23 okt 14:20Sosial

“Skalper” əhalinin həssas qrupları ilə görüş keçirdi

“Skalper” əhalinin həssas qrupları ilə görüş keçirdi                                                                    Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyi “Özümüzə inanaq” - əhalinin həssas qrupları üçün psixoloji ünsiyyət görüşlərinin keçirilməsi” layihəsi üzrə ilk psixoloji ünsiyyət görüşünü keçirib. Tədbirdə psixoloq Elnur Rüstəmov, onkoloq Səlim Əskərov, valideynlər, məktəb direktorları və psixoloqları, gənclər, əhalinin həssas qrupuna daxil olan sosial təbəqələr və KİV nümayəndələri iştirak edib.

Layihənin eksperti AVMA-nın İcraçı direktoru Şahin Rəcəbov son dövrlər əhalinin psixogen durumundakı gərginlik, dünyada baş verən hadisələr, müharibələr, terrorizm, iqlim və atmosfer dəyişikliyi, qidalanmada GMO-ların istifadəsi, müxtəlif xəstəliklərin yayılması, münaqişəli ailələrdə münasibətlər sistemi, virtual həyat və canlı ünsiyyət problemi, uşaqların tərbiyəsindəki nöqsanlar və aqressivlik tendensiyası, KİV-də gedən proqramların psixikaya təsiri, maddi-sosial sıxıntılar, adət və ənənələrə, mənəvi dəyərlərə təsir edən yad ünsürlər və s. məsələlərlə bağlı əhalidə, vətəndaşlarda psixloji balansın pozulması, stress və gərginliyin yaranması problemlərinə toxundu. Bu problemlərin müzakirəsi, onlarda çıxış yolları, psixoloji sabitliyin və balansın qorunması üçün təkliflərin və məsləhətlərin verilməsi, dialoq və psixoloji ünsiyyətin təşkili üçün qeyd olunan sosial həssas təbəqələrlə 4 belə görüşün keçiriləcəyini bildirdi.

Psixoloq Elnur Rüstəmov mövzu üzrə məruzə etdi və sualları cavablandırdı. Yığıncaqda iştirak edən professorlar, pedaqoqlar, məktəb psixoloqları mövzu üzrə fikirlərini bölüşdülər. İştirakçıların problemləri dinlənildi və onlara müvafiq faydalı məsləhətlər verildi. Növbəti görüşdə digər sosial həssas təbəqələrin və mütəxəssis ekspertlərin iştirak edəcəyi gözlənilir. “Skalper” xəstələrə yardım ictimai birliyinin sədri Səlim Əskərov da orqanizmin müxtəlif orqanlarındakı nasazlıqların insanın psixoloji durumuna təsir etməsi, müxtəlif xəstəliklərin insanı stress və gərgin vəziyyətə salmasından danışdı və sağlamlığın qorunması, sabit psixoloji durumun mühafizəsi üçün müvafiq məsləhətlərini verdi.

Qeyd edək ki, layihənin məqsədi əhalinin həssas qrupularına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək, sabit fəaliyyət potensialını inkişaf etdirmək, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.

Rüfət
XƏBƏR LENTİ
SORĞU