21 dek 09:55Sosial

İcra başçısının həbsindən sonra aktuallaşan 2 sual

İcra başçısının həbsindən sonra aktuallaşan 2 sual
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağstafa İcra Hakimiyyətində gerçəkləşdirdiyi əməliyyat-istintaq tədbiri ölkə gündəmini zəbt edib. İcra başçısı Nizaməddin Quliyevin 1-ci müavini Ramiz Tatarovun vasitəsi ilə rayondakı idarə və təşkilatlardan pul toplaması, toplanan məbləğin sadəcə 1 həftə ərzində 190 min manatı aşması gizli çəkilişlərlə təsbit olunub.

Nümayiş olunan çəkilişlərdən belə aydın olur ki, başçı hansı idarədən, təşkilatdan nə qədər aldığını qeyd edib, toplanan pullarla birgə iş yerindəki seyfində saxlayırmış. Həmin çəkilişlər nümayiş olunandan sonra yaranan çoxsaylı suallar içərisində diqqətçəkənləri - gizli çəkiliş qurğularının təsbit edən anti-qurğuların olub-olmaması və başçının məhkəmə-hüquq sistemində vəzifə tutan övladlarının taleyinin necə olacağı ilə bağlıdır.

Qeyd edək ki, iş başında qandallanan Nizaməddin Quliyevin oğlu Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimidir. Digər oğlu isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqidir.

“Yeni Müsavat”a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, hüquq-mühafizə, xüsusi xidmət orqanlarının qanunvericilikdə nəzərdə tutulan qaydada, istintaq-əməliyyat tədbirləri dövründə gizli avadanlıqlardan istifadə etmək səlahiyyətləri var: “Bu hərəkətlər ”Əməliyyat-axtarış tədbirləri haqda" Qanunla tənzimlənir: “Bu və ya digər fakt üzrə cinayət işi başlanırsa, izlənmə, gizli dinləmə, gizli videoya çəkmə və bu kimi tədbirlər gerçəkləşdirilə bilir. Bunun üçün məhkəməyə müraciət olunur və müvafiq icazə alınır. Bundan sonra qanunvericilikdə nəzərdə tutulan qaydada əməliyyat tədbirləri həyata keçirilir. ”Juçok" qoyulur, dinləmə başlayır, elektron poçtu izlənə bilir. Bu cür xüsusi vasitələrin üzə çıxarılması üçün avadanlıqlar da var. Anti-avadanlıqlar xaricdə açıq satışda var. Kim istəsə pulunu verib gizli kamera, dinləmə qurğusu və s. bu kimi qurğuları müəyyən edən anti-qurğuları ala bilir. Azərbaycanda belə qurğuların satışda olub-olmadığını dəqiq bilmirəm. Həmin qurğuların iş prinsipi belədir ki, otaqda gəzdirməklə gizli qurğuları müəyyən etmək olur. Anti-qurğula bu zaman spesefik siqnal verir, gizli qurğuların yerini müəyyən etməyə imkan yaradır".

Osman Gündüz deyir ki, icra başçıları belə anti-avadanlıqları almaq əvəzinə işlərində dürüstlük, xalqa xidmət, korrupsiya və rüşvət cinayətlərinə bulaşmadan çalışmaq kimi meyarlara sadiq olmalıdırlar: “Hüquq- mühafizə orqanlarında yetərincə müasir avadanlıqlar da var. Bu gün elə avadanlqılar mövcuddur ki, məsafədən belə əməliyyatın keçiriləcəyi obyekt daxilində, divarlar arxasında aparılan danışıqları qeydə alır. Müasir avadanlıqlar daha təkmildir. Ona görə də düz işləsinlər, cinayət etməsinlər, yetim-yesirin haqqını yeməsinlər, sahibkarı incitməsinlər, dövlət layihələrinə kölgə salan addımlar atmasınlar. Qanunsuz əməllərdən uzaq olsunlar”.

Tanınmış hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a deyib ki, qanuna görə ata oğula cavabdeh deyil: “Bunu hələ Stalin deyirdi. Nizaməddin Quliyevin əməlləri onun heç bir qohumuna aid deyil. Bu, məsələnin sırf qanuni tərəfidir. Faktiki tərəfi isə belədir ki, Nizaməddin Quliyevin övladları üçün işləmək çətin olacaq. O baxımdan ki, işlədikləri sahə sırf məhkəmə-hüquq sistemidir. Onlar üçün çox çətin olacaq. Həbs olunan başçının korrupsiya ilə mübarizə orqanında işləyən oğlu hansı cinayətkarı dindirə bilər? Ona deyə bilərlər ki, sənin dədən də belədir axı. Əlbəttə ki, ona bu cür cavab verənlərin düzgün edəcəyini demirəm. Qanuna görə düzgün deyil. Amma belə olacağını da istisna etmirəm. Eynilə Nizaməddin Quliyevin Nərimanov rayon Məhkəməsində işləyən hakim oğluna da çətin ola bilər”.

Əkrəm Həsənov həbs edilən başçının oğullarından birini tanımadığını deyir: “Amma Nərimanov Rayon Məhkəməsində hakim olan Ramin Quliyevlə məhkəmə proseslərindən tanışam. Bir neçə dəfə Ramin Quliyevlə işim olub, əsasən də qanunsuz qərarlar çıxarıb. Cəmi 1 dəfə qanuni qərar verib. Qalan işlər üzrə isə hər dəfə qanunsuzluqlar olub. Bu hadisədən sonra Ramin Quliyevin necə qalıb işləyəcəyini təsəvvür edə bilmirəm”.

Əkrəm Həsənovun sözlərinə görə, qanun həbs olunan Nizaməddin Quliyevin övladlarına məhkəmə-hüquq sistemində işləməyi yasaqlamır.
XƏBƏR LENTİ
SORĞU