02 dek 09:02Sosial

Səmimiyyətiylə seçilən xanım

Səmimiyyətiylə seçilən xanımAğdamdan söz düşəndə ilk yada düşən dəyərli insanlardan biri də məhz o xanımdır. O xanım ki, Ağdam mədəniyyətinin inkişafında xüsusi xidmətləri olub və hazırda da davam etməkdədir.

Söhbət şəhərin güllü-çiçəkli, şad-xürrəmli vaxtlarıyla yanaşı, həm də ən ağır günlərində şəhərdə olan, onun mədəni irsinin qorunması üçün əlindən gələni əsirgəməyən bir xanımdan əməkdar mədəniyyət işçisi Çimnaz Əliyevadan gedir. O insandan ki, uzun illər Ağdam Mədəniyyət şöbəsinə rəhbərlik etmiş, birinci çağırış Milli Məclisin üzvü seçilmişdir.

Deməliyəm ki, hələ Ağdam rayonunda orta məktəbdə çalışdığım illərdən tanısamda, onunla ilk görüşüm yalnız 2011-ci ilə təsadüf edib.

Həmin il Ağdam Çörək Muzeyi ilə bağlı ilk tədqiqat kitabının üzərində çalışdığım vaxtda, görüşdüyüm insanların hər biri muzeyin yaranmasında, hətta sonralar muzeyin eksponatlarının mühafizəsində məhz bu xanımın adını çəkməklə onunla görüşməyi tövsiyə edirdilər.

Görüşümüz isə Azərbaycan Mədəniyyət Fondunda baş tutdu. O illərdə Çimnaz Əliyeva ictimai əsaslarla Fondun Qarabağ şöbəsinə rəhbərlik edirdi.

İki saata yaxın çəkən görüşdə sanki on dəfə şəhərə gedib gəldik. Muzeylərini, İmarəti, küçələrini, məşhur bazarını fərəhlə-fəhmlə gəzdik. Bakıda, fondun inzibati binasında yox, elə bil Ağdam “rayispolkomunun” ikinci mərtəbəsindəki otağında oturub, üzü Mədəniyyət evinə baxaraq görəcəyi işlərdən danışırdıq.

Və beləcə “Çörək muzeyi” ilə bağlı söhbətlər bizi bir ziyalı olaraq daha da yaxınlaşdırdı. Və tam səmimi olaraq deməliyəm ki, “Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” kitabı və ondan sonra Qarabağa, Ağdama həsr etdiyim daha üç kitabın ərsəyə gəlməsində ilk olaraq təkanverici qüvvə məhz Çimnaz xanım Əliyeva olub.

Daim səmimiyyətilyə seçilən Çimnaz Əliyeva da xoş Ağdamlı təkəbbürünün olması da qəbülediləndir. Məhz bu xarakterdən irəli gələrək təşkilatçısı olduğu bütün tədbirlər yalnız yüksək zövq, dərin məzmunu və hər dəfə yenilikləriylə seçilib. Məhz onun mədəniyyət şöbəsinə rəhbərlik etdiyi dövrdə Çörək muzeyi, Rəsm qalereyası, Xan Şuşinski adına Muğam məktəbi, Rahib Məmmədovun və Qurban Pirimovun xatirə muzeyləri açılmış, Dövlət Dram Teatrı yeni zirvələrə doğru addımlar atmış, Mədəniyyət evinin yeni müasir inzibati binası istifadəyə verilmişdir. O illərdə Natəvan Qızlar bayramı və onlarca layihələrə imza atılmışdır. Xanım Çimnaz Əliyeva bu layihələrin bir çoxunun həm müəllifi, həmdə təşkilatçısı olmuşdur.

Ç.Əliyevanın Milli Məclisdəki fəaliyyətinə geniş toxunmuram. O illər ölkəmiz üçün deyərdim ən agırlı günlər idi. Belə günlərdə fəaliyyət göstərmək, seçicilərinə verdiyi öhdəlikləri yerinə yetirmək hər adama qismət olmurdu. Ancaq xanım Çimnaz Əliyeva bu işin öhdəsindən layiqincə gələ bildi.

Şəhərin ağrılı-acılı günlərində mərhum həyat yoldaşı Sabir Hüseynovla şəhəri tərk etməmiş mədəni irsin qorunmasında, habelə dəyərli muzey eksponatlarının mühafizəsində əvəzedilməz işlər görmüşdü.

Deyərdim ki, bu gün Çimnaz Əliyevanın xidmətlərindən saatlarla danışmaq və yazmaq olar. Ancaq ötən günlərə baxanda onun Vətəninə, torpağına, dövlətinə sədaqət hissiylə gördüyü dəyərli işləri görməmək mümkün deyil.

Bu gün belə dəyərli bir xanım üçün əziz gündə ona yalnız can sağlığı ilə yanaşı Ağdamı yenidən görməyi, şəhərin quruculuğunda yaxından iştirak etməyi arzu edirəm. Allah o günləri bizlərə qismət eləsin. Amin!!!

Vüqar Tofiqli
XƏBƏR LENTİ
SORĞU