Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
2020-ci il 25 yanvar tarixində Lənkəran şəhər mədəniyyət mərkəzində 73 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd Murad Cəfərovun həmin seçki dairəsində yaşayan seçicilərlə görüşü olmuşdur.
Avrasiya.net xəbər verir ki, görüş saat 15:00-da başlamış və 19:00-dək davam etmişdir. Görüş çox izdihamlı olmuş və qızğın keçmişdir. Görüşdə M.Cəfərovun öz namizədliyini irəli sürdüyü seçki dairəsinin ərazilərində yaşayan vətəndaşlar iştirak etmişlər. Sözü gedən görüşdə deputatlığa namizəd Murad Cəfərovu dəstəkləmək üçün Bakı Dövlət Universitetinin kafedra müdiri, elmlər doktoru, professor Eldar Məsimov, Əməkdar incəsənət xadimi, kinoşunas, professor Aydın Kazımov, Xalq rəssamı, professor Arif Hüseynov, əslən Lənkəranlı olan, elmlər doktoru, professor Yaşar Şahverdiyev və Bakı Dövlət Universitetinin bədən tərbiyyəsi və idman kafedrasının müdiri Akif Atakişiyev kimi Azərbaycanın tanınmış ziyalıları, elm-təhsil, mədəniyyət, incəsənət xadimləri müşaiyət etmişlər.
Görüş zamanı deputatlığa namizəd Murad Cəfərov əvvəlcə seçicilərini öz seçki platforması ilə tanış etmiş, onları maraqlandıran məsələlərdən, Lənkəran bölgəsinin inkişaf perspektivlərindən danışmış, öz çıxışında bölgədə sosial durum, yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması, lənkəranlıların maddi-rifah halının yaxşılaşdırılması məsələlərinə toxunmuş və sonra da seçicilərini narahat edən suallara ətraflı və müfəssəl cavablar vermışdır. Seçicilərin verdiyi suallar və onları maraqlandıran əsas məsələlər illərlə Lənkəranda yığılıb qalmış və öz həllini tapa bilməyən problemlər, o cümlədən məktəblərdə istilik sistemlərinin işləməməsi, şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması, təmir vəziyyətinin uşaqların sağlamlığına təhlükə törətməsi, dövlət orqanlarının bəzi əməkdaşlarının korrupsiyaya qurşanması, seçicilərin iradəsinə yerlərdə qanunsuz təsir göstərilməsi və digər mənfi təzahürlər ətrafında olmuş və ən əsası da, bütün bu problemlərlə rayon səviyyəsində əlaqədar strukturların ilgilənmədiyi və ya onların çözülməsində aciz olduqları bildirilmiş və bunların əhali içərisində narazılıq yaratdığı göstərilmişdir.
Namizəd qeyd edilən bütün bu problemlər barəsində öz mövqeyini bildirmiş, onların həlli yolları barədə məlumat vermiş, seçicilərilə öz gələcək planlarını, Lənkəranın indisi və gələcəyi barədə fikir və düşüncələrini bölüşmüşdür.
Çox səmimi fikir mübadiləsi şəraitində keçən görüş Lənkəran camaatının Murad Cəfərov barədə pozitiv mövqeyini nümayiş etdirmişdir. Görüş əsnasında Lənkəran ictimaiyyətinin nümayəndələri dəfələrlə, təkrar-təkrar bildirmişlər ki, onlar Murad Cəfərova inanır və Murad müəllimin onların bir sıra müşkül problemlərini həll edəcəyinə böyük ümidlər bəsləyirlər. Görüş göstərdi ki, M.Cəfərovun düşünülmüş və geniş seçki platforması Lənkəran seçicilərində canlı maraq doğurmuş və lənkəranlı qəlbləri parlaq gələcəyə böyük ümidlərlə doldurmuşdur. Görüş aydın şəkildə göstərmişdir ki, Lənkəran eli böyük dəyişikliklər qarşısındadır və bu dəyişiklikləri gətirən, bu dəyişiklikləri gerçəkləşdirməyə qadir olan Murad Cəfərovu bütünlüklə dəstəkləyir. Sonda görüşü yekunlaşdıran M.Cəfərov belə görüşlərin, xüsusilə, seçkilərdən sonra tez-tez olacağını və xalqın səsinin eşidiləcəyini bildirmişdir.
Görüşdən çıxan hər kəsin üzündə bir gülüş vardı. Çöhrələrdə təbəssüm oynayırdı. Bu görüş seçicilərlə namizəd arasında tam anlaşma olduğunu və seçicilərin M.Cəfərovdan məmnunluğunu çox bariz surətdə göstərdi. Görüş sübut etdi ki, namizəd seçkilərdə qələbəyə doğru inamla addımlayır və məqsədinə çatmaq üzrədir. Bu görüş, şəksiz, Murad Cəfərovun seçki kompaniyasında ən uğurlu tədbir kimi onun platformasının təntənəsi və seçkilərdə qələbəyə doğru çox uğurlu bir addım olaraq dəyərləndirilməlidir.