11 fev 14:57Sosial

Bu mənim üçün ilk və uğurlu bir təcrübə oldu - Emin Əliyev hamıya təşəkkür edib

Bu mənim üçün ilk və uğurlu bir təcrübə oldu - Emin Əliyev hamıya təşəkkür edibEmin Əliyev

Əziz zəngilanlılar, əziz qubadlılılar, əziz yerlilərim!

Seçkilər bitdi və qalib gələn gəldi, məğlub olan oldu! Qaldı bu qalibiyyəti və məğlubiyyəti həzm etmək!
Mən seçkini uduzanlardan oldum. Hal-hazırda məğlubiyyətimin obyektiv və subyektiv səbəblərini araşdırırıq... gələcək üçün araşdırırıq!

Bu mənim ilk təcrübəm idi və hesab edirəm ki, uğurlu bir təcrübə oldu! Çünki komanda yoldaşlarımla birlikdə dünyanın qabaqcıl seçki modellərinin elementlərini tətbiq edirdik. Yaddaşımdan silinməyəcək nüanslar çox oldu, amma ən sonuncusu məni duyğulandırdı.

Seçki günü Masazır Zəngilan şəhərciyində 2 saylı seçki məntəqəsinə baş çəkmək üçün gedirdik. Məntəqənin önündə bir uşağın məni göstərərək anasına nəsə dediyini və onu bizə sarı çəkdiyini gördüm. Yaxınlaşdım uşağa, sığalladım onu. Anası mənə dedi ki, övladım məni məntəqəyə gətirib ki, Eminə səs ver! Sonra eşitdim ki, uşaq mənlə şəkil də çəkdirmək istəyibmiş. Mütləq o uşağı görüb, şəkil çəkdirib, paylaşacağam!

Həmişə demişdim və bu gün də deyirəm, bizim üçün insanların sevgisi onun səsindən əhəmiyyətlidir! Biz bu sevgini qazandıq və bu sevgi ilə onlara xidmətə davam edəcəyik!

09 fevral mənim üçün son deyil, əksinə, böyük məsuliyyətli bir fəaliyyətin başlanğıcıdır! Yolumuz uzundur! Boş iş, boş danışıq, şou bizə yaddır!

Hər kəsin bilməyini istərdim, mən həmişə fəxr etmişəm Zəngilanlı olmağımla! Bu gün də onlara xidmət üçün varam!

Bir daha bu şərəfli yolda mənə dəstək vermiş, namizəd olmaq üçün imzasını vermiş, mənə səs vermiş bütün yerlilərimə təşəkkür edirəm. Mənə media dəstəyi vermiş əziz dostlarım Cavid Şahverdiyevə, Tarana Şükürlüyə, Vüqar Həsənov Teymur Müskanlıya, Rafael Rustamova, Royana Cafarə, adını bilmədiyim daha nə qədər şərəfli media adamlarına təşəkkür edirəm. Bütün dostlarıma, komanda yoldaşlarıma təşəkkür edirəm.

20 gün səbr və təmkinlə üzümüzə qapılarını açan yerlilərimizə təşəkkür edirəm. Digər namizəd qardaş və bacılarımıza təşəkkür edirəm və onlara uğurlar arzulayıram.
Valideynlərimə, ailəmə və övladlarıma təşəkkür edirəm. 20 gün məni görmədilər demək olar ki evdə. Və səbr etdilər, dözdülər... çox şeyə dözdülər...

Əziz yerlilərimdən də bir xahişim var! Onlara verdiyimiz platformanı saxlasınlar. Biz orada qeyd etdiyimiz işləri bir-bir edəcəyik, mandat sahibi olmadan da!
XƏBƏR LENTİ
SORĞU