13 apr 18:35Sosial

Jurnalisti nazirin göstərişi ilə döyüblər - Baş redaktor

Jurnalisti nazirin göstərişi ilə döyüblər - Baş redaktorƏməkdaşımızı döyən şəxslərin ağsaqqalları bizə müraciət etmişdi. Jurnalisti döyən şəxslərin əvəzinə üzr istədiklərini qeyd etdilər və təklif olundu ki, bu məsələnin üzərindən keçək. Ancaq biz üzrxahlığı qəbul etmədik. İctimaiyyət bilməlidir ki, jurnalistə hansısa bir məmurun sifarişi ilə şillə atmaq, döymək, onun kamerasını sındırmaq olmaz və bunun cəzası var.

Avrasiya.net xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev deyib. O, qəzetin əməkdaşı Famil Fərhadoğlunun döyülməsi hadisənin prokurorluqda araşdırıldığını bildirib:

“Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı daxili işlər nazirinə və baş prokurora müraciət etmişəm. Bu fakt Yasamal rayon Pİ-nin 28-ci bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüf ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir az əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim baş prokuror və daxili işlər nazirinə müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq.

Biz indiki mərhələdə polis bölməsində təhqiqatın aparılmasını və onun nəticələrini gözləyirik. Bu məsələ öz həllini tapmasa və jurnalisti döyən şəxslər cəzalanmasa, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik”.

Asəf Rzayev Səhiyyə Nazirliyinin jurnalistin döyülməsi ilə bağlı yayılan məlumatları təkzib etməsinə də münasibət bildirib:

“Təbii ki, Səhiyyə Nazirliyi bu halı təkzib edə bilər. Ortada əsaslar var, hazırda təhqiqat gedir. Nazirin işarəsi ilə bizim əməkdaşımıza iki nəfər xəsarət yetirib, çəkiliş üçün əlində olan vasitələri sındırıb. Mən Səhiyyə Nazirliyinin açıqlamasını qəbul etmirəm. Onlar sudan quru çıxmaq üçün belə təkziblə çıxış edə bilər”.

A.Rzayev nazirliklə redaksiya arasındakı münasibətlərin qaydasına düşməsinin bir yolu olduğunu deyib:

“Əməkdaşımızı döyən həmin iki şəxs “Unikal”ın redaksiyasına gəlib döydükləri jurnalistdən üzr istəsə, problem həll olunacaq. Mənim indiyə qədər Səhiyyə Nazirliyi ilə hər hansı problemim olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik”.

Qeyd edək ki, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində “Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlunun (İbrahimov) döyüldüyü barədə xəbər yayılıb. Jurnalistin verdiyi məlumata görə, o, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan zaman Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə onun işçilərinin hücumuna məruz qalıb. Jurnalist üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.
XƏBƏR LENTİ
SORĞU