25 iyn 18:37Sosial

Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqı əsgərlərimizi təbrik edib

Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqı əsgərlərimizi təbrik edib  Əziz generallar, zabitlər, əsgərlər və əziz qazilərimiz! İlk öncə sizi səmimi qəlbdən Azərbaycan Respublikasnın Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edirik. Xüsusilə də hazırda döyüş sıralarında olan Azərbaycan övladlarını salamlayırıq. Siz torpaqlarımızı, dünyada yaşayan hər bir azərbaycanlının Vətənini qoruyursunuz.

Milli ordunun yaradılması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ən mühüm qərarlardan biri idi. Təəssüf ki, cəmi 23 ay mövcud olan AXC 1920-ci ildə süquta uğradılmış və Azərbaycan müstəqilliyini itirmişdi. Azərbaycanın suverenliyi 1991-ci ildə bərpa edilmiş və müstəqilliyimizin ilk iki ili Vətənimiz üçün olduqca ağır və faciəvi keçmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal edilmişdi. Lakin Azərbaycan xalqı və rəhbərliyi ruhdan düşməyərək, ordunun daha da güclənməsi naminə əlindən gələni əsirgəmədi. Son üç il isə Azərbaycan ordusu üçün asan olmadı. Hərbiçilərimiz orduya inamı, Azərbaycan zabitinin və əsgərinin nüfuzunu artırdılar. Bütün dünya gördü ki, bizim ordumuzda doğru qərar qəbul edən və zəfər çala bilən ürəkli və iradəli hərbiçilər qulluq edir. Bizim həmvətənlilərimizin rahatçılığı, həyatı, ata yurdumuzun taleyi onların rəşadətlərindən asılıdır.

2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Qarabağ torpağının bir hissəsi mənfur düşməndən azad edildi, 2 min hektar ərazi düşmən tapdağından qurtuldu. Erməni işğalçıları tərəfindən qaızlan səngərlərdə bu gün bizim əsgərimiz xidmət edir. Lələtəpədə, Ağdərə dağlarında şanlı bayrağımız dalğalanır. Ordumuz düşməndən, bizə mühüm üstünlük verən strateji yüksəklikləri almağa müvəffəq olub. Bu hadisələr zamanı ordumuz əsl qəhrəmanlıq, peşəkarlıq və şücaət nümayiş etdirmiş oldu. Ordumuz yenə sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğal ilə barışmayacaq.

2018-ci ildə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyatı nəticəsində 1990-cı illərdə ermənilər tərəfindən igal edilmiş 11 min hektara yaxın Naxçıvan torpağı azad edildi. Günnüt əməliyyatı yüksək peşəkarlıq və ustalıqla yerinə yetirilmişdi. Həmişəki kimi, hərbiçilərimiz qəhrəmanlıq və şücaətlərini nümayiş etdirmiş oldular. Biz strateji yüksəklikləri qaytardıq. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı onu göstərdi ki, ordumuz qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdır. Biz xüsusi ilə bu əməliyyatların iştirakçılarına sərgilədikləri xidmətə, şücaətə, ərliyə, qəhrəmanlığa, qarşılarına qoyulan vacib və çətin tapşırıqları qüsursuz və parlaq şəkildə yerinə yetirdikləri üçün təşəkkür bildirmək istərdik. Bu faktlar onu sübut edir ki, bu gün bizim ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ordumuz hər an ərazi bütövlüyümüzün bərpa edilməsinə hazırdır. Azərbaycanlılar heç vaxt Ermənistan tərəfindən qaynaqlanan status-kvo ilə barışmayacaqlar. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz iqtisadi gücə, hərbi qüvvətə, vətənpərvərlik ruhuna sahibik. Ordumuzun uğurlu son əməliyyatları bir daha bizim hərbiçilərin, xalqın vətənpərvərlik ruhunu gücləndirir və bizi əmin edir ki, Azərbaycan Silahlı Qüvvələri istənilən tapşırığı yerinə yetirməyə qadirdir və hazırdır.

Ən xoş sözləri isə hərbiçi ailələrinə ünvanlamaq istərdik. Hərbiçi ailəsi ordunun əxlaqi dayağıdır. Ən fədakar və sadiq qadınlar sizin analarınız, yoldaşlarınızdır. Bir daha bizim ən səmimi təbriklərimizi qəbul edin. Sizə və yaxınlarınıza sağlamlıq, xoşbəxtlik və səadət arzulayırıq. Var olsun Azərbaycanın Silahlı Qüvvələri! Bayramınız mübarək!

Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidməti
loading...
XƏBƏR LENTİ
SORĞU