Səudiyyə Ərəbistanı Azərbaycana növbəti qurban yardımı göndərib - 5000 qoyun cəmdəyi - Məcburi köçkünlərə paylanılıb
Əvvəlki illərdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı «Qurban Əti İstifadəsi» layihəsi çərçivəsində Azərbaycana həcc mövsümündə qurban kəsilmiş 5000 xırdabuynuzlu heyvan cəmdəyindən (60000 kq) ibarət yardım göndərib.
İslam İnkişaf Bankı xətti ilə çatdırılan bu yardım Biləsuvar, Cəbrayıl və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərə paylanılması üçün 22 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.
Səfirlikdən Avrasiya.net-ə bildirilib ki. bu cür layihələr Səudiyyə Ərəbistanı Krallığının, dünyanın hər yerində yaşayan qaçqın və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Krallıq dünyanın ən böyük donor ölkələrindən və beynəlxalq inkişafın əsas tərəfdaşlarından biri hesab olunur. Belə ki, BMT-nin Maliyyə İzləmə xidmətinin (FTS) keçən ay yaydığı hesabata görə humanitar yardım göstərmək sahəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb ölkələri arasında birinci, dünyada isə beşinci yerdədir.
Krallığın göstərdiyi yardımların məbləği 1 milyard 281 milyon ABŞ dolları təşkil edib ki, bu da dünya üzrə humanitar yardımlara ödənilən ümumi vəsaitlərin 5,5% nisbətindədir. Ümumiyyətlə, Krallıq dünya üzrə humanitar xidmət sahəsində böyük təcrübəyə və keçmişə malikdir. Məhz bundan dolayıdır ki, ona “Humanizm Krallığı” adı verilib. Onun adı həmişə xeyrə, sülhə, səxavət və humanizmə səsləyən işlərlə yanaşı çəkilir.