15 fev 21:45Sosial

“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyil

“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyilƏliosman Qədimbəyli – “Medera” hospitalının neyrocərrahı. Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin “nömrə 1”-i. Sən demə, heç də orada təriflənən kimi deyil. Verilişin aparıcısı Xoşqədəm Hidəyatqızının göylərə qaldırdığı Ə.Qədimbəyli hospitalda başqa adammış. Düzdür, onun haqqında mediada mənfi fikirlər az da olsa yazılıb, elə onun qurbanına çevrilən xəstələrin özləri tərəfindən... eşitdiklərim də çox olub. Yazılanlara çox da inanmırdım. Qəsdən ola bilər, ittiham ola bilər, gözdən salmaq üçün söylənilən fikirlərola bilər deyə düşünürdüm.

Amma gördüklərim həm yazılanların, həm də eşitdiklərimin düz olduğunu üzə çıxardı. Həm də Ə.Qədimbəylinin TV-də göründüyü kimi olmadığını göstərdi.

Doğmalarımdan biri Ə.Qədimbəylinin pasiyentidir. Birinci dəfə sentyabr ayında onun yanında olub. Analizlər, rentgen, dərman.. haradasa 2500 manat xərci çıxıb. Amma heç bir faydası olmayıb, əksinə vəziyyəti daha da ağırlaşıb. 15 gün öncə ikinci dəfə Ə.Qədimbəylinin qəbuluna yazılıb. Növbədə 16-cı pasiyent olduğunu deyərək fevralın 13-də saat 13.00-da hospitalda olması mesajı alıb.

Nə isə... Onu mən apardım hospitala. İlk dəfəydi ora gedirdim. Ə.Qədimbəylinin qəbul otağı pasiyentlər və onlarla gələnlərlə dolu idi. Saat 1 idi, hələ 6-cı pasiyenti qəbul edirdi. Sən demə, Ə.Qədimbəylinin qəbuluna düşmək Çin səddini keçməkdən çox çətin imiş...

Qəbula gələnlərin narazılığı ilk olaraq məndə təəssürat yaratdı ki, “Səni axtarıram”da bəh-bəhlə təriflənən Ə.Qədimbəyli, o, deyil. Narazılıq əvvəlcə sistemsiz şəkildə pasiyent qəbulu ilə bağlı oldu. Qəbula yazılan manitor söndürülmüşdü. Kənar şəxslərin həkim tərəfindən qəbul edilməsi 15 gün əvvəlcədən yazılan pasiyentlərin haqlı narazılığına səbəb olduğundan hay-küy qopdu. Əvvəlcə Xocalıdan qaçqın düşən bir yaşlı qadın gileyləndi: “Hələ gəlməmişdən qabaq dedim ki, ay qızım, təzyiqli, qoca adamam, gəlib orada çox gözləməyim. Həm də ağrıyıram, otura bilmirəm. Dedi, yox, saat 9-da burada olun. 5 saatdır gəlmişəm amma hələ də gözləyirəm”.

Dəhlizə təzə çıxmışdım ki, bir oğlanın daha ucadan etirazıni eşidib qayıtdım qəbul otağına: “Pulumu da verim, canımı da verim. Bir xəstəlik sağalmamış o birini verirsiz, bəsdirin də. Saat 9-da gəlirik, deyirlər həkim əməliyyatdadır. Milləti yığmayın da boğaza...”

Bizim də aqibətimizin belə olacağını, saatlarla burada gözləyəcəyimizi göz önünə alıb mən də səsimi ucaltdım, özü də tamam başqa formada.

İnsafən, Neyrocərrahiyə şöbəsində əyləşən işçilər hadisələri kənardan sakitliklə seyr edirdilər.

Ə.Qədimbəylinin xəstələri qəbul etməsi prosesi divara vurulan bildiriş xarakterli məlumatlar kimiydi...
“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyil
Saat 13.00-dan 17.00-dək 5 xəstə qəbul olundu. Deməli, Ə.Qədimbəyli saatda 1 xəstəni qəbul edir.

Narazılıqlar get-gedə çoxalırdı, özü də rayondan gələnlər tərəfindən. Ə.Qədimbəyli isə burada baş verənləri ancaq kabinetində rahat oturub monitor vasitəsilə seyr edə bilirdi.

Qapıda dayanan oğlandan soruşduq ki, səsimiz doktora gedib çıxırmı, yəni, burada danışdığımızı monitor vasitəsilə eşidirmi? Cavab verdi ki, yox, ancaq görüntünü izləyir. Təəssüfləndik. Ona görə ki, istəyirdim özü bu narazılıqları eşitsin və pasiyentlərini incitməmək üçün fikirləşsin.

Saatlarla həkimin qəbulunu gözləyənlərdən biri də Masallının Türkoba kənd sakini Elmar Şirvanlının anası, qardaşı və bir də oğlu idi. Ana dedi ki, iki gündür yollardadırlar: “Həkimin özü ilə danışmışam. Sonra Nüsrətə (pasiyentlərin qəbulunu aparan şəxs) zəng vurmuşam. Dedilər ki, gəl. Saat 9-da gəlmişəm, amma deyirlər ki, adın yoxdur qəbula gələnlərin siyahısında. Hətta 50 manat da ödəniş etmişəm. Əslində ödəməli deyiləm. Təkrar Maqnit rezonans tomoqrafiya (MRT) etdirsəm saat 11-ə çəkəcək”.

Elmarı da söhbətə çəkdik. Sən demə, 6 ay öncə Ə.Qədimbəyliyə 6 min manat pul verib boyun nahiyəsindən əməliyyat olunub: “6 min ora verdim, 4 min manat da dərmanlara. 6 ayda 10 min manatım çıxıb, amma vəziyyətim ağır olaraq qalır. Tikintidə fəhlə işləyirdim, boynumda ağrılar vardı, gəldim bura əməliyyat olundum. Bir qolum tutulub, ayağım işləmir... Bura gələndə top kimi idim... Deyirlər ki, bir il belə olacaq, sonra düzələcək. Bilmirəm, necə olacaq”.

Söhbətə onun dayısı (uca səslə narazı olanlardan biri), sonradan anası qoşuldu. Anasının dediklərindən: “Həkim deyir ki, Allaha dua, şükür et ki, sağalsın. Mən də bütün günü dua edirəm. Qohum, əqrabadan boc almışam, kasıb adamam...”. Maraqlı sual yarandı – Allaha eilən dua ilə xəstəlik sağalacaqdısa, daha xəstələr Ə.Qədimbəylinin yanına niyə gəlirlər ki?

...Bir neçə saatdan sonra onlar Ə.Qədimbəylinin qəbulunu düşə bildilər. Kabinetdən çıxanda Elmarın anası: “Həkim dedi ki, hələ 4-5 il belə olacaq”... Elmarın anasının üzündən narazılıq açıq-aşkar hiss edilirdi.

Bir müddətdən sonra Ə.Qədimbəyli “qeybə” çəkildi. Qəbula gələn pasiyentlər işçilərdən onu soruşduqda, dedilər ki, təcili əməliyyata gedib. Hansı qapıdan çıxdığını görən olmadı. Yarım saatdan sonra yenidən kabinetində peyda oldu. Bir pasiyenti qəbul etdikdən sonra, qapılar yenə üzümüzə bağlandı. Bu dəfə namaz qıldığı söylənildi...

Saat 7 olardı, hələ qəbulda 5 pasiyent gözləyirdi. Nüsrət dedi ki, həkim də narazılıq edib ki, bu qədər adamı niyə çağırmısız bura, amma hamını saat 9-adək qəbul edəcək. Resepşində əyləşən xanım isə sabaha qəbula gələcək pasiyentlərə bir-bir zəng edirdi. Bu zaman yenə dilim dinc dayanmadı: “Ay xanım, onları da çağırıb yığacaqsız bura və bizim kimi incidiləcəklər. Olmazmı ki, 10 pasiyenti yazasız qəbula, onlar da rahatlıqla həkimin qəbuluna düşsünlər və buradan incik, narazı getməsinlər... Sizin həkim, vətəndaşların hüquqlarını niyə pozur, TV-də dini ayələr, rəfayətlər, ibratamiz fikirlər söyləyir. Amma burada xəstələri incidir, belə həkim olmaz...”

Qəbula gələn qadınlardan biri: “Ay müəllim, bir az yavaş danış, bura özəldir...”

Elə hamının eşidə biləcəyi uca səslə dedim ki, özəl də olsa, Ə.Qədimbəylinin pasiyentlərin hüquqlarını pozmağa, onları incitməyə, narazı salmağa haqqı yoxdur: "Mən haqqımı tələb etməyim, siz etməyəsiz. Susaq, nədən? Pul verib müayinəyə, müalicəyə gəlirik, nədən haqqımızı tələb etməyək. 7 saatdır ayaq üstəyəm. Rayonda körpəsini qonşuya qoyub gələn var. Bu gecə vaxtı necə qayıtsın evinə, harada qalsın..."

Təbii ki, hamının ürəyindən keçən fikirlər söylədiyimdən razılıqla qarşılandı.

Hə, bu arada onu da deyim ki, həmin şöbəyə, hər bir xəstəxanada olduğu kimi alverçi də gəldi. Hər iki əli dolu sumkalarla. Əvvəlcə Resepşində mallarını nümayiş etdirdi, daha sonra Ə.Qədimbəylinin otağına daxil oldu. Bir saata yaxın orada qaldı... Daha bilmədik, həkimlə alver edirdi, yoxsa oradakı tibb işçiləri ilə.

Qəbula gələnlərdən biri ilə həmsöhbət olduq. İmişlidən gələn Əliyeva Aygün. Aygün xanım bacısı ilə gəlmişdi və bacısı da əsəbləşmişdi. Gecəni burada yatacağını, heç yerə getməyəcəyini deyirdi.

Axı neyləsinlər, qınamaq olmur. Rayondan gəliblər, axşam saat 9-da hansı avtobus rayona işləyir ki, həm də gecə vaxtı uzaq yol getmək də qorxuludur. Bakıda da qalmağa yer yox. MRT də MTN-ni hospitalında olunmalıdır. Hospitalda bağlı. Gərək sabahı gözləsinlər. Ə.Qədimbəyli belə qayda qoyub.

Məgər, “Medera” kimi tanınmış klinikada MRT edilmir, nədən Ə.Qədimbəyli xəstələri məhz ora göndərir? Bəlkə ora göndərdiyi xəstələrin MRT-yə verdikləri pullardan da faiz götürür? Nə bilmək olar..

Aygün xanım dedi ki, “Səni axtarıram”ın göndərişi ilə (göndərişi bizə göstərdi) gəlsə də MRT-yə 320 manat pulu çıxıb: “Əliosman Qədimbəyli göndəriş yazdı ki, get MTN-ni hospitalına. Mən də getdim, elə bildim ki, pulsuz olacaq. Dedim məni “Səni axtarıram”dan göndərişlə gəlmişəm, həm də Əliosman həkim göndərib. Dedilər ki, kim göndərsə də kassaya pul ödəməlisiz. Üstümdə pulum az idi, zəng etdim gətirdilər. MRT pullu idisə daha mən niyə Xoşqədəimin verilişinə çıxırdım, niyə mənə deyirdilər ki, müayinəniz, analizləriniz pulsuz olacaq”.

Aygün xanım onu da dedi ki, amma Əliosman həkimin qəbuluna yazılmaq üçün 50 manat pul ödəməyib: “Əgər bunu nəzərə alıb hər şey pulsuzdur deyirlərsə nəyimə lazım idi ki, 50 manata görə efirə çıxım. Hələ həkim deyir ki, çanağın rentgeni sənə hədiyyədir. Məgər mən çanağımdan şikayətliyəm? Boynum və belimdə ağrılar var”.

Bu arada orada əyləşənlər hamısı dedilər ki, Ə.Qədimbəyli hamıya çanaq rentgenini hədiyyə edir.

Aygün xanım söhbətinə davam etdi: “320 manat ora verdim, İmişlidə rentgenin qiyməti 80 manatdır. Özüm Füzulidə 70 manata etdirmişəm. MTN-ni hospitalından aldığım cavablarla eynidir”.

Aygün xanım yollara bu qədər pul tökdüyündən və Medera-ya gəldiyindən peşman olduğunu dedi: “Girəcəm qəbula dərmanı da pulla yazsa, daha məndən inciməsinlər”.

Nəhayət, həkimin qəbuluna düşə bildik. Telefonlar əlimizdən alındı...Bircə o qalmışdı ki, üst-başımız yoxlanılsın...

Pasiyenti müalicəsinin heç bir nəticə vermədiyini, yazdığı dərmanların qəbulu zamanı halsızlıq və baş gicələnmə olduğunu nəzərinə çatdırdıqda Ə.Qədimbəyli, müalicə müddətinin 4-5 il çəkəcəyini dedi. Deməli, 4-5 il ərzində hər 4 aydan bir 50 manat verib qəbuluna yazılmalısan, 180 manat qan analizinə verməlisən, 150 manat verib MRT-dən keçməlisən, üstəlik dərmanlara verilən pullar. Hələ hər müalicə kursunda fizioterapeya xidmətini demirəm. 15 gün, hər günü 60-70 manat. Hər kursda 2 min manat xərclə. İldə 6-7 min manat, üstəlik qəbulda gözləmələr, yol xərci, əsəb, stress və s... Hələ 4 ildən sonra xəstə sağalacaq ya yox, bunu heç Ə.Qədimbəyli də təminat vermir...

Yenidən pasiyenti MTN-nin hospitalına MRT-dən keçməsini bildirdi və göndəriş yazdı. Üstəlik analizlər... Analizlər də verildi, MRT-dən də keçildi. Amma analizlərin cavabına baxıb resept yazmaq üçün Ə.Qədimbəylinin qəbulunu 15 gündən sonra düşmək lazımdır. 15 gündən sonra qəbula yazıl...

Ə.Qədimbəyliyə niyə vətəndaşların bu qədər qəbul otağında gözlətdiyinin səbəbini soruşdum. Cavabı belə oldu: “Acil əməliyyatlar olur...”Çox dərinə getmədim, həm yorğunluq, həm də qəbulda gözləyən pasiyentlər, yaxınlarını düşündüm... Otağından tez çıxdım, o qədər narazı və incik düşmüşdüm ki, heç sağollşmadım da...

Ə.Qədimbəylinin belə görüntü yaratmağı başadüşüləndir. Özünü cəmiyyətə əlçatmaz kimi təqdim etmək düzgün seçim deyil. Müalicəsinin effekt verib, verməyəcəyini bir kənara qoyuram. Bir pasiyenti, əli uşaqlı, qoca, ağbirçək, uzaqdan, yaxından gələni qapısından narazı, incik salan Ə.Qədimbəyli efirdə müqəddəslərimizdən sitatlar gətirir. Fərqə baxın. TV-də “sabah gələrsiz yanıma” deyir. Amma otağının qarşısında yapışdırılan elanda yazılıb:
“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyil

Bax beləcə... Gördüklərimi əvvəlcə yazmaq istəmədim. Amma elə orada hamının yanında uca səslə işlətdiyim fikir yadıma düşdü: “Etirazımı bildirməliyik. Hərəmiz müxtəlif yerlərdən gəlmişik, burada üzləşdiyimiz süni əngəlləri gedib yaxınlarımıza, dostlarımıza danışmalıyıq. Belə bir yerdə vətəndaşlara verilən dəyəri ictimailəşdirməliyik. Mən də təbii ki, gördüklərimi mediada yayacam”...

Sözümü tutub yazdım. Bu, mənim vətəndaşlıq borcumdur.

Ə.Qədimbəylinin də mövqeyini dərc etməyə hazırıq.

Cavid
XƏBƏR LENTİ
SORĞU