17 noy 13:09Sosial

Mərd oğullarımız istiqlal tarixində mühüm səhifə açıb - Sona Vəliyeva

Mərd oğullarımız istiqlal tarixində mühüm səhifə açıb - Sona VəliyevaÖzbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində geniş konsert təşkil olunub.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində geniş konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə səfirliyimizin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Azərbaycandan gələn tanınmış alimlər, Daşkənddə aparıcı universitetlərin müəllim və tələbələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

AMM-in direktoru Samir Abbasov cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu respublikanın müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri haqqında danışıb. O, 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdırıb, xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının vacib məsələ olduğunu qeyd edib, bu mövzuda Özbəkistanda keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva müstəqil, azad və demokratik bir cümhuriyyət yaratmaqla şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələn Azərbaycanın mərd oğullarının xalqımızın istiqlal tarixində mühüm bir səhifə açdıqlarını qeyd edib.

Natiq cümhuriyyət dövründə Azərbaycanın yaradıcı insanlarının fəaliyyəti, elmimiz və ədəbiyyatımızın inkişafı haqqında danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli özünüdərk, müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut və bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlardan danışıb.

Özbək tarixçisi Şuxrat Salamov XX əsrin əvvəllərində çətin və mürəkkəb bir dövr olmasına baxmayaraq Türküstan və Azərbaycan xalqlarının öz istiqlaliyyəti uğrunda mücadilə etdiyini qeyd edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi qaldığını söyləyib. Natiq bu istiqamətdə təbliğati tədbirlərin, mədəniyyət, ədəbiyyata aid layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib.

Sonra Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan “SOQDİANA” Xalq Çalğı Alətləri Orkestrinin Azərbaycan bəstəkarlarının ölməz əsərlərindən ibarət konserti təqdim olunub.

Konsert proqramının bədii rəhbəri Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximova, dirijoru beynəlxalq müsabiqələr laureatı Qəhrəman Bazarov olub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası ilə başlayan konsertdə “Sarı gəlin”, “Ay Laçın” “Çahargah rapsodiyası”, “Anadır arzulara Qarabağ”, “Dostluq nəğməsi” və s. əsərlər səslənib.

Konsert proqramında Beynəlxalq müsabiqələr laureatı, Özbəkistanın tanınmış sənət ustaları Masuma Boltabaeva, Rüstəm Əlimərdanov, Səncər Qədirov, Sərdar Pirimov, Dilşod Fazilov, Lobar Cumadilova və başqaları çıxış ediblər.
loading...
XƏBƏR LENTİ
SORĞU