Müşfiq Məmmədlinin Sumqayıtda seçicilərlə görüşləri davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədlinin Sumqayıtda seçicilərlə görüşləri davam edir.
Növbəti belə görüş Sumqayıt şəhər 1 saylı İnternat tipli Gimnaziyanın iclas zalında baş tutub.
Görüşdə çıxış edən namizədin vəkilləri M. Məmmədlinin fəaliyyətindən geniş söz açıblar.
Deputatlığa namizəd M. Məmmədli isə çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib.
O, seçicilərin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
YAP-ın deputatlığa namizədi Müşfiq Məmmədli seçkilərdə qalib gələcəyi təqdirdə bütün seçicilərin etimadını doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib.
Sonda vətəndaşlar tərəfindən təklif və müraciətlər dinlənilib, müvafiq tədbirlərin görülməsi məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.
Qeyd edək ki, M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür. Ailəlidir 3 övladı var.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt – Xızı seçki dairəsindən deputatlığa namizədidir.