26 dek 09:49Sosial

Diaspora təşkilatlarının köhnə problemi

Diaspora təşkilatlarının köhnə problemi
Bu problemi kökündən birdəfəlik həll etmək niyə mümkün olmur?

Hazırda dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3 milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə yaxın, SSRİ dövründə Gürcüstanda təqribən 500 min (hazırda Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 minə yaxın azərbaycanlının yaşadığı məlumdur.

Eyni zamanda digər bir sıra ölkələrdə də müxtəlif sayda soydaşlarımız yaşayır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirən çoxsaylı diaspora təşkilatlarımız da var. Müxtəlif diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyətin, konsensusun əhəmiyyəti heç də az aktuallıq kəsb etmir. Amma diaspor təşkilatlarımızın fəaliyyətində uğurlarla yanaşı, köhnə dövrlərdən qalma problemlərin olduğu bəllidir.

Xaricdə azərbaycanlıların 500-dən yuxarı diaspor təşkilatının olduğu bildirilir. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, bu ancaq alqışlanmalıdır. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir.

İstər respublikanın daxilində, istərsə də onun hüdudlarından kənarda olan azərbaycanlılar hər hansı ixtilaf və anlaşılmazlıq, xüsusən də qarşıdurma və toqquşma hallarından qaçmalı və xüsusilə diaspora təşkilatları öz aralarında belə hallara yol verməməlidirlər.

Təəssüf ki, bir çox ölkələrdəki diaspora təşkilatlarımız arasında qarşıdurma hallarına hələ də tamamilə son qoymaq mümkün olmur. Diaspora Komitəsi bu problemi kökündən həll etməyə cəhdlər edir, müəyyən müsbət irəliləyişlərə nail olunub, lakin problem hələ də qalır. Bəs bu vəziyyət nədən qaynaqlanır? Köhnədən əsası qoyulan problem olduğu üçünmü? Nə edilməlidir ki, bu arzuolunmaz durum aradan qalxsın?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, diaspor təşkilatlarının arasındakı qarşıdurma halları ilə bağlı konkret faktlara, yaxud məlumatlara münasibət bildirməzdən öncə belə neqativ halların səbəblərinə diqqət çəkmək lazımdır: “Bəs səbəblər hansılardır və nədən qaynaqlanır? Diaspora təşkilatlarının yaranması prosesində ayrı-ayrı məmurların, səfirlərin, siyasətçilərin, iş adamlarının iştirakı və belə qurumların rəhbərliyinə onlara yaxın olan adamların gətirilməsi, Diaspor təşkilatlarının formalaşması prosesində iştirak edən şəxslərin bu təşkilatlardan Azərbaycandakı mövqelərinin möhkəmləndirilməsi üçün yararlanması, diaspor qurumlarının rəhbərləri vasitəsilə xarici ölkələrdəki bizneslərinin idarə olunması, Azərbaycanda yaşayan və fəaliyyət göstərən ayrı-ayrı şəxslərin diaspora təşkilatlarını nəzarətdə saxlamaqla, onlarla Azərbaycanın müvafiq qurumları arasında vasitəçilik missiyasını mənimsəməsi, qeyri-rəsmi ”kuratorluq" ənənələrinin hələ də tamamilə sıradan çıxarılmaması, iş adamlarının diaspor təşkilatları yaratmaqla və onlara rəhbərlik etməklə Azərbaycandakı biznes maraqları, yaxud artıq mövcud olan biznesləri üçün güzəşt əldə etmək niyyəti, diaspor təşkilatları rəhbərlərinin, yaxud onları bu vəzifəyə “təyin” edənlərin təşkilatın mövcud olduğu ölkənin biznes elitası və dövlət qurumları ilə Azərbaycanın dövlət və özəl sektoru arasında vasitəçilik missiyasını ələ keçirmək niyyəti və bunun üçün bütün alternativ kanalların sıradan çıxarılması ilə bağlı atılan addımlar, səfirliklərlə diaspor təşkilatları arasında bəzən ölkəmizdən, bəzən isə tərəflərin maraq toqquşmasından qaynaqlanan ziddiyyətlər, Azərbaycandakı ayrı-ayrı məmurlar, siyasətçilər, biznes dairələri və s. bu kimi nüfuz savaşı içərisində olan şəxslər arasındakı ixtilafların onların yaradılmasında iştirak etdikləri diaspor təşkilatlarına sirayət etməsi və sair".

E.Mirzəbəyli qeyd etdi ki, səbəblər həddindən artıq çoxdur. Bu səbəbləri aradan qaldırmaq üçün isə diaspor təşkilatlarının böyük əksəriyyətini yenidən və tamamilə yeni platforma üzərindən formalaşdırmaq, diaspor quruculuğu prosesinin fəlsəfəsinə ümumi Vətən anlayışı kontekstindən yanaşmaq, bu prosesi vasitəçilərin iştirakı olmadan həyata keçirmək lazımdır: “Bunu Azərbaycan prezidenti də çıxışlarında konkret şəkildə bildirib”.

Diaspor təşkilatlarının fəallığı xeyli dərəcədə ölkəmizin səfirliklərinin bacarıqlı, peşəkar fəaliyyətini də şərtləndirir. Ekspertlər bildirir ki, bu işi təkcə Diasporla İş üzrə Dövlət Komitəsindən gözləmək yanlışdır. Diaspora təşkilatlarımızın güclü olması üçün səfirliklərimizin üzərinə konkret məsuliyyət düşür. Onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni mərhələnin başlandığını etiraf edir. Hansı təşkilat rəhbərini dindirsən, Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam, istiqaməti aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatlarının sayı xeyli azalıb. Lakin bu problemin tamamilə yoluna qoyulması zəruridir.
XƏBƏR LENTİ
SORĞU