Krasnovun istintaq təklifi: Bakı bunu tətbiq edə bilərmi?
Rusiyada Baş prokuror vəzifəsinə namizəd İqor Krasnov həbs və ibtidai istintaq müddətlərinin qısaldılması ilə bağlı təklif irəli sürüb. O, işlərin məhkəməyə tez ötürülməsinin effektli olacağını deyib.
Bəs görəsən, bu sistemi Azərbaycanda tətbiq etmək olarmı?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov ölkəmizdə də həbs və ibtidai istintaq müddətinin azaldılmasının zəruriliyini bildirib:
“İqor Krasnovun irəli sürdüyü təklif maraqlıdır. Həqiqətən, bəzi hallarda istintaq orqanı istintaq müddətini 4-5 dəfə artırır və həmin müddətdə təqsirləndirilən şəxs həbsdə qalır. Sonra isə cinayət işinə xitam verilir, yaxud məhkəməyə göndərilir. Bu səbəbdən hesab edirəm ki, istintaq müddətinin azaldılması istintaq orqanının daha operativ işləməsinə səbəb olar”.
Bununla bağlı danışan hüquqşünas Nicat Gözəlov da barəsində həbs-qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin istintaq müddətinin azaldılmasının məqsədəuyğun olduğunu bildirib:
“Əgər adi qaydada şəxs barəsində iltizam alınıbsa, cinayət işinin 1 ay və yaxud uzunmüddətli aparılması onun üçün o dərəcə də önəm kəsb etmir. Həbsli istintaqdırsa, yəni şəxs barəsində həbs-qətimkan tədbiri seçilirsə, istintaq işi təcili məhkəməyə göndərməlidir ki, təqsirləndirilən şəxs barəsində hökm çıxsın.
Buna uyğun olaraq, həbs-qətimkan tədbirinin də müddəti azaldılmalıdır ki, istintaq orqanı və prokuror ciddi şəkildə, digər işləri kənara qoyaraq həbsdə olan şəxsin işi ilə məşğul ola bilsinlər”.
Hüquqşünas onu da bildirib ki, bu sistemin tətbiq edilməsi üçün müstəntiqlərin sayı da artırılmalıdır:
“Bizdə cinayətlərin sayı çoxdur, müstəntiqlərin sayı isə az. Buna görə, onları başa düşmək lazımdır. Hesab edirəm ki, istintaqın keyfiyyətli aparılması üçün ölkədə müstəntiqlərin sayı da artırılmalıdır”.