17 okt 10:56Sosial

Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb

Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırılıb, cari ilə nisbətən 16,9 faiz çox olub, 697 milyon manat əlavə vəsait məhz əhalinin ödənişlərinə yönəldiləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ümumi sosial sığorta yığımlarında 22,5 faiz artım olub: “Fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payı artıb. Transfertin məbləği cari illə müqayisədə 81 milyon manat artacaq. Transfertin məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma deməkdir. Bu da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir”.

S.Babayev əlavə edib ki, əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaq: “Yəni, ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində olacaq. Ümumi artımın 16,6 faiz olacağı gözlənilir. 651 milyon 700 min manat məbləğində artım gözlənilir. Bu 651 milyon 700 min manatın 475 milyon manatı məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən əməkhaqqı artımları nəticəsində ölkədə orta əməkhaqqının artmasının nəticəsi olacaq”.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin strukturunun optimallaşdırılması üzrə görülən işlərdən danışan nazir deyib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb: “Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Qeyri-büdcə təşkilatlarının sayı artıq 68 faizə çatıb ki, büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək”.

S.Babayev vurğulayıb ki, xərclər 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttiniİşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcək: “Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır”.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU