24 apr 22:22Sosial

Əli Kərimlinin “təbliğat maşını” necə xarab oldu? – Prezident köməkçisinin bir yazı ilə qoyduğu nöqtə

Əli Kərimlinin “təbliğat maşını” necə xarab oldu? – Prezident köməkçisinin bir yazı ilə qoyduğu nöqtəMüxalifətçilik demokratik dövlət idarəçiliyin çoxsaylı şərtlərindən biridir. Demokratik inkişaf yolunu tutan, bu yöndə ardıcıl və prinsipial siyasi islahatlar həyata keçirən Azərbaycan dövlətinin uğurları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir.

Hətta rəsmi Bakıya qarşı qərəzini həmişə gizlətməyə müvəffəq olmayan bəzi beynəlxalq qurumlar belə Azərbaycanda demokratik təsisatların mövcudluğunu, ölkədə söz və ifadə azadlığının təmin olunmasını dana bilmir. Bu sırada bütün uğurları birmənalı şəkildə danan təəssüf ki, sapı özümüzdən olan baltalardır - hər şeyi qara görməyə vərdiş etmiş, bəzilərinin "radikal”, başqalarının "dağıdıcı” adlandırdığı konstuktiv qüvvələr.

Öz dövlətinə, üzərində gəzdiyi torpağa şər atmağı siyasi biznes növünə çevirməkdən çəkinməyənlər isə həmişə tətikdədir. Fürsət gözləyirlər tənqid etməyə, bəhanə axtarırlar vətəndaşlar arasında ruh füşkünlüyü yaratmağa. Əllərinə düşən ən kiçik bəhanədən belə "mitinqə çağırış” üçün istifadə etməyi özlərinə peşə seçənlərin nəyəsə nail olacağı mümkün deyil. Bu təfəkkür və düşüncəylə onlar "əbədi müxalifət” statusunu boylarına biçiblər. Varolma səbəblərinin heç bir daxili impulsu yoxdur, onları ayaqda saxlayan istədikləri vaxt dövriyyəyə buraxaraq Azərbaycan dövlətindən hansısa umacaqlarını reallaşdırmaq istəyən xarici güclərdir. Ayıq oxucu söhbətin hansı güclərdən getdiyinin fərqinə vardığına inandığımızdan bu mövzu üzərində çox dayanmayacağıq.

Bunlar öz yerində. Amma bir həqiqət də var ki, həmin destruktiv qüvvələrə tutarlı cavab verilmədikcə daha da azğınlaçırlar. Özlərini qismən rahat hiss etdikləri virtual aləmdə çoxsaylı saxta profillər sayəsində ictimai fikri bulandırmağa, həmin bulanıq ictimai fikir üzərində məqsədlərinə çatacaqlarını düşünürlər. Məhz bu baxımdan həmin qüvvələrə almalı olduqları cavab verilməliydi və verildi. Söhbət Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun qələmə aldığı sonuncu məqalədən gedir. Demək olar ki, ölkənin bütün aparıcı media orqanlarında dərc olunan və yüksək oxunma göstəricilərinə çatan həmin yazıda bu qüvvələrin iç üzü növbəti dəfə açılır və ictimaiyyətə göstərilirdi. Bu baxımdan həmin yazıdan bəzi seçmələrə göz ataq:

"Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları "zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”.

Təbii ki, bu özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”.

Yazıdan başqa bir sitat: "2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

"PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri-müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq”.

Prezidentin köməkçisi bir məqalə ilə müxalifət düşərgəsinin Formula 1 yarışması ilə bağlı sosial şəbəkələrdə qurduğu təbliğat maşınını "sındırdı”, onların bütün arqumentlərini darmadağın etdi. Bu, həmin qüvvələrin ən güclü təbliğat arqumentlərinin daha birindən imtinası demək idi. Zatən, aktivlərində hətta arqumentləşdirəcəkləri bəhanə belə qalmayıb. Prezident İlham Əliyevin əhalinin sosial-iqtisadi rifahı naminə reallaşdırdığı böyük layihələr onları əliyalın və məzlum duruma salıb. Formula 1 yarışları ilə bağlı ümüd etdikləri anti-təbliğat kampaniyası isə Prezidentin köməkçisi Əli Həsənovun qələmi ilə sıradan çıxarıldı.
Gələcək isə daha aydın görünür. Prezident İlham Əliyevin rəhbərliyi altında yeni zirvələr fəth edəcək Azərbaycanımıza da məhz aydın gələcək yaraşır.

Nahid Canbaxışlı
Vətəninfo.az baş redaktoru
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU