Gəncədə seçkiöncəsi QANUNSUZLUQ
Gəncə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin seçkilərə müdaxilə etməsi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Deputatlığa namizəd Naqif Həmzəyevin adamları Prezidentin köməkçisi Zeynal Nagdəliyevin,YAP-ın İcra katibi Əli Əhmədovun və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından istifadə edirlər.
Kanal32.az-ın məlumatına görə,38 saylı Nizami ikinci (Gəncə)Seçki Dairəsi üzrə seçki kampaniyası aparan bəzi şanslı namizədlərə qarşı ciddi təzyiqlər edilir.Onlardan öncə xahiş,sonra isə utanmadan,çəkinmədən tələb edilir ki,namizədliklərini geri götürsünlər.Dövlət başçısının tələblərini və seçki qanunverciliyini ayaqlar altına atan isə Gəncədə “sualtı işlərin mahir ustası” kimi tanınan Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədovdur.
Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini məşhur Həsən Məmmədov
Redaksiyamıza daxil məlumata görə,icra hakimiyyətinin məsul əməkdaşı Həsən Məmmədov vəzifə səlahiyyətlərini aşaraq 38 SAYLİ NİZAMİ İKİNCİ (Gəncə),39 SAYLI KƏPƏZ BİRİNCİ (GƏNCƏ 40 SAYLI KƏPƏZ İKİNCİ (GƏNCƏ) Seçki Dairələrindən deputatlığa müstəqil namizədlərə seçki prosesindən geri çəkilməsi üçün təzyiqlər edir.Konkret desək,Həsən Məmmədov az qala Naqif Həmzəyevin vəkili funksiyasını yerinə yetirir.Əldə etdiyimiz digər məlumata görə isə artıq təzyiqə məruz qalmış namizədlərdən bir neçəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya rəsmi müraciət ediblər.
Qeyd edək ki,əksər gəncəlilərin etimadını itirmiş deputatlığa namizəd Naqif Həmzəyevin yenidən manat qazanması üçün bütün inzibati resurslar işə salınıb.Kanal32.az-ın müxbiri ilə söhbətində adının çəkilməsini istəməyən bir neçə universitet müəllimi,o cümlədən müxtəlif idarələrdə çalışan şəxslər bildiriblər ki,onlara ciddi şəkildə xəbərdarlıqlar edilib.Naqif Həmzəyevə səs verməyənlər işdən çıxarılacaq.Hətta,bir qədər irəliyə gedərək deyiblər ki,bu YAP-ın İcra katibi Əli Əhmədovun və İcra başçısı Niyazi Bayramovun tapşırığıdır.(?)
Xatırladaq ki, Azərbaycanda səlahiyyətlərini aşaraq icra başçılarının seçkilərə müdaxilə etməsi ilk belə hal deyil. Bu yaxınlarda mətbuatda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin şəhər və rayon icra hakimiyyətlərinin başçılarını qəbul etməsi zamanı Oğuz və Şəmkirin icra başçılarını tənqid etməsi və kəskin irad bildirməsi diqqətlərdən yayınmamışdı. Görünür, Cənab Prezidentin seçkilərlə bağlı çıxışında səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar bəzi icra başçılarına hələ də çatmayıb…
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.Bizi izləməkdə davam edin…
P.S. Araşdırmalarımız davam edir.Həm Gəncədə,həm də digər şəhər və rayonlarda seçki prosesinə açıq müdaxilələrlə bağlı yazıları təqdim edəcəyik. Mingəçevir, Ağcabədi, Şəki, Qax və s…