Pirallahıda ekologiya ilə bağlı tədbirlər keçirilir
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, dənizin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məsələlərinə daim prioritet istiqamətlərdən biri kimi yanaşılır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 400 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır.
Paytaxt üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edilir, zəruri infrastruktur yaradılır. Həmin fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb. Görülən tədbirlər Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət edir və müsbət nəticələr verir. Pirallahı rayonunda da bu sahədə genişmiqyaslı işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonda geniş quruculuq və abadlıq işlərinə start verildi. 2013-cu ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 dəfə rayona səfər edib və Pirallahı rayonunun böyük turizm potensialına malik olduğunu bildirib. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, Pirallahı adasının cənub hissəsində “Nərəkənd” yaşayış, istirahət və turizm kompleksinin layihələndirilməsi işləri aparılır. 50 ha ərazidə hal-hazırda şaquli planlaşdırma işləri, 2 km uzunluğunda mərkəzi yolun, 6 km uzunluğunda isə daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yerinə yetirilir. 4 km uzunluğunda sahəsi isə 20 ha-a qədər sahil boyu çimərlik sahəsində ərazinin təmizlənməsi işləri aparılır. Bundan əlavə, dənizkənarı boyu sahilbərkitmə işləri aparılır, dəniz akvatoriyasının metal konstruksiyalardan, yad cisimlərdən, tullantılardan təmizlənməsi və dərinləşdirilməsi işləri yerinə yetirilir. Layihəyə uyğun olaraq, ərazidə mehmanxana, restoran, idman kompleksi, villa, kotec və qalereya tipli yaşayış evləri, çimərlik zonası, su idman növləri üçün infrastrukturun yaradılması, açıq və qapalı tipli su hovuzları, uşaq əyləncə mərkəzi, yaşıllıq zonası, mini parklar və s. nəzərdə tutulmuşdur. Həmçinin, adalara səyahətin və Bakı bulvarına dəniz taksiləri vasitəsilə gəzintilərin təşkili, kanat yolunun quraşdırılması planlaşdırılır.
Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.