20 dek 21:38Sosial

Baş redaktordan Prezidentə müraciət

Baş redaktordan Prezidentə müraciətÇox hörmətli Cənab Prezident, bütün hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciət etsəm də, 4 ilə yaxındır ki, olmayan bir yerin necə satıldığını və olmayan bir yerə görə mənə qarşı necə cinayət işi açıldığını, əsli olmayan saxta sənədin surəti 9 saylı dövlət natoriat kontoru tərəfindən necə təsdiq edildiyi müəyyən olunmur. nə üçün?!

Çox hörmətli Cənab Prezident, Azərbaycanımıza və Dövlətçiliyimizə sadiq bir vətəndaş olaraq, dəfələrlə Ulu Öndər, Böyük Heydər Əliyev cənabları ilə görüşən və bu Respublikanın quruculuğunda azdan-çoxdan əməyi olan “Diplomat” qəzetinin təsisçi və baş redaktoru, “Azərbaycan kürdləri” İctimai Birliyinin sədri kimi, Sizin xarici və daxili siyasətinizin hər zaman tərəfdarı olaraq təbliğ etmiş və Xalqımıza, Vətənimizə, Ulu Öndər, Böyük Heydər Əliyev siyasətini dəstəkləyərək, bir sıra xarici dövlətlərdə Vətənimizin inkişafını və Azərbaycanımızın başına gətirilən faciələri konfranslar keçirməklə, həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq, təmənnasız Azərbaycanımızın xidmətindəyəm.

Çox hörmətli Cənab Prezident, Sizə və Vətənimiz Azərbaycana sadiq bir vətəndaş kimi yazaraq bildirirəm ki, üç ilə yaxındır ki, qarşılaşdığım haqsızlıqla bağlı, Prezident admistrasiyasına, DİN-nə, MTN-nə, Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə İdarəsinə, Bakı Şəhər Prokurorluğuna, BŞBPİ-nə dəfələrlə müraciət etsəm də, savadsız və etinasız məmurların sayəsində cinayətkarlar müdafiə olunurlar.

- Əsli olmayan saxta sənədin haradan və kim tərəfindən hazırlandığı niyə araşdırılmır?

- Saxta sənədin ikinci dəfə saxtalaşdırılmasını kim, kimə və hansı bilgisayarda (kompüterdə) düzəltdirib?

- Əsli olmayan saxta cizgi sxeminin saxtasının surətini 9-saylı notariat kontoru necə təsdiq edib?

- Xəzər RPİ-nin rəisi, başda Azər Muradov, İstintaq İdarəsinin rəisi Erol Əliyev, müstəntiq Ülvi Abdullayev və sonda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Nazim İsmayılov, müavini Məmmədağa Əhmədov və müstəntiqi Əflatun Səlimov, Bakı Şəhər Prokurorluğu olmaqla, DİN-nin tədqiqat və istintaq idarəsi bu saxta cizgi sxemlərə görə nə üçün indiyə qədər cinayət işi açmayıblar? Maraqları nə olub?

- Məncə, kimliyindən aslı olmayaraq, cinayəti örtbasdır edənlərin özləri də cinayətkardır!

Çox hörmətli Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, savadsız və səhlənkar məmurlar vaxtında cəzalandırılsınlar. Çünki belə məmurlar, dövlətçiliyimizə qarşı olaraq, çox hörmətli Cənab Prezidentimizin və dövlətçiliyimizin imicinə xələl gətirərək, xalqı incidir və dövlətdən narazı salırlar. Görün mən bu qədər incidilirəmsə, onda görəsən sadə xalq nə əziyyətlər çəkirlər?

Artıq o qərara gəlmişəm ki, bu səfər də mənim işimə ciddi yanaşılmasa, səhlənkar məmurlar cəzalandırılmasa, mətbuat konfransı keçirərək, bütün xarici səfirliklərə müraciət edəcəm ki, səsim çox hörmətli cənab Prezidentə çatsın.

Cənab Prezident, inanıram ki, sizin bu işdən xəbəriniz olsa, dörd ilə yaxın uzadılan məsələ tez bir zaman ərzində öz müsbət həllini tapar və sizin sayənizdə kimliyindən asılı olmayaraq, qanunu pozanlar qanun qarşısında mütləq cavab verməli olarlar!

Bu işi araşdıran hüquq mühafizə orqanları mənə aid, əsli olan cizgi-sxemi ilə, əsli olmayan saxta cizgi-sxemi fərqləndirə bilmirlərsə dövlət əhəmiyyətli vəzifədə necə çalışırlar?
Baş redaktordan Prezidentə müraciət
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU