12 iyl 18:29Sosial

Rafael Cəbrayılov: “Aliment fondu yaradılmalıdır!”

Rafael Cəbrayılov: “Aliment fondu yaradılmalıdır!”“Bütün mübahisəli məsələlərin məhkəmədə mövcud qanunlar çərçivəsində həll edilməsi hüquqi dövlətin vacib əlamətlərindəndir. Göründüyü kimi, qanunvericilik alimenti ödəməkdən yayınan şəxsin inzibati qaydada tənbeh edilməsi, daha sonra isə cinayət cəzasına məhkum edilməsini nəzərdə tutur. Bu alimentə möhtac olan uşaqların problemlərini həll etmir. Əksinə, bu problem daha da dərinləşir. Bu qəbildən olan uşaqlar lazımi səviyyədə təlim-tərbiyə, təhsil ala bilmir. Sonda, yenə də uduzan cəmiyyət və xalq olur. Buna görə də aliment problemi ciddi şəkildə həll edilməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.

Deputat bilridib ki, istənilən məsələnin məhkəmədə həll edilməsi ədalət mühakiməsinin əsas hissəsi olsa da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası yekun və çətin mərhələdir. Onun sözlərinə görə, çoxlu sayda maliyyə tutumlu məhkəmə qərarları var ki, bu qərarlar qanuni qüvvəsini alsalar da icrası ciddi çətinliklərlə qarşılaşır.

“Bu kateqoriyadan olan məhkəmə qərarları içərisində alimentlə bağlı qərarları xüsusilə vurğulamaq istərdim. Digər məhkəmə qərarlarının vaxtında icra edilməməsi bəlkə də ciddi problemlər törətməzdi. Amma alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi, ya da icrasının ləngidilməsi ciddi fəsadlar törədir. Çünki aliment normal ailə mühiti və hər iki valideynin birgə nəvazişindən məhrum olmuş uşağa verilir. Onun gündəlik yaşamı, böyüməsi, inkişafı, tərbiyəsi, təhsili və sair üçün alimentin vaxtında verilməsi zəruridir. Nəzərə alsaq ki, əksər hallarda azyaşlı uşaq ana ilə qalır, onda alimentin vaxtında verilməsinin zəruriliyini daha yaxşı anlayarıq. Bazar iqtisadiyyatı prizmasından baxsaq mənzərə daha aydın görünər. Təəssüflə qeyd etmək istərdim ki, alimentlə bağlı məhkəmə qərarlarının icra vəziyyəti bərbaddır. Alimentin ödənilməməsi və ya vaxtında ödənilməməsi həmin uşağın həyatında problemlərin meydana çıxması deməkdir. Nəzərə alsaq ki, söhbət xalqımızın genefondunun daşıyıcısı, xalqımızın gələcəyi olan uşaqlardan gedir, onda məsələnin həllinə cox ciddi yanaşmaq lazımdır”.

R. Cəbrayılov problemin həlli üçün Aliment fondunun yaradılmasını təklif edir.

“Mən həmişə o fikirdə olmuşam ki, Aliment fondu yaradılmalı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə alimentlər həmin fond tərəfindən vaxtında ödənilməlidir. Ödənilmiş məbləğ sonra reqress iddia qaydasında cavabdehdən alınaraq həmin fonda bərpa edilməli və alimentə möhtac olan uşaqların təlim-tərbiyəsi istiqamətində dövlət zəruri addımı atmalıdır. Alimenti ödəməyə maddi imkanı olmayan valideynlərin de kifayət qədər olduğunu nəzərə alsaq, onda bu addımın zərurətini daha aydın görərik. Alimenti hansı səbəbdən olursa olsun ödəməyən şəxs mövcud qanunvericiliyə görə əvvəlcə inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb edilir. Amma yenə də problem həll edilmir. Bu baxımdan aliment fondunun yaradılması çox vacibdir”, - deyə, deputat qeyd edib.
loading...
XƏBƏR LENTİ
SORĞU