22 avq 09:08Sosial

Pənah Hüseyndən DTK arxivləri ilə bağlı yeni açıqlamalar

Pənah Hüseyndən DTK arxivləri ilə bağlı yeni açıqlamalar
“MTN arxivlərinin məhv ediləcəyi xəbəri verilmişdi”

Tanınmış vəkil Adil İsmayılov facebookda Azərbaycandakı sovetdənqalma agent şəbəkəsi haqda faktlar açıqlayıb. Vəkil DTK-MTN-dəki arxivlərin kimlər tərəfindən yandırıldığını yazıb. O, yazıda Milli Şuradan arxivlərin kimlər tərəfindən möhürlənməsini qeyd edib.

Adil İsmayılov qeyd edib ki, İxtiyar Şirin (Əbülfəz Elçibəy hakimiyyəti dövründə baş prokuror), Tahir Kərimli və Çingiz Qənizadə 1992-ci ilin may hadisələrindən dərhal sonra Milli Şuranın qərarı ilə DTK-nın arxivlərini və bəzi şöbələrini möhürləmişdilər: “Belə bir fikir var idi ki, hakimiyyətdə olan AXC liderləri arasında vaxtilə DTK ilə əməkdaşlıq etmiş şəxslər olduğundan, hətta respublika rəhbərliyində mühüm postlar tutan bəzi şəxslər barəsində MTN arxivlərində ifşaedici materiallar olduğundan onlar arxivləri açmağa tələsmir, özlərinə aid olan sənədləri məhv edirlər. Nazir İlhüseyn Hüseynovun televiziya ilə çıxışını, DTK əməkdaşlarının Ali Sovetin binasında tərk-silah edilməsini, çevrilişdən əvvəl nazirliyin rəhbərinin Moskvada olması, Primakovla və Rusiya xüsusi xidmət idarələrinin başqa rəhbərləri ilə danışıqlar aparmaları barədə məlumatlar vardı. Bütün bunlara baxmayaraq, həmin faktların heç biri yoxlanılmadı, bu orqanda işləyənlər barəsində xidməti yoxlama təşkil edilmədi, çevrilişin təşkilində bilavasitə əli olan əməkdaşlar müəyyən edilərək onların hərəkətlərinə qiymət verilmədi”.

A.İsmayılovun yazdıqları ilə bağlı İxtiyar Şirin bildirib ki, DTK arxivinin qapılarını möhürlədiyi barədə yazılan doğrudur. Arxivin qapısının möhürlənməsinin səbəbi olub: “Keçmiş DTK-nın arxivlərinin açılması məsələsi illərdir aktuallığını qoruyur. Ona görə də tez-tez ayrı-ayrı şəxslərin bu məsələyə toxunması, keçmişdə baş verənlərlə bağlı yazıları təbiidir. 1992-ci ilin may ayında-Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman DTK arxivləri ilə bağlı məsələlər müzakirə olundu. DTK-nın arxivlərinin Rusiyaya qaçırılması təhlükəsi haqqında çox ciddi siqnallar almağa başlamışdıq. Məlumatlarda Azərbaycan DTK-sının arxivlərindəki materialların Rusiyaya qaçırıldığı barədə deyilirdi. Ona görə də belə bir qərar qəbul olundu ki, DTK-nın arxivləri təcili qapadılsın və bu quruma yeni rəhbərlik təyin olunandan sonra açılması məsələsinə baxılsın. Dövlət katibi Pənah Hüseynə və mənə həvalə olundu ki, DTK-nın arxivlərini öz imzamızla möhürləyək və orada rəsmi işçilərə təhvil verək. Pənah Hüseynlə DTK-ya getdik və arxivlərin qapılarını bağlayıb öz imzamızla birlikdə möhürlədik. Möhürlü qapıları DTK işçilərinə təhvil verdik. Bizim işimiz bununla da yekunlaşdı. Sonra quruma yeni rəhbərlik təyin olundu və arxiv məsələsi Milli Məclisdə də müzakirə olundu”.

Pənah Hüseyn isə dünən məsələ ilə bağlı dəqiqləşmə aparıb və DTK arxivlərini nə üçün möhürlədiklərinə, bu addımlarının qanunauyğun olub-olmadığına aydınlıq gətirib: “15 may 1992-ci ildə MTN-in kollegiyasının baş verən hadisələrə qarışmaması və konstitusiyaya sadiq qaldığı haqqında qərarı nazir İlhüseyn Hüseynov tərəfindən imzalı, möhürlü şəkildə, nazirin kabinetində, bütün müavinlərinin iştirakı ilə AXC rəhbərliyinə təqdim edildi. 17 mayda günün ikinci yarısında Nəsib Nəsibzadənin mənimlə təcili görüşmək istədiyini dedilər. Nəsib bəy dedi ki, tələbə yoldaşı, o vaxt MTN mərkəzi aparatında işləyən İman adlı MTN zabiti deyir ki, bir qrupun (konkret iki ad çəkilirdi) adamları tərəfindən, binadakıların da bəzilərinin köməyi ilə MTN binası tutulub yandırılacaq və arxivlər məhv ediləcək. Dərhal MTN binasının mühafizəsinin gücləndirilməsi və xarici perimetrdən qorunması haqqında AXC müvafiq qurumuna tapşırıq verildi. Həmin vaxt Ali Sovetin iclası gedirdi. İclasa Yaqub Məmmədov sədrlik edirdi. Mən AXC sədri Əbülfəz Elçibəyə alınan məlumatı və tədbirlərimizi çatdırdım. Bu barədə Yaqub Məmmədova bildirildi. Ali Sovetin iclasına fasilə verildi. Y. Məmmədovun kabinetində məsələ müzakirə edildi. İlhüseyn Hüseynovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması barədə fərman hazırlandı. Ali Sovet adından deputatlar İxtiyar Şirin və Tahir Kərimli, AXC İcraiyyə Komitəsinin sədri qismində məndən ibarət tərkibdə rəsmi komissiya yaradıldı, həmin komissiyaya MTN binasının bütün giriş, çıxış və iş otaqlarını, kabinetləri, o cümlədən arxivi möhürləmək səlahiyyəti, bunun üçün Ali Sovetin xüsusi möhürü verildi və biz bunu həyata keçirdik. Yalnız xüsusi hökumət rabitə sistemi (PATS) ATS-nin otağı fəaliyyət göstərmək üçün açıq saxlanıldı. Sülhəddin Əkbər milli təhlükəsizlik nazirinin birinci müavini və Fəxrəddin Təhməzov nazir təyin edildikdən sonra MTN binasında iş rejimi tədricən bərpa edildi. Arxivlərin ehtimal olunan məhvinin qarşısı alındı”.

P.Hüseyn sonda vurğulayıb ki, bu möhürləmə məsələsi hələ AXC hakimiyyətə gəlməzdən, İsa Qəmbər Ali Sovetin sədri və o, dövlət katibi olmazdan əvvəl Ali Sovetin qərarı ilə tamamilə qanuni formalarda həyata keçirilib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU