Namizədlər birləşib, rəqiblərindən şikayət etdi
MSK-nın iclasında 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafa Dibirov və digərlərinin qeydə alınmış namizəd Nəsib Məhəməliyevlə bağlı şikayətinə baxılıb.
Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov şikayətdə 23 yanvar 2020-ci il tarixində Xəzər TV-nin “Səni axtarıram” verilişində N.Məhəməliyevin təbliğatının aparıldığının əksini tapdığını deyib:
“Müraciətdə adları keçən subyektlərdən məlumatlar alınıb, Xəzər Televiziyasına sorğu verilib. Nəsib Məhəməliyevin proqramda iştirakının olub-olmadığı soruşulub. Xəzər TV-dən verilən şifahi məlumatda 23 yanvar tarixində Nəsib Məhəməliyev və ya onun maraqlarını təmsil edən şəxslərin verilişdə iştirak etmədiyi bildirilib. Həmçinin, əldə etdiyimiz məlumatda yardım edilmiş Babayeva Yeganə Nadir qızının adının ümumiyyətlə 109 saylı Balakən seçki dairəsinin seçici siyahısında olmadığı, Binəqədi sakini olduğu bildirilib. Nəsib Məhəməliyevin özü isə bildirib ki, yalnız okyabr ayında sözügedən verilişdə bir xəstə uşağın müalicəsi üçün marafon keçirilib. Ailəsi ilə bigə marafona qoşulub və iştirak edib”.
Şikayət əsassız sayıldığından təmin edilməyib.