Mətbuat Şurası Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirdi

Mətbuat Şurası Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirdiBu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası tərəfindən “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda tədbir keçirilib.

Avrasiya.net-in məlumatına görə tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdanda insanları Azərbaycançılıq ideyası ətrafında birləşdirdi:

“Bununla da o, xalqın idarəsinə arxalanan siyasətçi olduğunu göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, sənayedə böyük durğunluq yaranmışdı, məcburi köçkün problemi var idi. "İpək yolu"nun bərpa edilməsi, iqtisadiyyatın bir çox sahələrində aparılan islahatlar, Azərbaycanın hüququ dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsidir. Bununla da hər kəs əmin oldu ki, yalnız xalqın iradəsi ilə hakimiyyətə gəlmək mümkündür. Cümhuriyyət dövrünü çıxmaqla, mətbuat 1998-ci ilə qədər senzura altında fəaliyyət göstərib. Mətbuatın senzuradan azad edilməsi qərarını da məhz Heydər Əliyev verdi. Nəticədə dövlətin heç bir qurumu mətbuat üzərində söz haqqına sahib olmadı. Bu da media azadlığının vacib şərti idi. Ulu Öndərin hakimiyyəti illərində mətbuatın iqtisadi bazasının möhkəmlənməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalandı.Bütün bunların nəticəsidir ki, Azərbaycan jurnalistləri 2002-ci ildə Ulu Öndəri özlərinə dost seçiblər”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirdi ki, təkcə ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız da Ulu Öndərin 95 illik yubileyini böyük təntənə ilə qeyd edirlər:

“Bu tədbirlərdə onun həyat yolu, dövlətçiliyin formalaşmasında gördüyü işlər bir daha nəzərdən keçirilir. İstər 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda, istərsə də xalqın iradəsi ilə təkrar hakimiyyətə qayıdandan sonra onun gördüyü işlər xalqımızın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Ona görə də onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1991-93-cü illərdə Azərbaycanın hansı şəraitdə yaşadığı hər birimizə məlumdur. Dövlət idarəçiliyindəki qüsurlar, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı adının siyası xəritədən silinməsi ilə üz-üzə qoymuşdu. Ümmilli liderin qətiyyətli siyasəti nəticəsində sarsıntılardan qurtulub inkişaf edən bir ölkəyə çevrildik. 1995-ci ildən başlayaraq, ölkədə bütün sahələrdə inkişaf hiss olundu. Heydər Əliyev regionda və dünyada milli maraqlarımızın qorunması üçün böyük işlər həyata keçirdi. Heydər Əliyev Azərbaycanda demokratik dəyərləri bərqərar edən, vətəndaş cəmiyyəti institutunun əsasını qoyan dəyərli şəxsiyyətdir. Sovet dövründə Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dilində olan qəzetlərin, televiziyada Azərbaycan dilli verilişlərin sayı artdı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin fəaliyyəti genişləndi. Müstəqillikdən sonra o, demokratik mətbuatın formalaşması istiqamətində də məqsədyönlü siyasət həyata keçirdi. Heydər Əliyevin böyüklüyü onda idi ki, azad mətbuatın gücünü aydın görürdü. Onun siyasətinin əsas qayəsi Azərbaycan mətbuatının müstəqil olması idi və bütün səylərini bu istiqamətə yönəltmişdi. Mətbuat Şurasının yaradılması medianın özünütənzimləmə prinsipinin tətbiqi idi. Ulu Öndər mediaya dövlət dəstəyini ənənəyə çevirən şəxs idi. Mətbuat orqanlarının nəşriyyat borclarının silinməsi onun hakimiyyəti dövründə həyata keçirilən tədbirlərdən idi. O daim jurnalistləri diqqət mərkəzində saxlayırdı. Azərbaycan mətbuatı da Ümummilli liderin mediaya isti münasibətini hər zaman dəyərləndirib. Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Ulu Öndər hakimiyyətə qayıtmasaydı, həyatımızın heç bir sahəsində bu qədər uğur qazana bilməzdik:

“Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün qüdrətli Azərbaycan dövlətindən söhbət gedə bilməzdi. Həyatımızın istənilən sahəsində bu cür uğur qazana bilməzdik. İstər Sovet dövrü, istər ikinci dəfə hakimiyyətə qayıdandan sonra o, daim Azərbaycanın inkişafı üçün çalışıb. Mən xalqın Heydər Əliyevə hakimiyyətə qayıtması ilə bağlı necə müraciət etməsinin şahidi olmuşam. Xarici diaspor təşkilatının formalaşması, mətbuatın inkişafında Heydər Əliyevin rolu danılmazdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada söz, vicdan azadlığının əsas yer tutması Heydər Əliyev siyasətinin nəticəsidir. Bu gün Azərbaycan jurnalistikasının bu qədər inkişafının təməli Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə qoyulub, bu gün İlham Əliyev tərəfindən davam etdirilir”.

Ulu Öndərin Azərbaycanla bağlı uğurlu siyasətindən danışan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bildirdi ki, o, ikinci dəfə hakimiyyətə qayıdanda ölkəmizdə təlatümlü dövr idi:

“Həmin dövrdə Naxçıvanda bu gündən sabaha ümid yox idi. O, müxalifətin dəstəyi ilə hakimiyyətə gəldi, onun qayıdışını xalq istəyirdi. O, hakimiyyətə gələndən sonra bütün sahələrdə inkişaf hiss edildi. Hakimiyyətə gələndən sonra baş redaktorlarla görüşüb mətbuatın problemləri ilə maraqlandı. Onun siyasəti nəticəsində Azərbaycan mediası bugünkü inkişafa nail oldu”.

Millət vəkili Aqil Abbas vurğuladı ki, Cümhuriyyətin yüz illik yubileyi ilə Heydər Əliyevin 95 illik yubileyinin üst-üstə düşməsi xalqımız üçün ikiqat bayramdır:

“Heydər Əliyev hakimiyyətə gələndən sonra baş redaktorlarla görüşündə mən də iştirak etmişəm. O zaman Heydər Əliyevin mətbuata diqqətini görməmək mümkün deyildi. Həmin görüşdə elə səmimi mühit yaratmışdı ki, hər kəs ürəyindən keçən sözü rahat şəkildə deyirdi. Hər bir xalqa çətin dövründə bir xilaskar göndərilir. Onun adına peyğəmbər, Atatürk deyilə bilər. Hesab edirəm ki, Heydər Əliyev 1990-cı illərdə Allahın bizə göndərdiyi elçidir”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, müstəqil Azərbaycan deyəndə Heydər Əliyevi düşünülür:

“Onun jurnalistlərə xüsusi münasibəti var idi. Çünki jurnalistika intellektual institutlardan biridir. Heydər Əliyev Azərbaycan mətbuatı haqqında yüksək fikirdə idi. Jurnalistikanın çətin və şərəfli peşə olduğunu bildirdi”.