Sizin Reklam Burada

ƏMRAH FƏQANOĞLU: “Yaşam məhkumluğumun qısa tarixçəsi…”

ƏMRAH FƏQANOĞLU: “Yaşam məhkumluğumun qısa tarixçəsi…”Kimin üçünsə “indi həyata “qara mərmər”dən baxmalı olan”, kimin üçünsə “hələ gənc və xarizmatik” adam…

Allah normalda insana guya yüz il ömür verib də… Normalda. Amma Bəxtiyar Vahabzadə demiş, doğulmamış ölənlər də var.. Hətta, kəpənək ömrü qədər ömür yaşayanlar. Başqa bir şairimizsə yüz yaşaya bilməməyin günahını adamların öz boynuna yıxıb: “hər kəs yüz il yaşamasa, günah onun özündədi”, filan…
Mənə görə isə, qəflətən ölüb-eləməsəm, bundan belə ömrümün üçdə biri qala, ya qalmaya… Kiminə görə, mənim tay-tuşlarım artıq həyata “qara mərmər”dən baxır, kiminə görə, yəqin ki, “meşədə mən yaşda ağac qalmayıb”, kiminə görə “hələ yaşanası illərim qarşıdadı”, xətrimi istəyən dostlara görə “nə yaxşı ki, varam”, övladlarım Aydan və Kənana görə “xarizmatik və cavan atayam”, ömür-gün yoldaşıma görə “ailənin dirəyiyəm” və sair…

Qarlı qış günündə doğulmuşam – fevralın 10-da, 69-da, Ağsu rayonunun Pirhəsənli kəndində… 17 yaşımda kənddəki orta məktəbi yalnız “əla ” qiymətlərlə bitirmişəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmaq üçün iki qabiliyyət imtahanı verib (“Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində, “Pioner”, “Kənd həyatı”, “Təşviqatçı” jurnallarında çıxan məqalələrimi, hekayələrimi təqdim etməklə), 3 fənn imtahanının hamısından uğurla keçsəm də, başlıca tələb kimi qoyulan 2 il iş stajım olmadığına görə həmin il tələbə adını qazana bilmədim. Amma ruhdan düşmədim.

2 il Tallinndə hərbi xidmət keçdim, komandir məktəbində oxuyub, dəstə kiomandiri, eyni zamanda bölük komandirinin müavini oldum. Baltikyanı hərbi dairəsinin mətbu orqanı olan “Za rodinu” (“Vətən uğrunda”) qəzetində mütəmadi olaraq məqalələrlə çıxış etdim. Həmin illərdə Ümumitifaq komsomolunun “Fərqlənməyə görə” döş nişanı ilə təltif edildim. Hərbi xidmətdən baş serjant rütbəsi ilə tərxis olundum. 1990 -cı ildə yenə də iki qabiliyyət imtahanından keçib, ən yüksək qiymətlərlə çoxdan arzusunda olduğum Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum.

Tələbəlik illərində Azərbaycan televiziyasında “Dövrə” tələbə proqramı, “Gör -götür dünyası “, “İkimiz” verilişlərinin, Azərbaycan radiosunda “Səhər”, “Gənclik”, “İki dəfə iki”, “Mövqe”, “Ovqat”, “Haydı, idman” və s. verilişlərin ssenari müəllifi və aparıcısı oldum. Sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətində, “Avrasiya ” qəzetində, “İki sahil ” qəzetində çalışdım. “İki sahil ” qəzetində çalışdığım dövrdə Prezident Aparatına, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına akkreditə olunmuş jurnalist kimi mənə tapşırılan vəzifələri şərəflə yerinə yetirdim. 2002-ci il sentyabrın 22-23-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Rusiyaya edilən rəsmi səfər çərçivəsində Moskvada, Kreml Sarayında olmağım, Vladimir Putinlə keçirilən mətbuat konfransına qatılmağım, Prezident İlham Əliyevin qırmızı diplomla bitirib, alimlik dərəcəsi aldığı, bir müddət dərs dediyi Moskva Beynəlxalq Münasibətlər Universitetində keçiriləm təntənəli mərasimdə iştirakım, 2003-cü ilin payızında Prezident İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında onunla birlikdə regionlara səfərlərim jurnalistlik tərcümeyi -halımda qızıl səhifələrdəndir.

Daha sonra SOCAR-ın Sosial İnkişaf İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri kimi dövlətimizə xidmət etməkdən qürur duymuşam. ƏƏSMN-in mətbuat xidməti rəhbərinin müavini vəzifəsində iki il çalışmağımın ardından 2018-ci ilin avqustundan İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentində illərin mərd dostu, əməkdar jurnalist, işlə bağlı öz prinsipiallığı ilə seçilən Murad Hüseynovun təşəbbüsü ilə böyük redaktor kimi mənə həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıram. Komandamız möhtəşəmdir, hamı öz işinin peşəkarıdır.
Mətbuat sahəsində xidmətlərim “Media açarı” və ” Qızıl qələm” media mükafatları ilə qiymətləndirilib. Çoxsaylı müsabiqələrin, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı keçirilən Ombudsman müsabiqəsinin qalibi olmuşam, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə hüquq üzrə 1 illik kurs keçib, sertifikat almışam, həmçinin, Misirdə də 25 günlük beynəlxalq jurnalistika kursunda iştirak edib, sertifikat qazanmışam.

“Şəfəqi solmayan ömür” və “Gözümü açandan Vətən sən oldun!” adlı iki kitabım dövlət qrifi ilə nəşr olunaraq, oxucularıma təqdim olunub. “Ulduz” jurnalında işıq üzü görən “XEYİR” adlı satirik hekayəm əsasında film çəkdirmək yaradıcılıqla bağlı arzularımdandır. Həmçinin, mütəmadi olaraq saytlarda aktual mövzularla bağlı köşə yazılarımı təqdim edirəm. Yazılarım Prezidentin elektron kitabxanasının kataloquna daxil edilib.

Əlli bir illik ömrümün 36 ilini mətbuat sahəsində olsam da, heç bir mükafat, hədiyyə umacağım yoxdur. Dövlətdən nə fəxri ad, nə medal, nə də mənzil almışam. Müstəqil Azərbaycan dövlətimizə, xalqımıza şərəflə xidmət etməyim müqabilində qazandığım başucalığı mənim üçün ən böyük mükafat, ən qiymətli təltifdir. Bir də ki, çətin günün dayağı olan dostlarım.

Övladlarımın hər ikisi ali məktəbə yüksək balla qəbul olunub, dövlət hesabına ali təhsil alıb, bakalavr və magistr pillələrini “əlaçı” və “zərbəçi” kimi başa vurublar, staj tələbi səbəbindən Kənan hələki neft mühəndisi kimi iş axtarışındadır. Onun Mill Ordu sıralarında qüsursuz xidmət edərək, xüsusi təşəkkürnamə ilə tərxis olunması da bir valideyn kimi mənim üçün böyük qürurdur. Ali Baş Komandanımız başda olmaqla, Allah bütün hərbçilərimizi qorusun! İnşallah, tezliklə Qələbə xəbəri eşidək! Xalqımız üçün bundan gözəl, bundan möhtəşəm xəbər ola bilməz!
Hələki Allahın verdiyi ömür payını yaşamağa davam…

Əmrah Fəqanoğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər