15 noy 16:07Sosial

Yunus: Arif Hacılı istefa verməlidir, çünki...

Yunus: Arif Hacılı istefa verməlidir, çünki...Hüquq müdafiəçisi Arif Yunusun ABŞ-da mühacirətdə olan qardaşı Ramiz Yunus Müsavat Partiyasının sədri Arif Hacılını istefa verməyə səsləyib.

Bu barədə R.Yunus Feysbuk hesabında yazıb. O bildirib ki, Almaniyadakı mühacirlərə saxta sənəd verən Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüskarı Arif Hacılıdır:

“Gəlin hər şeyi öz adı ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu. Alman federal polisi tərəfindən açılmış cinayət işində adı hallanan mərkəzin təşəbbüskarı şəxsən indiki Müsavat Partiyasının başqanı Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir. Məhz buna görə hörmətli Arif bəyə istefa mədəniyyətini göstərməyini və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Müsavat Partiyasının sədri Arif Hacılı isə Ramiz Yunusa cavab yazaraq bildirib ki, bütün bunlar partiyaya qarşı qarayaxma kampaniyasıdır:

“Almaniya polisinin hansı sənədində “Müsavat AKM” sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?
Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmuşunuz və mühacirət edəcəyinizi gizlətmisiniz. Partiyaya sizi qəbul edənləri aldatmısınız. İndi əməllərinizə görə sizi partiyaya üzv edənlər məsuliyyət daşıyır?”

A.Hacılının bu statusuna cavab olaraq qeyd edilib ki, alman polisi və ümumiyyətlə, hüquq-mühafizə orqanları bir şəxsi saxlayarkən onun hansısa ictimai vəzifə daşıdığını açıqlamır, konkret şəxsin adı açıqlanır və saxlanılan da Müsavat AKM-in üzvləridir.

Ramiz Yunus isə Arif Hacılının mühacir olması məqsədi ilə partiyaya üzv olması iddiasına sərt reaksiya verib:

“Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin yolu ilə “Müsavat”ın rəsmi arayışını çap eləsəm ki, 1992-ci ildən mən Müsavat Partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm, onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Niyazi İbrahimlə (Müsavatın o vaxtki ilk baş katibi) partiyanin bərpa işləri ilə məşğul olanda siz Prezident Aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndə partiya işlərinə qoşuldunuz. Ayıbdır”.

R.Yunus və A.Hacılının bir-birini yalançılıqda ittihamları növbəliliklə bu şəkildə davam edib və bir çoxu mübahisəyə qoşularaq, A.hacılını ittiham edib.

Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.

Sonradan onlardan bəzilərinin buraxıldığı, bir neçə nəfərin barəsində isə məhkəmənin qərarı ilə 6 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilib.
XƏBƏR LENTİ
Bu gün, 10:31
9-12-2019, 21:04
SORĞU