21 dek 21:41Sosial

QHT Şurası elektron xidmətdə də yeniliklər edəcək

QHT Şurası elektron xidmətdə də yeniliklər edəcəkElməddin Behbud
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri


Əziz həmkarlarım, iki gün öncə biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildən etibarən tətbiq edəcəyi yeni elektron xidmətlərdən birini – ölkəmizdə ilk dəfə istifadə olunacaq "Vətəndaşların layihələrin qiymətləndirilməsi” proqramını müzakirə etdik. Fikir mübadiləsinə qatılan və maraqlı təkliflərlə çıxış edən dostlarımıza bir daha təşəkkür edirəm. Biləsiniz ki, müzakirələr zamanı verilən hər bir təklif Şurada diqqətlə araşdırılır və ictimai faydalılığı olduğu halda proqramın daha da təkmilləşdirilməsi məqsədilə nəzərə alınır.

İndi isə Şuranın gələn il ilk dəfə tətbiq edəcəyi daha bir elektron xidməti sizin müzakirənizə təqdim etmək istəyirəm. Bu "müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və “E-növbə” xidmətidir.

Bildiyiniz kimi, indiyədək QHT-lər qrant müqaviləsinin bağlanması üçün razılaşdırılması nəzərdə tutulan sənədləri e-mail vasitəsilə Şuraya göndərirdilər. Müqavilə bağlanması prosesi isə tərəflər üçün münasib olan vaxt çərçivəsində tənzimlənmirdi. Bu da bəzən növbələrin yaranmasına və müqavilə bağlanması prosesinin uzanmasına səbəb olurdu.
Haqqında danışdığım bu yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılmasını və bu mərhələ başa çatdıqdan sonra müqavilə imzalanması üçün vaxtı “E-növbə” xidməti vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi imkanını təmin edəcək.
Bu iki elektron xidmətlə bağlı meydana çıxan sualları ümumiləşdirərək onun 2 başlıca üstünlüyünü diqqətinizə çatdırmaq istəyirəm:

1. Minimum təmas, maksimum kommunikasiya rahatlığı

Bildiyimiz kimi indiyədək müsabiqə qalibi olan QHT-lər qrant müqaviləsinin bağlanması üçün razılaşdırılması nəzərdə tutulan sənədləri e-mail vasitəsilə Şuraya göndərirdilər. Bu zaman təqdim olunan yeni sənədlərlə QHT-lərin müsabiqə dövründə Şuranın elektron bazasında (e-ərizə) daxil etdiyi sənədlər arasında müəyyən uyğunsuzluq əmələ gəlirdi. Buna görə QHT-lər layihə üzərində əlavə iş aparmağa məcbur olurdu. Yeni elektron tətbiqdən sonra isə QHT-lər bu dəyişiklikləri Şuranın elektron bazası üzərində aparmaq imkanına malik olacaqlar.
İndiyədək müqavilə bağlanması üçün QHT-lərin Şuraya dəvət olunmasını Katiblik əməkdaşları həyata keçirirdi. Bəzən isə QHT-lər müqavilə imzalamaq üçün üçün heç bir xəbərdarlıq etmədən özləri Şuraya gəlirdilər. Bu da növbələrin yaranmasına və vaxt itkisinə səbəb olurdu. Tətbiq olunacaq yeni elektron xidmət isə QHT-lərə bu vaxtı özünün müəyyən etməsinə imkan verəcək. QHT proqrama daxil olmaqla ayın tarixlərini və hələ tutulmamış, sərbəst saatları görə biləcək. Beləliklə, QHT nümayəndəsi Şuraya gəlmək üçün istədiyi dəqiq tarixi və vaxtı rahat şəkildə seçərək vaxtına qənaət edəcək.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Əvvəllər QHT müqavilə bağlanması üçün bütün sənədləri hazırladıqdan sonra Şuraya dəvət olunurdu və Katiblik əməkdaşı QHT-nin iştirakı ilə müqaviləni tərtib edirdi. QHT bundan sonra sənədi imzalayırdı. Yeni xidmətin tətbiqiylə bu sahədə də ciddi dəyişiklik olunacaq. QHT proqram vasitəsilə müvafiq sənədləri razılaşdırdıqdan sonra Katiblik əməkdaşı müqaviləni QHT nümayəndəsinin iştirakı olmadan hazırlayacaq. İmzalanmaq üçün hazır olan bütün müqavilələr bir masanın üzərinə qoyulacaq. Katibliyin bir nəfər əməkdaşı isə müqavilələrin imzalanması prosesinə yalnız texniki nəzarəti həyata keçirəcək. QHT Şura Katibliyinə gələrək müəyyən olunmuş yerdən müqaviləni götürərək onu imzalayacaq. QHT-lərin imzaladığı müqavilələr Şura Katibliyinin icraçı direktoru tərəfindən imzalandıqdan sonra yenidən həmin masaya qoyulacaq. QHT layihənin qeydə alınması barədə bildiriş üçün Şuraya gəldikdə qrant müqaviləsinin də bir nüsxəsini özüylə götürəcək. Bununla da Katiblik əməkdaşları ilə canlı təmas tamamilə aradan qalxacaq və müqavilələrin bağlanması prosesində nəzəri cəhətdən mümkün subyektiv amillər aradan qalxacaq.

2. Müqavilə bağlanması prosesinin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsi

Müqavilə bağlanması üçün sənədlərin Şura ilə razılaşdırılmasında Katibliyin iki əməkdaşı (proqram üzrə nəzarətçi və mühasib) iştirak edir. Katibliyin hər iki əməkdaşı ayrılıqda müvafiq təlimatları QHT-yə elektron poçt vasitəsilə göndərərək razılaşdırırdılar. Bu da Katiblik əməkdaşlarına layihə sənədlərində QHT-nin apardığı düzəlişlərin izlənməsinə çətinliklər yaradırdı. Tətbiq olunacaq yeni proqramda isə Şura Katibliyinin proqram üzrə nəzarətçisi və mühasibinin göndərdiyi bütün təlimatlar, eləcə də QHT-nin bununla bağlı yazdığı cavablar “vahid pəncərə”də görünəcək.

Göründüyü kimi bu xidmətin tətbiqi də müqavilənin bağlanması mərhələsində operativliyin artırılmasını, QHT-lərə daha keyfiyyətli xidmətin göstərilməsini təmin edəcək
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU