Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”

Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”Bir neçə gün əvvəl İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun faciəvi ölümü ictimaiyyətimizdə dərin kədər doğurdu. Mərhumun İlyas İsmayılovun oğlu olması da bu hüznü artıran məqamlardandır.

Sevilən, seçilən insanların ölümünə şeirlər, ağılar həsr etmək Azərbaycan xalqının tarixi matəm ənənələrindəndir. Ölümüylə sevənlərinin qəlbini göynədən eloğlumuzun da əziz xatirəsinə bu cür ağı həsr olunub.

Şeirin müəllifi hüquqşünas Sərdar Əliyevdir. Onun şeirini oxuculara təqdim edirik:


Taleyin hökmündən titrəyən, əsən

Bir cənnət hurisi, ya mələkmisən?

Dayanıb məzarım qarşısında sən

Ağlarsan, sızlarsan hey yana-yana,

Məni dəfn etməyə gələrsən, ANA!

***

Görəndə əksimi məzar daşımda

Min fikir dolaşar o an başında.

Dərd səni sürüklər qoca yaşında

İnanmam, göz yaşın axıb dayana,

Məni dəfn etməyə gələrsən, ANA!

***

Bilirəm, bu ölüm dözülməz dərddir.

Məni belə görmək sənə dəhşətdir.

Bu həyat - fanidir, ölüm - gerçəkdir,

Qısılıb sevdiyim qızla yan-yana,

Məni dəfn etməyə gələrsən, ANA!

(ovqat.com)