“Üzrü günahından betər” olanlar... - Əmrah Fəqanoğlu yazır

“Üzrü günahından betər” olanlar... - Əmrah Fəqanoğlu yazırƏmrah Fəqanoğlu

Hər kəs kimi, mənim də başıma gəlib. Özü də bir yox, bir neçə dəfə. Bəzən özümə “boş ver, bu da keçər”lə təskinlik vermişəm, bəzənsə nə qədər çalışsam da, ovuna bilməmişəm, layiq olduqaları kəlməni üzlərinə deməklə yanaşı, səlahiyyət həddini aşdıqlarına, öz vəzifələrini düzgün icra etmədiklərinə görə layiq olduqları cəzanı almaları üçün böyüklərinə şikayət yazmışam. Başlayım elə yol polislərindən. Təxminən beş ay bundan əvvəl Nizami rayon yol polisinin inspektoru heç bir fakta istinad etmədən məni qayda pozmaqda günahkar bilib, tərtib etdiyi protokola imza atmağıma təhrik etmişdi. Özü də komandiri ilə birlikdə. Bu barədə daxili işlər nazirinin elektron poçtuna onlayn qaydada ümvanladığım şikayət ilkin mərhələdə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısına yönləndirilmişdi, o da məni dəvət edib, izahat aldı, sonda da dedi, arxayın ol, həmin yol polisi cəzalandırılacaq, protokol ləğv ediləcək. Əsas tələbim iddia olunan qayda pozuntusunu törətməyimə dair video, yaxud foto görüntünün təqdim edilməsi idi. Üstündən xeyli vaxt ötdü, həmin təhqiqatçıya zəng edib araşdırmanın nəticəsi ilə maraqlandım. Mənə kobud cavab verib, “o videogörüntülər var” dedi, amma təsvir etməyindən başa düşdüm ki, doğru danışmır. Çünki onun təsvir etdiyi istiqamətdə ümumiyyətlə hərəkət etməmişdim. Bununla belə, razılaşıb, “xahiş edirəm, o görüntü mənə təqdim olunsun” söylədim. Acıqla cavabı bu oldu ki, yaxşı, ünvanınıza göndəriləcək. O “yaxşı”- bu “yaxşı”, həmin gündən nə təhqiqatçıdan soraq gəldi, nə də foto-video görüntü üzə çıxdı. Bununla da şikayətimin uzun sürən hekayəti birdəfəlik qapadılıb tarixə kömüldü. Cəriməni də üstünə dəbbə pulu gəlməsin deyə, banka gedib ödədim... Mənim qənaətimə görə, həm haqsız yerə cərimə ödəməli oldum, həm də sürücülük sənədimə üç bal yazıldı... Şikayətimə baxılmamasına və tələbimin nəticəsiz qalmasına görə isə nə üzrxahlıq edən oldu, nə də özünü günahkar bilən...

O gün də yanacaqdoldurma stansiyasında “Kapital” bankın kartı vasitəsilə ödəniş edəndə bank sistemində yaranan nasazlığa görə kart bağlandı. (Sözügedən bank sistemində belə hallarla şəxsən bir neçə dəfə rastlaşmışdım.) Ertəsi gün səhər saatlarında bankın metronun Həzi Aslanov stansiyası yaxınlığındakı filialına gəldim, 1 saatlıq növbədən sonra əməliyyatçya yaxınlaşanda sistemin dayandığını və bir qədər gözələməymi bildirdi. Yenidən iyirmi dəqiqə də gözlədim, üç manata yaxın ödəniş etməyim müqabilində guya kartı açdı. Guya ona görə deyirəm ki, bankın qarşısındakı bankomat yenə də kartı qəbul etmədi. Filial müdirinə yaxınlaşıb, problemi dedim, həm də vaxtilə kartın bankdan iki surət verildiyini, ikisində də eyni problem yarandığını izah etdim. Sözü bu oldu ki, sabah o biri kartı gətir, növbədənkənar həll olunar. Ertəsi gün ikinci kartla gəldim və yenə də həmin problem. Filial direktoru isə, üzrxahlıq etmək əvəzinə, yenidən uzun-uzadı növbəyə durub, əməliyyatçıya müraciət etməyi məsləhət gördü. Bankda yaranan sistem fəaliyyətsizliyi ilə bağlı itirdiyim vaxta və xidmətin sıfır səviyyəsində olmasına görə üzrxahlıq etmək əvəzinə, məni borclu çıxarmağa mənasız cəhd göstərdi. Təsəvvür edin, bank sistemində yaranan problemə görə kartının kodu bağlanır, banka gəlirsən, səndən üç manata yaxın pul alırlar ki, kartı aktivləşdirdik, onların gözü qarşısında yenə də kartdan pul çıxara bilmirsən və sonda səni borclu çıxarırlar.

İctimai nəqliyyatdan, xüsusən də avtobuslardan istifadə zamanı da tez-tez sürücülərin kobudluğu ilə qarşılaşıram, əslində isə sərnişinlərlə nəzakətli davranmaq onların bir nömrəli vəzifəsidir. Məsələn, bu günlərdə Yasamaldakı ASAN xidmətin qarşısında 18 saylı marşrut üzrə hərəkət edən avtobuslardan birinə minmək istəyirdim, içəri boş ola-ola sürücü qapını açmırdı. Nəhayət, nazlana-nazlana qapını açdı, “niyə bayaqdan açmırdınız?” soruşanda hikkə ilə “siz camaata yaxşılıq yoxdu də, deyirdim arxaya keçsinlər, sonra açım”-deyə minnət qoymağa başladı. Mən isə salonu göstərib, “burada heç bir sıxlıq yox idi” cavabladım, amma sürücü avtobus idarə edəndən daha çox “razborka” edən sifəti alıb, uca səslə qıcıq doğuran sözlər işlətməyə, hədə-qorxu gəlməyə davam elədi. Əvvəldə dediyim kimi, “bu da keçər” düşüncəsi ilə sürücünün intizamsız və kobud davranışından dostumuz Mais Ağayevin qurumuna şikayət etməkdən daşındım... Bilirdim ki, qurum işə qarışandan sonra uzaqbaşı məndən üzr istəyəcək, o da “üzrü günahından betər” formasında. Buna da heç zaman ehtiyac duymamışam.

Marketlərdəki xidmətlər də kimini razı, kimini narazı salır, təbii. “Bizim market”də bir dəfə mühafizəçilər arabada boş su butılkası tapıb, buna görə mənə ödəniş etdirmək istəyirdilər. Üç-dörd cantaraq oğlan yarım lirtrlik boş su butılkasına görə bir hay-həşir salmışdı ki, gəl görəsən. Deyəsən, o suyun qiyməti 20 qəpik idi, ödəyib sakit gedə bilərdim. Amma ödəmədim, indi də orada yarım saatlıq vaxtımın xərclənməsindən qətiyyən təəssüflənmirəm. İçmədiyim suya görə nə üçün pul ödəməli idim, özü də kütlənin arasında yaradılan o boyda həngamədən sonra? Hə, nəhayət, mühafizəçilərindən biri “tədbirli” çıxıb, kamera görüntülərinə baxmağı məsləhət gördü, mən də kinayə ilə gülümsünüb, “əlbəttə,baxın” dedim. Üçü getdi, biri qaldı... Yarım saat keçəndən sonra biri qayıtdı, “müəllim, gedə bilərsiniz, o butılka səbətdə əvvəldən var imiş, sizlik deyil” - dedi. “Bəs mənə vurduğunuz mənəvi ziyana görə kim üzr istəyəcək?” sualıma cavab olaraq, “xətir qalmasın” formasında elə üzrxahlıq elədi ki, etməsəydi, ondan min dəfə yaxşıydı. Lap elə Molla Nəsrəddinin bayaqdan bəri xatırlatdığım məşhur “üzrü günahından betər” lətifəsində olduğu kimi... “Səbət” marketin işçilərinin marketdən iyirmi manatlıq yağ oğurlayanı qovub tutandan sonra necə amansızlıqla şil-küt etdiklərini görəndən sonra isə düşünürəm ki, mən mühafizəçilərdən yaxşı, yəni sağ-salamat qurtulduğuma görə oturub-durub, gündə on dəfə Allahıma şükr etməliyəm. Sağlamlığımı itirəndən sonra nəyimə lazımdı cinayət törədənə nə qədər həbs cəzası kəsirlər, yaxud hakimin “mərhəməti” sayəsində “aç-burax” eləyib, “get yaşa” deyirlər? Gərək həkimlərə ətək-ətək pul tökəsən ki, sağlamlığını bərpa edəsən, hələ o da ya qismət. Ya da ömür boyu sürünə-sürünə yaşamaq məcburiyyəindəsən. Görəsən adamları mühafizə işinə götürən rəhbər bunlara niyə əməlli-başlı təlimat keçmir ki, “ay oğul, vurmaq olmaz, axı qarşındakı daş-qaya parçası deyil, adamdı, əzilər, ölər.” Ən əsası da sən ictimaiyyətə xidmət sahəsində çalışırsan, nəzakətli, mədəni olmaq peşə borcundur, sənin davranışın təmsil etdiyin qurumun birbaşa imicini formalaşdırır. Öz “ayı xidmətinlə” qara piar xidməti göstərmiş olursan axı. İctimaiyyətdə necə qıcıq və ikrah doğurmağın isə ayrı söhbətin mövzusudur. Nə isə... Sözümün canı budur ki, Allah hər birimzi “üzrü günahından betər” olanların əməllərindən qorusun. Həm da çalışıb özümüz özümüzü belələrindən qoruyaq.