativ və digər ölkələrin təcrübəsində özünü sınamış kompleks tədbirlərə də diqqət yetirmək olar. Bunlardan biri kimi “ərazi-əsaslı inkişaf” yanaşmasının (“area-based development” approach) ölkəmizdə mümkün tətbiqi öyrənilə bilər.

Bütün bunları nəzərə alaraq, sonda onu qeyd etmək istərdim ki, koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə hazırlanmış geniş əhatəli dövlət dəstəyi proqramlarının əsas özəlliklərindən biri onların Azərbaycanın böhrandan sonra hədəflədiyi iqtisadi modelin ehtiyaclarına və şərtlərinə uyğun olaraq hazırlanmasıdır. Bu məcrada, hazırkı yaranmış məqamdan eyni zamanda yuxarıda qeyd etdiyim məsələlərin öyrənilməsinə istifadə edərək, müvafiq nəticələri inkişaf planlarına inteqrə etmək uzunmüddətli inkişaf baxımından ölkəmizin maraqlarına xidmət edəcəkdir.

XƏBƏR LENTİ
SORĞU