Sizin Reklam Burada

Emin Əliyevin seçicilərə MÜRACİƏTİ

Emin Əliyevin seçicilərə MÜRACİƏTİ125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən
millət vəkilliyinə namizəd Emin Əliyevin seçicilərə müraciəti


Əziz zəngilanlılar və qubadlılılar, əziz yerlilərim!

Artıq seçki təbliğat-təşviqatı dövrünün sonudur. Bu müddət ərzində minlərlə yerlilərimizlə ünsiyyətdə olduq, sevindik, dərdləndik, kövrəldik, ruhlandıq, doğru yolda əzmlə addımladığımıza daha da əmin olduq! İnsanlarımızı daha da yaxından tanıdıq, daha da çox sevdik, daha da çox sevildik. Mən bu prosesə qoşulanda “bu yolda insanlarımızın sevgisi onun verəcəyi səsdən daha da əzizdir, əhəmiyyətlidir” demişdim. Bu gün əminəm ki, mənim Zəngilanı və Qubadlını, zəngilanlını və qubadlılını və bütün Azərbaycanımızı və azərbaycanlılarımız sevdiyim kimi mənim əziz yerlilərim, həmvətənlərim də məni sevdi və mənə qucaq açdı! Buna görə də mən artıq qalibəm!

Əziz ağsaqqallar, ağbirçəklər, xalqımızın bərəkət və nur mənbələri olan böyüklərimiz!

Mən sizləri böyüklərə hörmət, kiçiklərə mərhəmət prinsiplərimə uyğun olaraq daim başımın-gözümün üstündə bilmişəm və bunu hər birinizlə görüşdə sizlərə münasibətimdə göstərmişəm. Böyüklərimdən belə görmüşəm və övladlarıma da bu tərbiyəni vermişəm və verirəm! Sizlərlə görüşdə sizin xeyir-dualarınızı almaqdan başqa, həyat və peşə təcrübələrinizi də mənə verməyiniz məni daha da gücləndirdi və mən 20 gün əvvəlki EMİN ƏLİYEV olmadığımı hiss edirəm. Daha güclü, daha əmin bir Eminəm. Bu minvalla davam edərək daha da güclü bir insan olaraq Milli Məclisə daxil olacağıma və millət vəkili kimi sizlərə xidmət edəcəyimə əminliyi məndə məhz siz yaratdız. Buna görə də mən artıq qalibəm!

Əziz şəhid və qazi ailələri, millətimizin, dövlətimizin dayaqları!

Sizlərlə görüşlər mənim üçün bir “vətənpərvərlik universiteti”ndə mühazirələr kimi idi. Mən sizlərin təmkininizdə, susqunluğunuzda, dik duruşunuzda nələr-nələr öyrəndim! Mən bu igidləri yetişdirən insanları qucaqlayıb, bağrıma basmağı dünyanın heç bir nemətinə dəyişməyin mümkün olmadığını ruhuma qədər həzm elədim. Mən sizlərdən Zəngilanımın, Qubadlımın, Şuşamın, Kəlbəcərimin, Ağdamımın, bütün Qarabağımın qoxusunu aldım. Sizin əllərinizdən öpürəm, var olun! Sizləri daha yaxından şəxsən tanımağım ən böyük qazanclarımdandır. Buna görə də mən qalibəm!

Əziz gənclər, bu dövlətin gələcəyi olan xoşbəxt qardaş və bacılarım!

Milli qanunvericiliyə görə mən artıq gənc sayılmıram və buna görə bir az da sizləri qısqanıram ki, bu pozitiv addan artıq bir neçə ildir ki, uzaqlaşmışam. Siz xoşbəxtsiniz. Siz ona görə xoşbəxtsiniz ki, 3000-dən çox milləti olan dünyada 200 dövlətdən birinin-AZƏRBAYCANın və onun şanlı bayrağının altında yaşayan və onu gələcəkdə inkişaf etdirmək potensialında olan insanlarsınız. Mən ən gənc yaşlarımdan gənclərin-tələbələrimin yanında olmuşam, bütün karyeram boyu gəncləri özümə əziz bilmişəm və dəstək vermişəm. Təhsilləri ilə yaxından maraqlanmışam və yardımçı olmuşam. Xüsusilə qızlarımızın savadlı olmasını təqdir və təşviq etmişəm. Qızlarımıza sadəcə potensiallı kadr kimi deyil, eyni zamanda növbəti “gələcək zamanlar” üçün əxlaqlı, tərbiyəli, bilgili, intellektli, vətənpərvər, mərd, dürüst insan yetişdirəcək ANA kimi dəyər vermişəm. Bizim nəsillər hələ daha da çox dəyişəcək, inkişaf edəcək, irəliləyəcək və məqamı gələndə dünyanın qabaqcıl dövlətinin vətəndaşı olaraq dünyaya meydan oxuyacaq! Mən buna əminəm və bu yolda çiyinlərimi bu gəncliyin ayaqları altına verməyə hazıram. Gənclik dürüstlük deməkdir, gələcək deməkdir, mən də dürüstlüyün və gələcəyin yanındayam! Buna görə də mən qalibəm!

Əziz aydınlar, ziyalılar, alimlər, bu dövlətin siması, qəlbi nurlu insanları!

Hər bir millət alimi, ziyalısı, aydını ilə sayılır və seçilir. Mənim yerlilərim zəka sahibidir, alimi, ziyalısı çoxdur. Amma mən təəssüf edirəm ki, onlar çox nadir hallarda ortalarda görsənir, təbliğatları aparılır. Mən də daha gənc vaxtlarımda tarixçi alim olmaq üçün çox çalışmışam, alimin, ziyalının, aydının yanında olmuşam və onlardan güc, bilik, elm, məsələlərə hərtərəfli baxış, məntiqli fikir, emosianal düşüncə vərdişlərinə yiyələnmişəm. Bundan sonra da onların yanında olmağı həyat prinsipim olaraq qəbul etmişəm. Biz dünyanı ancaq və ancaq elm və alimlərlə abad edə bilərik. Bunun alternativi yoxdur! Bu cür düşüncə sahibləri olan yerlilərimi gördüm, tanıdım, sevdim! Buna görə də mən artıq qalibəm!

Əziz seçicilərim, dayaqlarım!

Bu 20 günlük kampaniyada mən səmimiyyətimlə sizlərin məhəbbətini, xeyir-duasını və səsini qazanmaq üçün çalışdım, ayağınıza gəldim. Mənim tərcümeyi-halım şəffafdır, həyat tarixçəm ləkəsizdir. Mən bu günə qədər çalışdığım yerlərdə insanlara fayda vermək üçün çalışmışam və 09 fevraldan sonra da nəticələrdən asılı olmayaraq bu amala xidmət edəcəyəm. Bu gün böyük bir fürsət yaranmışdır ki, 80 minlik Zəngilan və Qubadlı camaatına xidmət edim, daha da geniş bir meydanda onlara faydalı olum, bir sözlə onların yanında olum. Bəzən hisslərimizi ifadə etmək üçün sözlər, cümlələr acizdir. Mən çox sevincliyəm ki, seçki platformamızın daxil olduğu evlər bizim səmimiyyətimizi, sevgimizi yazdığımız sözlərdən və cümlələrdən alaraq bizə öz qapısını, qucağını və ürəyini açdı və bizi özününkü bildi! Buna görə mən artıq qalibəm!
Heç bir yerlim düşünməsin ki, 09 fevral keçəndən sonra onların qapısı döyülməyəcək, onları axtaran olmayacaq, onlarla maraqlanan olmayacaq! Biləsiniz ki, bundan sonra EMİN ƏLİYEV sizlərin qapınızı döyəcək və sizlərlə bərabər olacaq. Çünki mən buna söz vermişəm! Mən bu barədə valideynlərimə söz vermişəm, ailəmə, 5 övladıma söz vermişəm, ağsaqqallarıma-ağbirçəklərimə söz vermişəm, qapısını döydüyüm yerlilərimə söz vermişəm, bu prosesdə özümə qardaş bildiyim 9 yaşlı Füzuliyə söz vermişəm, məni öz oğlu elan edən 72 yaşlı Şövkət anaya söz vermişəm, xalqımıza söz vermişəm!

Mən verdiyim sözün üstündəyəm! Buna görə də mən qalibəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər