08 iyn 12:53Sosial

Lənkəranlı fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı mövzusunda maarifləndiriliblər

Lənkəranlı fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı mövzusunda maarifləndiriliblərAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması “ layihəsi çərçivəsində Lənkəranda yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib. Tədbirdə Lənkəran RİH-nin nümayəndələri, rayonun müxtəlif kəndlərindən olan 30-dan artıq fermer və kiçik sahibkarlar iştirak ediblər.

Ərazisində ekoloji təmiz torpaqların payına görə Azərbaycanın dünyanın aparıcı 10 ölkəsi sırasına daxil olduğunu qeyd edən layihə rəhbəri Səlim Balayev bildirib ki, əlverişli təbii iqlim qurşağında yerləşməsi, sutkanın təqribən 10 saatının günəşli olması Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş imkanlar yaradır.

Digər tərəfdən isə dövlətin də bu istiqamətdə marağı və dəstəyi ortadadır. Belə ki, 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bunun ardınca bir sıra normativ-hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Made in Azerbaijan” brendinin dünyada tanıdılması məqsədilə 10-dan artıq ölkədə “Azərbaycan Ticarət Evi” yaradılıb. Həmin ticarət evlərində daimi sərgilər fəaliyyət göstərir ki, burada da ölkəmizdə istehsal olunan 150 çeşiddən artıq ekoloji təmiz məhsullar sərgilənməkdədir.

Tədbirin məqsədinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı üzrə zəruri aqrotexniki tədbirlər barədə fermer və kiçik sahibkarların bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olduğunu deyən ekspert Zəfər Miriyev bildirib ki, layihənin icrası üçün respublikanın cənub bölgəsi ( Lənkəran, Lerik və Astara rayonları) əbəs yerə seçilməyib. Belə ki, hələ sovet dönəmində bu bölgə keçmiş İttifaqın faraş tərəvəz və bostan bitkiləri ilə əsas təminatçısı olub. Müstəqillik illərində Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsinin də inkişaf etdirilməsini qarşıya məqsəd qoyub və bu istiqamətdə lazımı tədbirlər görülməkdədir. O, çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanundan irəli gələn tələblər, eləcə də məhsul istehsalının daha da genişləndirilməsinin zəruriliyi, satış bazarlarının müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Seminarda qonaq qismində iştirak edən 1 saylı Ərazi üzrə Ekalogiya və Təbii Sərvətlər Şöbəsənin məsləhətçi- mütəxəssisi Ramin Quliyev ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı zamanı fermer və kiçik sahibkarların əsas diqqət yetirməli olduqları vacib məqamlar, eləcə də yol verilən nöqsanlar zamanı qanunvericilikdə təsbit olunmuş cərimələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Çay fasiləsindən sonra diskusiya şəraitində davam etdirilən seminarda fermerlərin mövzu ilə bağlı bağlı sualları cavablandırılıb, tövsiyyələr verilib. Suallardan belə aydın olub ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının daha da genişləndirilməsinə fermerləri əsas narahat edən məsələ kənd əhalisinin suvarma suyuna birbaşa çıxışın olmasıdır. Suvarma suyunun azlığından sahələr aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmır, bu isə nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəricilərini çox ciddi şəkildə aşağı salır. Məsələyə münasibət bildirən layihənin eksperti Zəfər Miriyev tarlaların suvarma suyu ilə lazımi qaydada təchiz edilməsi üçün əlaqədar təşkilatlara-yerli bələdiyyə və icra nümayəndələrinə vaxtında müraciət edilməsinin zəruriliyini bildirib. Eyni zamanda, yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğulayıb.

O, həmçinin, fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bildi.
Tədbirin sonunda layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzulayıb. Fermerlər isə öz növbəsində seminarın onlar üçün çox faydalı olduğunu, analoji tədbirlərin keçirilməsinə rayonun digər təsərrüfatlarda da ehtiyac duyulduğunu bildiriblər.

XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU