Qənirə Paşayevanın dairəsində qutuya topa bülleten atılması təsdiqini tapdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 105 saylı Tovuz seçki dairəsi üzrə namizəd Raul Məmmədovun şikayətinə baxılıb.
Avrasiya.net xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, namizəd öz şikayətində seçki dairəsində qanun pozuntularına yol verildiyini iddia edib. İlkin Şahbazov araşdırma zamanı bu iddiaların təsdiqini tapmadığını vurğulayıb. O, DSK-nın qərarının qüvvədə saxlanılmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və MSK-nın ekspert qrupunun rəyi ilə qəbul edilib.
Müzakirə zamanı 28 saylı məntəqədə səsvermə qutusuna topa bülleten atılmasına dair iddia öz təsdiqini tapıb.
MSK sədri Məzahir Pənahov bu məqamın yekun protokolda öz əksini tapacağını vurğulayıb.
Qeyd edək ki, 105 saylı Tovuz seçki dairəsində lider namizəd Qənirə Paşayevadır.