İlahiyyatçılar Elşad Mirini “topa” tutdu: “DTX onu araşdırsın”

İlahiyyatçılar Elşad Mirini “topa” tutdu: “DTX onu araşdırsın”İlahiyyatçı Elşad Mirinin İslam dini ilə bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Onun xüsusən, “Quran müqəddəs kitab deyil” fikri böyük narazılığıa səbəb olub. Elşad Mirinin qənaətinə görə “Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması haqda ayə yoxdur. Elşad Mirinin açıqlamasını təqdim edirik:

“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı, nə deyəcəkdiniz? Məsələn, biz bu gün bir sorğu keçiririk, yəqin ki, yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi “Tövrat”dır. “Qurani Kərim”in heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq, sadəcə, burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı, onda belə bir sual verim: “Tövrat”ın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk “İncil” yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu “Quran”dır, ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.

“Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Cəmal Əzimbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Elşad Mirini ilahiyyatçı hesab etmədiyini və bu səbəbdən də onun fikirlərini şərh etməyəcəyini bildirib: “Belə bir adamı ilahiyyatçı kimi qəbul etmirəm. Dövlət Təhlükəsizlik Xidməti onunla bağlı dərhal araşdırmalara başlamalıdır. Azərbaycanda dini bərabərliyin, dəyərlərin üzərinə gedən bir şəxsin zərərsizləşdirilməsi olduqca zəruridir. Ona görə də onun fikirlərinə rəy vermək istəmirəm”.

Tanınmış jurnalist, dinşünas Vaqif Cəlaloğlu isə hesab edir ki, kimliyindən asılı olmayaraq “Qurani Kərim”i orijinal variantda, yəni ərəb dilində diqqətlə oxuyan şəxs bu qənətə gələ bilər ki, bu kitab insanların zülmətdən nura çıxmağı üçün nazil olunub: “Bu kitab Allah tərəfindən insanlara bir müjdə olaraq göndərilib. Eyni zamanda bu kitab insanların özlərini yaxşı aparması, pis əməllərdən kənar durması üçün göndərilib. Sual olunur, əgər hər hansı bir kitab insanı pis yoldan yaxşı yola çəkirsə, zülmətdən nura aparırsa, bu kitabın müqəddəsliyi sözsüzdür. Əsas müqədəssliyi onunla bağlıdır ki, bütün məxluqatı mövcud edən Allah tərəfindən göndərilib. Bu kitabın müəllifi nə peyğəmbərlər, nə də insanlardır. Bu kitabın müəllifi müqəddəs tayı-bərabəri olmayan Allahu Təbarükəladır. Allah tərəfindən izhar olunan hər bir şey, o cümlədən, onun əsəri bəndələr üçün müqəddəsdir ”.