14 noy 08:28Sosial

..DAD YARIMÇIQ ƏLİNDƏN və ya YARIMÇIQ haqqında BÜTÖV söz..

..DAD YARIMÇIQ ƏLİNDƏN  və ya YARIMÇIQ haqqında BÜTÖV söz..
Bilirik ki, ata-babalarımız öz həyat təcrübəsini, müdrik fikirlərini, öyüd və nəsihətlərini “atalar sözləri” adı altında gələcək nəsillərə ötürüblər.
Kim bilir, bir cümləlik folklor nümünələrimizdə nə qədər insan təcrübəsi, nə qədər hadisə, nə qədər təəssüf, nə qədər ağrı gizlənib.
Bütün zamanlarda aktual olan belə atalar sözlərindən biri də budur: “Qanana da can qurban, qanmayana da, dad, yarımçıq əlindən”.
Nə gözəl deyib sözü əməli bütöv kişilər: “dad yarımçıq əlindən”.
***

Bir söz var ki, "dad yarımçıq əlindən",
İşıq korsa, zülmət ondan yaxşıdır.
Məsəl də var düşmənin mərd olanı,
Namərd dostdan, əlbət ondan yaxşıdır.

Görünür tarix yaranan gündən dədələrimiz bu “yarımçıq”lardan az çəkməyib ki, belələri ilə rastlaşanda bir ah da çəkib ağrılı təəssüflərini dilə gətirirlərmiş.
***
Kimdir yarımçıq? Nədən dad onların əlindən?

Digər atalar sözlərinə, bir çox klassik mətnlərə, dini, fəlsəfi, bədii və s. əsərlərə nəzər edərkən görürük ki, “Yarımçıq” düşüncəsində obyektiv olmayan, hər zaman hər şeydə korkoranə təqlidçilik edən, tez təsirə düşən, təəssüb və cəhalət üzündən fikir bildirən və kininə qapılan deyil. Buna uzaqbaşı qanmaz, cahil və avam demək olar.
Yarımçıq, özünü qanan sayıb boğazından yuxarı danışan, “burunu girməyən yerə başını soxan”, ona aid olmayan sahədə mütəxəssislik edən, “Adı it dəftərində də yox” olan (haşa heyvandan) amma həmişə yüksək fikir, nəzər sahibi, mütəxəssis kimi ona buna ağıl öyrətməyə qalxandır.
***
Yarımçıq, öz işini, peşəsini kamil öyrənməyən, amma özünü qüsursuz biləndər kimi qələmə verəndir. Necə ki, dahi şairimiz Nizami deyib: “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan”.
***
Yarımçıq, "babam mənə kor dedi, gələni-gedəni vur dedi" prinsipi ilə biləyinə güvənən, məntiqli cavabları olmayanda əlləri başlarından önə keçəndir.
***
Yarımçıq Koroğlunun mərdliyini, dürüstlüyünü deyil, adını götürüb yamsılayan, axırda özünə zorla korun oğlu dedizdirəndir. Söhbət heç bioloji gözün də deyil, ağlın, ürəyin korluğundan gedir.
***
Yarımçıq, kor tutduğunu buraxmadığı kimi, ağlına gələni danışan, yarımçıq fikirini soxuşdurmağa çalışan, inadkarlıq və küdurət üzündən hər şərə əl atandır. “Adam var ki, adamların naxşıdır, Adam var ki, dindirməsən yaxşıdır”.
***
Yarımçıq, “Qanmaza qoşulanı qanmaz çağırarlar” ata sözündəki prinsipi anlamayan, “Ədəbli ədəbindən susar, ədəbsiz susdurdum" sanan kəsdir.
***
Yarımçığın işi yalnız və yalnız çox zaman danışmaq olur. Bir söyləyən yoxdu “a bala nə olub sənə? Bə işə gələndə donub qalırsan. Bəs bağdan, dağdan dəm vururdun? "Cəmiyyətdə özünü apara bilməyib cəmiyyəti necə irəli aparacaqsan"? "Başqalarına güləncə özünə gün ağlasana" , yenə atalar demişkən “Əlindən bir iş gəlməyən on danışar”.
***
Yarımçıq iki-üç kitab oxuyub, hələ yaxşı oxucu olanmamış özünü yazarlığa vurandır.

Yarımçıq cılız eqo xəstəliyinə yoluxub gündəmə gəlmək üçün insanların qarşısına özünün heç yanından da keçmədiyi şeylərlə çıxandır.
Yarımçığı qısaca necə tanımaq olar? Hərşeyşünaslığından. Bütün sahələrdən, mövqelərdən mütəxəssis kimi danışmasından. Onun işi iş düzəltmək deyil, içindəki yırtıcı eqo əjdahasını yemləməkdir, çox danışmağı, hər yerdə aktiv olmağı güya fikir bildirdiyi məsələni həll etmək yolu göstərmək deyil, cılız şöhrət hissinə fırıldaq əyləncələr, içi boş miskin bəhanələr uydurmaqdır.
***
Yarımçıq hətta müsəlmançılıqda da var.
Bu cür dinçilər İslamın tək ibadətdən ibarət olduğunu düşünür, nə oyundan çıxan olsa da ən üstün şəxslərin namaz qılan olmalarını anlayıblar.
Həqiqi müsəlmanın (hədislərə əsasən): “əxlaq və ədəbə yiyələnən, elmə dəyər verən, özünə bəyənmədiyini başqasına rəva görməyən, digərlərinə dili və əməli ilə zərər verməyən, tək özünü düşünməyən, haqq və hüquq bilən, həddini və yerini bilən, özü, sözü və əməli düz olan, təmiz və pak olan” olmasından xəbərsizdilər.
Elə bilirlər Kəlimeyi şəhadət gətirməklə və ya namazın rüknlərini yerinə yetirməklə Allahın yer üzündə ən üstün bəndələri oldular.
Daha anlamırlar ki, bu yarımçıqlar haqda Allah buyurub: “Vay olsun (bəzi) namaz qılanların halına” ki, namazlarından onlara fayda olmaz.
Peyğəmbərimiz (s) buyurub: “Nə çox oruc tutanlar var ki, onlara orucluqdan tək ac qalmaq qalar”,
İmamımız (ə) da söyləyib ki, “Nə çox ziyarətçilər (Kəbəyə dolananlar), nə az Hacılar”.
Belələrinə rəhmətlik atalarımız da: “Dini yeyib, imanını dalına atıb”- deyiblər.
***
Tarixdə hər zaman belə yarımçıqlar olub. İctimaiyyətə, bir çox sahəyə bu məxluqlar elə zərər və zərbələr vurublar ki, yüzlərlə ağıllı da öhdəsindən gələ bilməyib. "Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxarda bilmədi".

Bu o demək deyil ki, ağıllılar onlarla bacarmayıb. Yox! Həyalarını qoruyub onların səviyyəsinə enmək istəməyiblər. Çünki bu YARIMÇIQlar üçün ən baş dəyər VİTRİNdir.
Əsas vitrində olsunlar bütün insani dəyərləri tapdalasalar da olar, bütün həya pərdələrini cırsalar da, bütün vicdan parametrlərini xıncsalar da. Onların içindəki nəfs, kəsafət nağıllarımızdaki yeddi başlı əjdahadan daha yırtıcıdır.
***
Peyğəmbərimizin (s) və imamların (ə) tarixini mütaliə etsək bu məxluqların dinimizə vurduqları zərərlərini görərik.
Hətta elə zərbələr vurublar ki, bu gün də onları həll etmə iqtidarında olanlar belə tapılmayıb.
Hz. Peyğəmbərin (s) son tövsiyəsinə “sayıqlayır” deyənlər, Hz. Əlini (ə) həkəmiyyətə məcbur edənlər, İmam Həsəni (ə) böyük kütlə ilə aparıb tək gətirənlər. İmam Hüseynə (ə) dəvət edib sözlərindən dönənlər, hamısı yarımçıq müsəlmançılıqdan xəbər vermirdimi, bu gündə vermirmi?! Onların prototipi hələ də hər yerdə meydan sulayır.
***
Hz. Əlini (ə) (xəlifə olmadı deyə) siyasi tədbirsiz, İmam Həsəni (ə) (sülh etdiyinə görə) qorxaq, İmam Hüseyni (ə) (Kərbəla qiyamına görə) üsyankar adlandıranlar bəs kim idi?! Əsir tutduqları Peyğəmbər ailəsinə xarici deyənlər necə? Əlbəttə onlar da Peyğəmbər (s) ümmətinin arasında olan yarımçıqlar idilər.
***
Yarımçıq kəs Quran ayələrini yarımçıq anlayan, başqa Allah kəlamı ilə deyil öz ağlına görə izahına çalışan, yozub çirkin əməllərinə alət edən, öz hoqqalarına bəraət qazandırandır.
***
Yəqin indi məlum oldu nə üçün "dad yarımçıq əlindən"?
Qanana da can qurban, qanmayana da. Dad, dad yarımçıq əlindən...
Bir də sonda onu deyim ki, iki qat -dad- bilirsiz kimlərin əlindən olur? O kəslərin ki, “atsan atılmaz, satsan satılmaz".
Bax bu “sapı özümüzdən olan baltalar” yarımçıq olanda nə olur? Bunu da siz düşünün...

BÜTÖVLƏŞƏK, KAMİLLƏŞƏK, YARIMÇIQLARI TANIYAQ Kİ, YARIMÇIQLAR MƏNƏVİ VƏ MƏDƏNİ İNKİŞAFIMIZI, KAMİLLƏŞMƏYİMİZİ YARIDA KƏSƏ BİLMƏSİN!

(Kaş bunları yazmağa ehtiyac olmazdı)...

Ramin İgidov
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU