04 noy 18:09Sosial

Əlizadə məqsədli şəkildə türklərə qarşı danışır - Millət vəkili

Əlizadə məqsədli şəkildə türklərə qarşı danışır - Millət vəkili
Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil.

Bu sözləri Axar.az-a millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən həmkarı Musa Quliyev deyib. O bildirib ki, millət vəkili ümumi danışmaqla çox böyük səhv edib:

“Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.

M.Quliyev onu da qeyd edib ki, millət vəkili tutduğu vəzifəni nəzərə almalı və belə səhvləri təkrarlamamalıdır:

“Araz Əlizadə əvvəllər də belə fikirlər səsləndirdiyi üçün ictimai qınaqla üzləşib. Hesab edirəm ki, millət vəkili olan şəxs belə məsələlərdə daha həssas və ciddi olmalıdır. Lakin həmkarım hansısa qüvvələrin təsirindən bu çıxışları edir. Ümumiyyətlə, Azərbaycan xalqının türk kökənli olmasının heç sübuta ehtiyacı yoxdur. Bizim soyumuzun haradan gəlməsi tarixlə təsdiqlənmiş məsələdir”.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa da həmkarı Araz Əlizadənin türklərlə bağlı fikrinin həqiqəti əks etdirmədiyini söyləyib:

“Hər hansı bir şəkildə Azərbaycanı xilas etmiş şəxslərə, Nuru Paşaya belə bir böhtan səsləndirməyin heç bir məntiqi izahı yoxdur və bu, qəti şəkildə yolverilməzdir. Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib”.

Fazil Mustafa onu da qeyd edib ki, həmkarları türklərlə bağlı fikrinin yanlış olması səbəbindən bir neçə dəfə Araz Əlizadəyə irad tutub:

“Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”.

Qeyd edək ki, ASDP sədri, millət vəkili Araz Əlizadə İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirmişdi.

Onun bu fikirləri sosial şəbəkənin türkiyə seqmentində də yayılıb və türkiyəlilər olaya sərt reaksiyalar veriblər.
XƏBƏR LENTİ
SORĞU