11 sen 21:17Sosial

İcra başçısı çiyələk yetişdirilən sahədə kəndlilərlə görüşüb

İcra başçısı çiyələk yetişdirilən sahədə kəndlilərlə görüşübBu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir. Son illər respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, sahibkarlara, sadə fermerlərə göstərilən diqqət və qayğı, bu sektorda çalışan insanlar üçün geniş imkanların açılması bunun bariz nümunəsidir. Məhz dövlət tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə çalışırlar.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Son 3 ildə rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının, sahibkarlara, sadə kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki, Qazaxda əkin sahələri ildən-ilə genişləndirilir. İstər dövlət başçısı İlham Əliyevin, istərsə də Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısını hər an hiss edən sahibkarlar, sadə kənd sakinləri, təsərrüfat sahibləri əkin sahələri ilə yanaşı, istixanaların da sayını getdikcə artırır. Yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır, yeni layihələr üzərində çalışırlar.

Hər an dövlətin, rayon rəhbərliyinin qayğısını hiss edən təsərrüfat sahiblərindən biri də şəhər sakini Aşırov Nüsrət Kərim oğludur. Ötən yazımızda onun Qazaxda ilk dəfə olaraq yeni üsulla yetişdirilən çiyələk sahəsi salması barədə məlumat vermişdik. Artıq demək olar ki, təsərrüfat rəhbəri öz istəyinə nail olub. Belə ki, çəkdiyi zəhmətin bəhrəsini görür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov N.Aşırovun yeni yaratdığı həmin çiyələk sahəsində olub, görülmüş işlərlə maraqlanıb.
Çiyələk sahəsi haqqında məlumat verən təsərrüfat rəhbəri birinci ildir ki, ilk dəfə olaraq çiyələk becərmək qərarına gəldiyini və Çaylı kəndi ərasizində 4 hektar sahədə çiyələk sahəsi saldığını bildirib. Söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələyin dünya bazarında xüsusi yeri olduğunu da qeyd edib. Məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik olan İspaniyadan gətirilən “Albion” sortu becərildiyini söyləyib. N.Aşırov çiyələk şitillərinin ötən ilin avqust ayında əkildiyini, 1 hektara təxminən 50-55 min ədəd şitil köçürüldüyünü vurğulayıb. Əkilən şitillərin 4 il məhsul vermək qabiliyyətinə malik olduğunu, 1 şitildən birinci il 700-800 qram məhsul götürüldüyünü, ikinci il isə məhsulun 1 kq-dan çox təşkil etdiyini diqqətə çatdırıb. Təsərrüfat sahibi yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və xüsusi qulluq göstərildiyini vurğulayıb. Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır.

Təsərrüfat rəhbəri qeyd edib ki, bu çiyələk sortunun üstün cəhətlərindən biri də odur ki, ilin bütün fəsillərində məhsul götürmək olur. Aprel ayından çiyələk dəriminə başlanıldığını bildirən N.Aşırov hava şəraiti yaxşı olarsa, dərimin noyabr ayına kimi davam edəcəyini qeyd edib. Demək olar ki, hər gün sahədən 250-300 kq çiyələk dərildiyini, dərim zamanı isə 20 nəfərə yaxın işçinin çalışdığını vurğulayıb. Bazarda alıcılıq qabiliyyətinin də yaxşı olmasından razılığını bildirən təsərrüfat sahibi gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır.

Sahədə çalışan sadə kəndlilərlə görüşən rayon rəhbəri onların fikirlərini öyrənib, onlara olan diqqət və qayğı ilə də maraqlanıb. İşçilər rayonda təsərrüfat adamlarına yaradılan şəraitdən, onlar üçün açılan geniş imkanlardan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayığının nəticəsidir ki, onlar yeni iş yerləri açır və bizim kimi xeyli sayda insan da gəlib həmin təsərrüfatlarda çalışır. Onlarla olan bugünkü görüşü minnətdarlıq hissi ilə qarşılayan sadə insanlar bu cür görüşlərin hər bir təsərrüfat sahibinə, bu sahədə çalışan insanlara böyük stimul, güc verdiyini qeyd ediblər. Bu cür görüşləri onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Təsərrüfat adamlarına yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra rayon rəhbəri pomidor əkilmiş istixanadakı mövcud vəziyyətlə də tanış olub. Dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. Rayon rəhbəri olaraq hər zaman sahibkarların yanında olacağını, hər cür dəstək verməyə hazır olduğunu bildirib. Hər iki təsərrüfatda görülən işlərlə tanış olan rayon rəhbəri öz tapşırıq və tövsiyələrini verib, gələcək işlərində ona uğurlar arzulayıb.
XƏBƏR LENTİ
SORĞU