20 mar 13:48Sosial

Rayonlardan gələn 2 mindən çox avtomobil Bakıya buraxılmayıb - RƏSMİ

Rayonlardan gələn 2 mindən çox avtomobil Bakıya buraxılmayıb - RƏSMİ
“Səhər saatlarına əsasən 2 mindən çox rayondan gələn nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılan nəqliyyat vasitələrdən 65 faizi Bakı-Ələt yolundan, yəni cənub istiqamətindən qeydə alınıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib.

“Geri qaytarılan nəqliyyat vasitələrindən 25 faizi Bakı-Şamaxı yolundan və 10 faizi də Quba istiqamətindən gələn nəqliyyat vasitələridir. Bizə hələ ki, Operativ Qərargahdan şəhərdən çıxışa məhdudiyyətin olması ilə bağlı məlumat verilməyib

Amma Bakı, Sumqayıt və Abşeron rayonlarında qeydiyyatda olanların ümumiyyətlə səfərə çıxmaması tövsiyyə olunub.”

K.Əliyev qaydaları pozan şəxslərə cərimə tətbiqi ilə əlaqədar qanunun qüvvəyə mindiyini də qeyd edib:

“Mövcud qaydaların pozulması ilə bağlı artıq İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsində müvafiq maddələr qüvvəyə minib. Cinayət Məcəlləsinin 139.1, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması xəstəliyin yayılmasına səbəb olarsa, və ya xəstəliyin yayılması üçün real təhlükə yaradarsa, o halda həmin şəxslərin 3 ilədək azadlıqlarının məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırmaq haqqında qanun qüvvəyə minib.

Eləcə də bu rejimin pozulmasına görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə olunması və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbslə bağlı, hüquqi şəxslərin isə 2000-5000 manat arasında cərimə olunması qanunu artıq qüvvədəir. Epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması ilə bağlı kimsə cəhd göstərərsə artıq o bilməlidir ki, bu maddələrlə məsuliyyətə cəlb olunacaq”.
XƏBƏR LENTİ
SORĞU