Sizin Reklam Burada

Sondan başlamaq istəyirəm, 125-ci dairədən - Turab Rzayevin təhlili

Sondan başlamaq istəyirəm, 125-ci dairədən - Turab Rzayevin təhliliTurab Rzayev
Siyasi analitik


Heç vaxt ağlıma gəlməzdi ki, Azərbaycanda bu cür möhtəşəm seçki təbliğatı kampaniyaları aparıla bilər. Demək ki, olurmuş, sadəcə siyasi iradə lazım idi və Ölkə başçısı da bu iradəni ortaya qoydu. Hər birimiz bilirdik ki, xalqımızın yaradıcılıq istedadı var, bundan başqa bu xalq dünyanın ən mübariz xalqlarından biri hesab edilib beynəlxalq təşkilatlar tərəfindən.

Seçki prosesində iştirak etməsəm də kənardan bir çox dairələr üzrə aparılan təbliğat kampaniyalarını müşahidə edirəm və müəyyən təhlillər aparıram. Bakı və mərkəzi şəhərlərimizdə həyata keçirilən tədbirlər, təbliğat-təşviqat işləri anlaşılandır. Burada imkanlar daha genişdir və əsasən resurslar “əl altındadır, əlçatandır”. Hətta rayonlarımızda da aparılan təbliğat-təşviqat işləri də fəallığı ilə seçilən zaman bunu da başa düşmək olur. Çünki seçicilər kompakt halda yaşayırlar və onlarla ünsiyyət saxlamaq kifayət qədər asandır. Sadəcə düzgün kampaniya aparmaq lazımdır ki, seçilə biləsən. Mənim diqqətimi isə məcburi köçkün rayonlarından olan namizədlərin kampaniyaları daha çox çəkdi. Burada vəziyyət çox çətindir. Seçicilər ümumi ölkə üzrə yayılmış vəziyyətdədir, yeni yaşayış məskənlərində seçki məntəqələri yoxdur, bu rayonların gözdən-könüldən uzaq olmasından məharətlə istifadə edən yerli icra hakimiyyət orqanları, millət vəkilləri də insanlarla daha az ünsiyyət saxlayır və demək olar ki, tam etinasızlıq nümayiş etdirir. Cənab Prezidentin sözü ilə desək, deputat seçilir və sonra da gedir öz işləri ilə məşğul olur, xalq yaddan çıxır. Bu isə nəticədə seçicilərdə ümidsizlik yaradır.

Müşahidələrim də bunu sübut edir. Demək olar, istisnasız olaraq bütün namizədlər seçicilərin seçkilərə ümidinin olmadığından, seçici fəallığının azlığından şikayət edir. Bu isə yenə də potensiallı gənclərin kənarda qalmasına, insanların seçdiyi şəxsin deyil, başqa kimlərinsə qutudan çıxardığı şəxslərin deputat olmasına səbəb olur. Xalq da vəziyyətə görə ölkə rəhbərliyindən narazılıq etməyə başlayır. Hansı ki, yuxarıda da qeyd etdiyim kimi siyasi iradə ölkə rəhbərliyinin də yeniliyin, gəncləşmənin tam tərəfdarı olduğunu sübut edir.

Bəlkə də gecdir, artıq seçkilərə bir neçə gün qalıb və mən çatdırıb 125 seçki dairəsinin hər birini təhlil etməyə imkanım, vaxtım olmayacaq. Mən elə sondan başlamaq istəyirəm, 125-ci dairədən. Həm burada YAP 25 ildir ki, millət vəkilini və millət vəkilliyinə namizədini dəyişmir, həm də bu dəfə deyəsən onun çox ciddi rəqibləri var. YAP namizədi İmamverdi İsmayılovun bir çox görüşlərdə çəkilmiş video və fotolarına nəzər yetirdikdə onun əvvəlki kimi arxayın, təmkinli, bəzən isə özündənrazı halını müşahidə etmək olmur. Növbədənkənar seçki elan edilən kimi 31 nəfər bu marafona qoşuldu, lakin onlardan 16-sı qeydə alınmış namizəd oldu. Hal-hazırda isə MSK-nın rəsmi səhifəsindən müşahidə etdiyimiz kimi geriyə 14 namizəd qalıb. 2 nəfər namizədliyini geri götürüb. Mən burada 14 namizədin hər birini təhlil etmək niyyətində deyiləm, çünki, bu çox uzun bir yazı olar və bu yazını heç kəs oxumaz.

Hal-hazırda 125-ci seçki dairəsindən namizədlər bunlardır: İmamverdi İsmayılov (YAP-ın namizədidir, 62 yaşı var), Faiq Kərimov (bitərəf namizəddir, 66 yaşı var), Emin Əliyev (bitərəf namizəddir, 39 yaşı var), Afət Telmanqızı (bitərəf namizəddir, 45 yaşı var), Qara Məmmədov (bitərəf namizəddir, 61 yaşı var), Anar Əsədli (bitərəf namizəddir, 41 yaşı var), Emin Həsənov (bitərəf namizəddir, 30 yaşı var), Aynur Abdullayeva (bitərəf namizəddir, 39 yaşı var), Nazim Azadoğlu (Müsavat Partiyasının namizədidir, 55 yaşı var), Xəqan Hümmətzadə (bitərəf namizəddir, 29 yaşı var), Baxşəli Əliyev (bitərəf namizəddir, 62 yaşı var), Əlsahib Hüseynov (Demokratik Azərbaycan Dünyası Partiyasının namizədidir, 50 yaşı var), Samir İbadov (bitərəf namizəddir, 39 yaşı var), Elvin Mahmudov (bitərəf namizəddir, 34 yaşı var).

Bu qədər namizədin olması kənardan rəqabətin çox gərgin gedəcəyi təəssüratını yaratsa da prosesi daha çox içəridən müşahidə və təhlil etdikcə başqa mənzərə yaranır. Eyni zamanda da bəzi “ştatnı namizədlər” də məğlub olmağa öyrəşərək yenə də şanslarını sınağa çəkiblər. Reallıqda ortalıqda İmamverdi İsmayılov, Emin Əliyev, Afət Telmanqızı, Anar Əsədli daha çox aktivdirlər. Bu dairədə mən Faiq Kərimovu, Qara Məmmədovu, Baxşəli Əliyevi heç anlaya bilmirəm. Faiq Kərimov dövlət adamıdır, yaşı 70-ə çatır, kampaniyasını da çox köhnə qaydalarda aparır, belə deyək ki, cavanlarla ayaqlaşa bilmir. Prezidentin “Parlament gəncləşsin!” çağırışını qulaqardına vurub! Hələ bir cavanları da ittiham edir ki, onlar bir işə yaramazlar, cavan və təcrübəsizdirlər. Milli Məclisdə yaşlılar oturmalıymış. Kampaniyasında da ancaq yaşlı bir dəstə qadın və kişi ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqla təbliğat işi aparır. Məncə Faiq Kərimovun şansı heç yoxdur. Qara Məmmədovun da yaşı 61-dir. Deyilə bilər ki, bu adam mövcud deputatdan bir yaş cavandır. Amma və lakin bu adam artıq neçə seçkilərdir ki, meydana çıxır, Milli Məclisə seçkilərdə iştirak edir, məğlub olur, gedir vəkilliklə məşğul olur. Yaxşı hüquqşünas ola bilər, bunu bilmirəm. Amma zəif namizəddir məncə. Hətta deyirlər ki, bu adam səslərin parçalanmasından başqa bir işə yaramır. Məncə bu adam da ölkə başçısının çağırışını eşitmək istəmir. Müəyyən qədər səs yığmaq imkanı var, lakin ayaqlaşa bilmir 21-ci əsrin trendləri ilə. Kampaniyası isə demək olar ki gözə dəymir, sadəcə bir neçə görüşlər keçirmişdir. Bu görüşləri də daha çox vəkillik bürosunda keçirdir, yəni ki, seçicilərin ayağına getmək əvəzinə onları ayağına gətirir. Bu isə yaxşı hal kimi dəyərəndirilə bilməz. Məncə bu dəfə də Qara Məmmədov üçün seçkinin nəticələri sürpriz olmayacaq. Onun özü də bunu yaxşı bilir deyəsən. Çünki aktiv deyil, hətta ondan 5 yaş böyük olan Faiq Kərimov ondan daha aktivdir.
Baxşəli Əliyev isə ümumiyyətlə ortalıqda yoxdur. Şəxsən mən onun haqqında heç nə eşitmədim, görmədim iki şeydən başqa, onları da yuxarıda qeyd etmişəm.

Keçək YAP-ın namizədinə. İmamverdi İsmayılov hal-hazırda favoritdir. Onunla bağlı yazılanlar-deyilənlər və göstərilənlər nə olursa olsun 25 illik deputatlıq stajı, rayonda administrativ gücü, arxasında hakim partiyanın geniş təbliğat mexanizminin işləməsi onu güclü rəqib edir. Amma açıq yazmaq lazımdırsa onun da bu yarışı gözəl bir formada cavanlara buraxması çox yaxşı bir ənənənin əsasını qoyardı və olduqca yaxşı bir hörmət qazanardı. Bəlkə də uyğun müqayisə deyil, lakin Xaçmazın icra başçısı olmuş Şəmsəddin Xanbabayev kimi gedə bilərdi və bu dairədə nüfuzunu daha da çox itirməzdi.

Əsədli Anar çox aktivlik göstərir. Özünün də yazdığına görə təxminən 250 nəfərlik komanda ilə girişib seçkilərə. Bu qədər insanı necə toplayıb başına, bu bir sualdır. Sadəcə onu deyim ki, 9 vəkili var. Millətə vəkil olmağı planlaşdıran şəxsin özünə də 9 nəfər vəkil tutması məncə uğurlu addım sayıla bilməz. Amma kampaniyasının elementlərini bəyənməmək olmur. A.Əsədli seçicilərə konkret bir vəd verməsə də dəyişiklik vədi verir. Mesaj kifayət qədər pozitiv bir mesajdır. O bildirir ki, seçicilərin ümidi sarsılıbdır deyə onlara ümid vermək ən optimal çıxış yoludur. Amma özünün tərcümeyi-halını gizlətməsi də yaxşı deyil. Özünü hüquqşünas kimi təqdim edir, lakin tərcümeyi-halında hansı universiteti bitirdiyi qeyd edilməmişdir. Onu tanıyanlar isə sosial şəbəkələrdə onun özəl universitetlərdən birini bitirdiyini bildirmişdilər. Bundan başqa biznes fəaliyyəti dövründə də onunla bağlı xoş olmayan məlumatlara rast gəlmək mümkündür. Eyni zamanda vaxtilə İmamverdi İsmayılovun komandasında yer alan və onu ciddi-cəhdlə müdafiə edən şəxslərin A.Əsədlinin yanında olması da seçicilərdə şübhələr yaradan amildir. O bu suallara münasibət bildirsə də, qənaətimcə qanedici olmamışdır. Bütün bunlara baxmayaraq enerjili və aktiv kampaniya aparır. Hal-hazırda real namizədlərdən hesab etmək olar.

Afət Telmanqızı öz standartlarında və xanımlıq xarakterlərinə uyğun olaraq kampaniya aparır. Düşünürəm ki, ANS və REAL-da çalışması onu digər namizədlərdən daha çox tanıtmışdır zəngilanlılara. Onun da tərcümeyi-halı çox zəngin deyil. Karyerası əsasən yuxarıda qeyd edilən kanallara bağlıdır. Lakin ciddi və aktiv fəaliyyət göstərir. İnsanlarla təkbətək ünsiyyətə keçir. Siyasi təcrübəsi az olsa da məncə digərlərindən o qədər də geri qalmır. Afət xanım bir qədər gec sürət yığdı bu kampaniyada. Amma həm sosial şəbəkələrdə, həm də mətbuatda aktivliyi ələ ala bilib. Məncə ciddi rəy sorğusu aparılardısa o da real namizədlərdən olduğunu hər kəsə göstərə bilərdi. Çünki hiss edilir ki, digər rəqibləri onu bu yarışda o qədər də cidd hesab etmirlər. Lakin müşahidələrim göstərir ki, ən real şanslı namizəddir.

Emin Əliyevin tərcümeyi-halı çox zəngindir. Təhsilin bütün pillələrini oxuyub, müəllim, “paqon adamı”, dövlət işçisi kimi, özəl sektorda, sahibkarlıq fəaliyyətində uğurlar qazanıb. 3 dil bilir. Müşahidələrimə görə 3 dil bilən başqa namizədi yoxdur 125-ci dairənin. Xarici ölkələrdə oxuyub. Lakin onun da dezavantajı Bakıda doğulmasıdır. Rayon camaatı onu tanımır. Nəslinin ağsaqqalları isə müsbət mənada tanınır. Maraqlı kampaniya və gülərüzlülüyü ilə insanların hörmətini qazandığını demək olar. Onun tərcümeyi-halında diqqət çəkən məqam isə onun 10 yanvar 2020-ci ildə işlədiyi nazirlikdə işdən ayrılmasıdır?! Amma özü müsahibələrində bunun bir təzyiq nəticəsində baş vermədiyini, sadəcə öz istəyi ilə işdən ayrıldığını demişdi. Məncə o qədər də inandırıcı görsənmir. Seçiciləri ilə görüşlərdə maraqlı mesajlar ötürməyi bacarıb. Bir də şəxsi nömrəsini hər kəsə açıq elan etməsi yeni bir mesajdır. Şəxsən mən bu nömrənin onun şəxsi nömrəsi olduğunu yoxlamaq üçün ona zəng etdirmişəm və telefona özü cavab verib. Uğurlu və real namizəddir.

Həsənov Emin də gəncdir. Almaniyada ali hüquq təhsili almışdır. Hiss edilir ki, savadlı hüquqşünasdır, lakin hələ ki, insanlarla ünsiyyətdə zəifdir. Bədən dilindən hiss etmək olur ki, çox həyəcanlıdır və bildiklərini çatdırmaqda çətinlik çəkir. Lakin kampaniyasını müşahidə edərkən görünür ki, xeyli sayda insanları ətrafına toplamağı bacarıb. Bu namizəd də görüşlərdə tək iştirak edir, özünə vəkillər təyin etməyib. İş təcrübəsi isə o qədər də zəngin deyil. Nitqində də inam hiss edilmir. Amma məncə bir az da yetişməlidir. Növbəti seçkilərdə real namizəd kimi rəqabət mühiti yarada biləcək potensialdadır.

Əlsahib Hüseynov da artıq neçənci dəfədir ki, namizədliyini verir. Əsas elektoratının qubadlılılar olduğunu düşünərək kampaniyasını bunun üzərində qurur. Demək olar ki, zəngilanlılarla görüşlər keçirmir. Bu isə onun tam gücü ilə rəqabət apara bilməyəcəyini göstərir. Ə.Hüseynov həm də partiya sədridir. Lakin bu partiya populyar deyil və tərəfdarları çox azdır. Məncə bu dəfə də o uğur əldə edə bilməyəcək və artıq bundan sonra namizədliyini irəli sürmək imkanlarını birdəfəlik itirəcək.

Aynur Abdullayeva seçki kampaniyası başlayanda ümumiyyətlə aktivlik göstərmədi. Bir neçə gündən sonra sürət yığmağa başladı və müşahidələrimə görə xeyli sayda görüşlər keçirdi. Amma görüşlərdə əminlik nümayiş etdirə bilmir. Kənardan belə görsənir ki, digər rəqibləri ilə ciddi rəqabət aparmaq üçün deyil, sadəcə özünü rayon ictimaiyyəti üçün tanıtmaq üçün bu prosesə qoşulub.

Bu dairədə ən cavan namizəd Xaqan Hümmətzadədir. 29 yaşı var. O da nəsə təbliğat işinə gec qoşuldu. Məncə onunla da bağlı çox danışmağa dəymir. O da belə görsənir ki, təcrübə toplamaq üçün bu prosesdə iştirak etməyə qərar verənlərdəndir. Ona da uğurlar arzulamaq düşər bizlərə.

Bir də son olaraq Müsavat Partiyasından deputatlığa namizəd Nazim Azadoğlu adlı bir şəxs var. Əslində müxalifət partiyasının namizədi kimi digər namizədlərdən daha çevik və aktiv bir kampaniya aparmalı olduğu halda bu namizədin səs-sorağı yoxdur. Belə görsənir ki, sadəcə iştirak xatirinə iştirak edir bu seçkilərdə.

Əslində hər bir namizədi ayrı-ayrılıqda da, müqayisəli şəkildə də təhlil etmək olardı. Lakin bunun üçün gərək bir araşdırma mərkəzi çalışsın. Əsas məsələ odur ki, maraqlı kampaniyaların şahidiyik. Hər biri iddialıdır. Son düşüncəm isə bundan ibarətdir ki, əsas rəqabət İmamverdi İsmayılov, Emin Əliyev, Anar Əsədli, Afət Telmanqızı arasında gedəcəkdir.
Xoş olan hal odur ki, Qara Məmmədov və Anar Əsədli arasında gedən səsləri mövcud deputatın xeyrinə parçalamaqla bağlı qarşılıqlı ittihamları nəzərə almasaq bu günədək heç bir namizəd digəri ilə bağlı xoşagəlməz söz deməyib. Kampaniya mehriban şəkildə aparılıb. Nə deyim, ümid edirəm ki, nəticədə Zəngilan və Qubadlı seçiciləri növbəti beş illərini ləyaqətli bir şəxsə etibar edəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər