21 may 16:42Sosial

QHT Şurası Azər Həsrətdən açıqlama gözləyir, KİVDF isə Rey Kərimoğlundan...

QHT Şurası Azər Həsrətdən açıqlama gözləyir, KİVDF isə Rey Kərimoğlundan...Əməkdar jurnalist Azər Həsrət özünün Facebook səhifəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi ilə bağlı fikirlərini paylaşıb.

Jurnalist Rey Kərimoğlu isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun da (KİVDF) ləğv edilməsi təklifini irəli sürüb.

Məsələ ilə bağlı Modern.az hər iki qurumun üzvünün fikirlərini öyrənib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bildirir ki, Azər Həsrət bunu zarafat mənasında yazıb.

“Azər Həsrət QHT Şurasının əhəmiyyətini bilən şəxsdir. Özü də zaman-zaman həmin şuradan səfər etmək üçün gah maliyyə dəstəyi alıb, gah da layihələri icra edib. İndi də QHT üzvü kimi səfərləri Şura tərəfindən maliyələşdirilir və beynəlxalq tədbirlərdə iştirak edir. Sözün düzü Şura rəhbərliyi, Şura üzvləri həmin statusu gördü və onu zarafat kimi qəbul edib, dostcasına cavab verdi. Hər halda, Azər Həsrət özü buna açıqlama verəcək və Şura kimi vacib bir qurumun ləğv olunmasını təklif etməz. Şura ixtisaslaşmış orqandır, QHT-lərə maddi yardımdan əlavə daha böyük istiqamətdə kömək göstərir. Praktik olaraq dövlətin vətəndaş cəmiyyətinə yönələn siyasətində əhəmiyyətli rol oynayır. Cəmiyyətdə əksər təbəqənin bu işlərdən xəbəri olmasa da, Azər Həsrət bunu çox gözəl bilir. Ümid edirik ki, buna bir açıqlama verəcək”.

“Ruh” Jurnalistlərin İctimai Müdafiə Komitəsinin sədri, KİVDF üzvü Əvəz Rüstəmov qeyd edir ki , KİVDF və QHT Şurasının ləğvini proqressiv təklif kimi saymır.

“Hərənin öz düşüncə tərzi var. Yəqin ki, Azər Həsrət bu fikri nəyəsə görə deyib. Qeyri-hökumət təşkilatlarının ayaqda qalması üçün QHT-lərə Dəstək Şurası xeyli işlər görüb. Hər iki qurum kifayət qədər fəaliyyət göstərib. Müəyyən problemlər ola bilər ki, bu da hər sahədə var. Həmin problemlərə görə qurumların ləğv edilməsinin təklifi düzgün hal deyil. Hazırda sistemli olaraq hər iki qurum öz fəaliyyətini davam etdirir və gələcəkdə daha yaxşı fəaliyyət göstərəcək”.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU