26 iyl 23:08Sosial

Fuad Əliyev: "Bələdiyyə seçkiləri üçün hazırlaşmırıq"

Fuad Əliyev: "Bələdiyyə seçkiləri üçün hazırlaşmırıq"Yayda və ya payızda növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar belə görünür ki, gerçəkləşmədi. Müxalifət düşərgəsində bir çoxları hətta buna köklənmişdi və hazırlıqlara başlamışdı. Artıq əminliklə söyləmək olarmı növbədənkənar seçki olmayacaq? Müxalifətin bu il üçün hədəfi qışda-dekabrın sonunda keçiriləcək bələdiyyə seçkiləri olmalıdırmı?

ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, bu il növbədənkənar parlament seçkilərinin olmayacağını artıq əminliklə söyləmək mümkündür: “Artıq bələdiyyə seçkilərinə az vaxt qalıb. Dekabrda keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına oktyabrda start verilməlidir. Oktyabra isə az vaxt qalıb. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri gələn ilin mayında keçirilə bilər. Hər bir halda biz müxalifət olaraq payız və qışın ilk ayını parlament seçkiləri deyil, bələdiyyə seçkilərinə yönəlik prosesləri müşahidə edəcəyik. Çox az ehtimal olsa da bələdiyyə seçkiləri ilə eyni gündə parlament seçkiləri qərarı verilməsini də tamamilə istisna etmək olmaz.

Bələdiyyələrin funksiyalari, qanunla verilən səlahiyyətlərinin çoxunun həyata keçirilmədiyinin şahidiyik. Bələdiyyələr müstəqil deyil. Dolayısı ilə icra hakimiyyətinin bir strukturu kimi fəaliyyət göstərir. Odur ki, biz ALDP olaraq bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab etmirik. Bələdiyyə seçkiləri kampaniyasının verəcəyi az-çox ictimai aktivliyi biz növbəti parlament seçkilərinə hazırlıq üçün istifadə etməyi məqsədəuyğun sayırıq. İlk bələdiyyə seçkilərində - 1999-cu ildə 600 ALDP üzvü bələdiyyə üzvü seçilmişdi. İkinci və üçüncü dəfə keçirilən bələdiyyə seçkilərində isə bir nəfərin də seçilməyinə imkan verilmədi. Həm də buna görə bu il keçiriləcək bələdiyyə seçkilərinə qatılmağı düşünmürük və bələdiyyə seçkiləri üçün hazırlaşmırıq. Partiya üzvləri sərbəstdirlər seçimlərində. Kimlərsə iştirak edə bilər, amma partiya onlara dəstək verməyəcək”.
XƏBƏR LENTİ
SORĞU