10 apr 17:54Sosial

Jurnalist nazirin göstərişi ilə döyülüb? – Foto

Jurnalist nazirin göstərişi ilə döyülüb? – FotoTəyyar Paşayevin həyat yoldaşının Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışması ilə bağlı deyilənlər yanlışdır. Nazirlikdə bu adda insan çalışmır. Ümumiyyətlə, jurnalist Famil Fərhadoğlu nazirliyin hər hansısa əməkdaşı, işçisi tərəfindən döyülməyib.

Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlunun (İbrahimov) Milli Məclisdə şöbə müdiri vəzifəsində çalışmış mərhum Təyyar Paşayevin oğlu tərəfindən döyülməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib. Məlumata görə, jurnalisti döyən şəxsin anası, yəni T.Paşayevin həyat yoldaşı Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışır.

S.Əhmədova bildirib ki, bütün jurnalistlər kimi, şiddətə məruz qaldığı bildirilən jurnalist F.Fərhadoğlu ilə də dost münasibətində olub və bu günə qədər də nazirliklə onun arasında heç bir problem baş verməyib:

“Heç bir nazirlik əməkdaşı və ya işçisi jurnalistə qarşı şiddət göstərməyib. Jurnalistin kimlər tərəfindən döyülməsindən məlumatsızam. Bu barədə nazirlikdə də maraqlanmışam. Əgər həqiqətən Səhiyyə Nazirliyinin hansısa nümayəndəsi belə bir şey etmiş olsaydı, məlum olardı. Famil Fərhadoğluna şəfa diləyirəm”.

“Bizim Yol” saytı isə jurnalisti döyən şəxsin mərhum Təyyar Tağı oğlu Paşayevin oğlu Riyad Paşayev olduğunu qeyd edib. O hazırda dövlət orqanlarından birində çalışır və vəfat edən Abbas Vəlibəyovun yaxın qohumudur.

Jurnalisti döyən Riyad Paşayevin anası Validə Paşayeva sayta açıqlama verərək, jurnalistin oğlu və Səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib. Validə Paşayevə bu barədə geniş açıqlama vermək istəmədiyini, oğlu ilə danışmağı məsləhət bilib. Oğlu Riyad Paşayev isə telefonlara cavab verməyib.

Jurnalist Famil Fərhadoğlunu döyən Riyad Paşayevin anası Validə Paşayeva da Səhiyyə Nazirliyində çalışır.

Qeyd edək ki, dünən Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində “Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlunun (İbrahimov) döyüldüyü barədə xəbər yayılıb. Jurnalistin verdiyi məlumata görə, o, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan zaman, Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə, onun işçilərinin hücumuna məruz qalıb. Jurnalist üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.
XƏBƏR LENTİ
SORĞU