01 noy 17:13Sosial

Aydın Mirzəzadə Araz Əlizadəyə görə Türkiyə türklərindən üzr istədi

Aydın Mirzəzadə Araz Əlizadəyə görə Türkiyə türklərindən üzr istədiASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə narazlığa səbəb olub. Hətta millət vəkilinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə Türkiyə türkləri sosial mediada ciddi etiraz edib.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə həmkarının türklərlə bağlı fikirlərindən narazı olduğunu bildirərək, Türkiyə türklərindən üz istəyib:

“İlk növbədə biz azərbaycanlılar deputat Araz Əlizadənin bu fikrindən çox- çox narazıyıq. Ara-sıra Araz Əlizadənin cəmiyyətdə narazılıq doğuran fikirləri olur. Bunu sərbəstlik, deputatın müstəqilliyi kimi qiymətləndirmək olar. Amma elə məsələlər var ki, ona nəinki fikir bildirmək, hətta müzakirə etməyin özü düzgün deyil. Bu, həyati vacib - müstəqilliyimizin, milli dəyərimizin bünövrəsini təşkil edən məsələlərdir. Düzdür, deputat kimi istənilən fikiri söyləmək olar. Ancaq bu gün dost-qardaş, tarixi kökümüz bir olan iki xalq arasında uçurum yaratmağa cəhd yolverilməzdir. Mən buna ciddi etirazımı bildirirəm. Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyib. Bu, nəinki Azərbaycanla Türkiyəni, bütün türk dünyasını birləşdirən çox ciddi fikir kimi qəbul edilir. Bu baxımdan mən türkiyəli qardaşlarımızın narazılığını başa düşürəm və həmkarımın belə fikirlərinə görə onlardan üzr istəyirəm”.

Millət vəkili onu da bildirib ki, bu cür fikirləri İctimai Televiziya efirə buraxmamalı idi:

“Türklərlə, türkçülüyümüzlə bağlı belə fikirlər bildirmək yolverilməzdir. Eyni zamanda təəssüf edirəm ki, İctimai Televiziya kimi nüfuzlu və ciddi telekanal belə bir fikri efirdə səsləndirməyə şərait yaradıb. Hər bir türk bilməlidir ki, Azərbaycanın timsalında o, qardaşını görür, dostunu görür. Bu cür fikirlərə tək mən yox, digər həmkarlarımız da öz narazılığını bildirəcək”. (Axar.az)
XƏBƏR LENTİ
SORĞU