09 fev 20:40Sosial

Bakıda İranın milli bayramı qeyd edildi

Bakıda İranın milli bayramı qeyd edildiİran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranın Azərbaycandakı səfirliyi tərəfindən qəbul keçirilib.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib ki, hazırda beynəlxalq iqtisadi göstəricilərə görə, İran dünyanın ən güclü iqtisadiyyatına malik olan 18-ci ölkəsidir. İran regional sabitlik amili kimi çıxış edib, terror və İŞİD təhlükəsinin qarşısını almaq üçün ciddi addımlar atıb.

Azərbaycan və İran arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin gün-gündən inkişaf etdiyini deyən səfir bildirib ki, iki ölkə başçıları arasındakı səmimi münasibətlər əməkdaşlığın güclü dayağıdır: "İran və Azərbaycan düşmənləri bu qardaşlıq durumuna heç vaxt ziyan verə bilməyəcəklərini yaxşı bilirlər".

Səfirin sözlərinə görə, son illər iki ölkə arasında turist mübadiləsində artım olub və bu, dostluq, səmimiyyətin zəmanətidir: "Çox şadıq ki, ölkələrimiz arasında Şimal- Cənub nəqliyyat dəhlizi, avtomobil istehsalı zavodu kimi ciddi layihələr həyata keçirilir. Ölkələr arasındakı daimi məsləhətləşmələr bu bağların möhkəmlənməsinə zəmin yaradır. Hökumətlərarası müştərək iqtisadi komissiya İran və Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda ortaq işlərin görülməsində geniş layihələrə malikdir".

Diplomat deyib ki, dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Biz iki qardaş xalq arasında olan çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ərzində hər iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və İranı ortaq mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb:" Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017 -ci ildə ticarət dövriyyəsi 30 faiz artıb. Dünən Astara-Astara dəmiryolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Azərbaycan İran Rəşt-Astara dəmiryolu layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də inkişaf davam edir".

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU