30 okt 16:19Sosial

Oqtay Gülalıyev əməliyyatdan çıxdı: vəziyyəti ağırdır

Oqtay Gülalıyev əməliyyatdan çıxdı: vəziyyəti ağırdırOqtay Gülalıyevin vəziyyəti ağırdır. Hazırda reanimasiyadadır.

Bu barədə Axar.az-a dünən yolu keçən zaman taksi xidməti göstərən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin dostları məlumat verib.

Bildiriblər ki, hüquq müdafiəçisinin vəziyyəti bu gün daha da ağırlaşıb. Beyinə qansızma daha da genişlənib:

“Sol tərəfi işləmir. Özü nəfəs ala bilmir. Süni nəfəs verirlər”.

Xatırladaq ki, dünən axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

***

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yayıb.

Açıqlamada bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib.

"Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır", - nazirlikdən bildirib.

***

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı növbəti dəfə məlumat yayıb.

Məlumatda deyilir:

"City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək".

***

Oqtay Gülalıyevin əməliyyatı uğurla başa çatıb.

Bu barədə mediaya açıqlamasında tanınmış həkim Adil Qeybulla məlumat verib.

A.Qeybulla narkozdan ayıldıqdan sonra xəstənin reanimasiyaya yerləşdiriləcəyini və reanimasion tədbirlərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, 3-5 gün müddətində müşahidə aparılacaq.

Həkim həmçinin bildirib ki, beyin əməliyyatı keçirən xəstə haqqında proqnoz vermək olduqca çətindir:

"Ancaq xəstənin gənc olması orqanizmin bərpa imkanlarını ümidi artırır".
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU