11 okt 08:40Sosial

Ölümünü gözləyən general

Ölümünü gözləyən general1991-ci il oktyabrın 9-da ilk hərbi hissəni yaradan, Azərbaycan Silahlı Qüvvələrinin qəbul etdiyi ilk hərbi andı hazırlayanlardan biri, döyüşlərdə qəhrəmanlıq göstərmiş keçmiş müdafiə nazirinin müavini, general Zadir Rzayevin bu gün ad günüdür.

Yaşasaydı 80 yaşını qeyd edəcəkdi.

29 yanvar 2010-cu il tarixdə dünyasını dəyişib.

"Ölümünü gözləyən general" adlı yazını yenidən ictimaiyyətin diqqətinə çatdırmaqla bir daha mərhum generalımızı yad edirik

Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovetlər dönəmində bizə yadigar qalan bir çox adət-ənənələr, vərdiş və şüarların üstündən xətt çəkdik, bu günümüzün tələblərinə cavab vermədiyindən, müstəqilliyimizlə uzlaşmadığından tarixin arxivinə atdıq. Baxmayaraq ki onların əksəriyyətini zamana uyğunlaşdırıb yaşatmaqla heç nə itirmiş olmazdıq, əksinə, xeyir tapardıq. Bəlkə də belə lazım imişg Təəssüflər, bütün dövrlər, xüsusilə də müharibə şəraitində olan Azərbaycan üçün xas olan “Heç kim unudulmur, heç nə yaddan çıxmır“ şüarının tələblərini də qoruya bilmədik. Nəinki tələblərini, heç özünü belə yada salmadıq. Böyük Vətən müharibəsi illərində yazılan bu şüar, sən demə, Sovet rejimi süqut edənədək “dəbdə“ idi. O vaxt heç kim unudulmadı, heç nə yaddan çıxmadı. Daha doğrusu heç kimi unudulmağa, heç nəyi yaddan çıxmağa qoymadılar. Çünki onlar vətən uğrunda döyüşmüşdülər, çalışmışdılar, sağlamlıqlarını itirmişdilər. Müharibə şəraitində yaşayan Azərbaycanda isə, əksinə, hamı unudulmasa da, heç nə yaddan çıxmasa da, çoxu unudulur, yaddan çıxır, elə şüar kimig

“Yataq dustağı“

1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində - Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub, 1975-ci ildə Ümumi Qoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsinə alay komandir müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsinə ucalan Z.Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildə vətənini erməni işğalçılarından azad etmək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına yazılır. Təşəbbüsü ilə yaradılan N saylı hərbi briqadanın komandiri vəziyəsini yerinə yetiribg Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci ilin oktyabrın 19-da prezidentin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü ilin iyun ayının 16-da isə Müdafiə Nazirliyində yaradılan cəbhə qərargahının rəisi və nazirin birinaci müavini vəzifəsinə təyin olunub. İstefaya göndərilənə kimi bu vəzifələrdə çalışıb.

Sabiq müdafiə nazirinin birinci müavini, general-mayor Zadir (Zaur deyə müraciət edirlər - C.) Rza oğlu Rzayev də unudulanlardandır. 1962-ci ildə ilk zabit rütbəsini alandan sonra qarşısına bir məqsəd qoymuşdu - zabit adını şərəflə qorumaqla vətənə sədaqətlə xidmət edib general olmaq. Nə vaxtsa buna nail olacağını bilirdi. Çünki vətənə, torpağa bağlılığı, hərb sahəsində zaman-zaman göstərdiyi şücaətlər, əldə etdiyi uğurlar onun general rütbəsinə layiq olacağından xəbər verirdig 1992-ci ildə general-mayor rütbəsinə layiq görüldüg Lakin Z.Rzayev bilmirdi ki, vətən uğrunda sağlamlığını itirən, Azərbaycanın hərb sahəsinə töhfələr verən bir general nə vaxtsa unudulacaq, heç kimin yadına düşməyəcək, bir vaxtlar əlindən tutduğu, çörək verdiyi insanların, heç yaxınlarının dag

Z.Rzayevin yataq dustağına çevrilməsindən mətbuatda ilk dəfə biz yazmışdıq. Xatırladaq ki, bu gün generalın səhhətində yaranmış problem vəzifə borcunu yerinə yetirərkən - 1993-cü il avqustun 28-29-da Beyləqan yolunda avtomobil qəzasına düşməsi ilə bağlıdır. Həmin vaxt Z.Rzayev cəbhə bölgəsinə öz xidməti avtomaşınında yox, Müdafiə Nazirliyi tərəfindən göndərilən maşınla getmişdi. Generalın həyat yoldaşı Dilşad Rzayevanın dediklərinə görə, o zaman generalı heç kim müşayiət etmirdi, bir özü, bir də sürücü idi. Naməlum səbəbdən avtomobilin qəzaya düşməsi nəticəsində generalın başı zədələndi. 3 aya yaxın hospitalda müalicə aldıg
Onun noyabrın 9-da Türkiyəyə müalicəyə göndərilməsi xəbərini də biz vermişdik. Z.Rzayevin Türkiyənin “Gülhanə“ Hərbi Hospitalında müayinə olunmasında isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük rolu olub. Belə ki, bu vaxtadək dövlət orqanlarından heç kim onun vəziyyəti, səhhəti ilə maraqlanmayıb. Rzayevlər ailəsinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya teleqramından sonra generalın sağlamlığı diqqətdə saxlanıldı. Müraciətə baxılmaq üçün Səhiyyə Nazirliyinə tapşırıq verildi. Oradan isə sənədlər Müdafiə Nazirliyinə göndərildi. Bir neçə gündən sonra isə Hərbi Hospitalın rəisi Rzayevlərin ailəsinə zəng vurdu ki, generalı müayinə etmək lazımdır. Azərbaycanda generalın müalicəsi olmadığından xaricə göndərməyi lazım bildilər. Lakin Hərbi Hospitalda müalicə alması vacib olduğundan sentyabrın 2-dən 10-na qədər orada qaldı. 2 otaqlı lüks palatada müalicə alan Z.Rzayevi müayinə ediblər və daxili orqanlarında heç bir problem tapılmayıb, bircə başından başqa. Ona Parkinson diaqnozu qoyulub. Buradakı həkimlər generalın müalicəsinin Türkiyənin Gülhanə Hərbi Hospitalında mümkünlüyünü deyiblərg

Unudulan general

Unudulan generalla görüşmək çoxdankı istəyimiz idi. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən baş tutmurdu. Amma generalın həyat yoldaşı Dilşad xanım bizə söz vermişdi ki, Türkiyədən qayıtdıqdan sonra evinə qonaq çağıracaq və istənilən suallarımıza cavab verəcək. Dilşad xanım sözünün üstündə durdu, bir neçə gün öncə bizə zəng vurub Türkiyədən qayıtdıqlarını dedi. Bu bizə bir dəvət mesajı idi və razılaşaraq vaxt itirmədən generalın yaşadığı mənzilə yollandıq. Qapını üzümüzə generalın böyük oğlu Siyavuş açdı. Özümüzü təqdim etsək də, gələcəyimizi əvvəlcədən bildiyini söylədi. Anasının mağazaya düşdüyünü deyib bizi atasının otağına apardı. Qarşımızda bir vaxtlar qələbədən-qələbəyə addımlayan, erməni qəsbkarlarına divan tutan, gurultulu səsi səngərlərdən gələn əzəmətli generalın şam kimi əriməkdə olan vücudunu gördük. Salamlaşıb onunla üz-üzə oturduq. Danışa bilmirdi, səsi güclə çıxırdı, ağır nəfəs alırdı, dediklərini isə anlamaq çətin idi. Ona ilk sualımız “Ncəsiniz Zaur müəllim?“ oldu: “Yax-şı de-yi-ləmg“. Ondan öyrənə bildik ki, yanına gəlib-gedən də yoxdur. Bir vaxtlar Ehtiyatda olan Zabitlər Konfederasiyasında çalışdığı iş yoldaşları, hətta yaxın dostu, keçmiş müdafiə naziri Dadaş Rzayev də ona dəymir, heç telefon da açmır. Bundan çox pis olduğunu, unudulduğunu dedi. Dilşad xanımın gəlməsi söhbətimizi yarımçıq kəsdi.

Ümidlər puça çıxdı

Dilşad xanım öncə bizə bu günlərdə həyat yoldaşına Azərbaycan prezidenti adından, müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin 10 və 90 illiyi yubiley medalları ilə təltif edildiyini dedi: “Dünən konfederasiyadan zəng vurdular ki, bəs Zaur Rzayevə çatacaq medallar var, gəlin aparın. Siyavuş gedib gətirdi“. Daha sonra generalın Türkiyədəki müayinə kursundan söz açdı: “Allah Mehriban xanıma cansağlığı versin, özünün və ailəsinin ömrünü uzun etsin ki, onun köməkliyi ilə Türkiyəyə getdik. Türkiyədə bizi çox yaxşı qarşıladılar. Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, “Gülhanə“ Tibb Akademiyasında təhsil alan azərbaycanlı tələbələrin də bizə münasibəti çox yaxşı idi. Orada generalı müayinə etdilər və “Parkinson+“ diaqnozu qoydular. Ancaq Azərbaycanda bu diaqnozu təyin etməmişdilər. Bu xəstəliyin də bir sıra xəstəliklər kimi müalicəsi yoxdur. Ancaq bahalı dərmanların vasitəsilə bu xəstəliyin müvəqqəti qarşısını almaq, zəiflətmək olar“. “Bəs xərci kim çəkib“ sualımızı cavablandıran Dilşad xanım dedi ki, əvvəlcə generalın təyyarə haqqı ödəməyəcəyini dedilər, bunun elmi işçi kimi çalışdığı Müdafiə Nazirliyinin Elmi Mərkəzi tərəfindən ödəniləcəyini bildirdilər. Sonradan həmin mərkəzdə ixtisar getdiyindən Zaur Rzayev də işdən kənarlaşdırıldı. Mən sonra beynəlxalq əlaqələr şöbəsinə zəng edib bunu aydınlaşdırdım. Sonradan belə məlum oldu ki, həm onun, həm də mənim gedib-gəlmək haqqını özümüz ödəməliyik. Belə də etdim. Amma onun Türkiyədə müayinə haqqını dövlət üzərinə götürmüşdü: “Ümid edirdim ki, onun müalicəsinin bir effekti olacaq, ümidlərimin hamısı puça çıxdı. Heç yerdən kömək olmadığından Allaha sığınmışıq. Bunu onun özü də yaxşı bilir. Olacağa çarə yoxdur, neyləsin, əvvəlki vaxtı deyil ki, hansısa problemi bir zənglə həll etsin. İndi insanlar da zaman kimi dəyişib. Mən də ancaq onun qulluğundayam, bir saat belə onu nəzarətsiz qoymuram. Oğlanlarımın üzünə də bütün qapılar bağlandığından umacağımız bir yer yoxdur. Bircə Mehriban xanım idi ki, o da bizə bu köməkliyi göstərdi. Buna görə ona minnətdarıq. Düşdüyümüz acınacaqlı vəziyyətlə barışmaq məcburiyyətindəyik, buna da çox şükür“.

O buna layiq deyil

Dilşad xanımın danışığından hiss etdik ki, Z.Rzayev aidiyyəti orqanlar tərəfindən çoxdan diqqətdən kənarda saxlanılıb. Belə olmasaydı, o, məlum məsələlərlə bağlı M.Əliyevaya müraciət etməzdi. General isə 4-5 ildir yataq dustağına çevrilib: “Açığını deyim ki, onunla heç kim maraqlanmır. Hansı ki bir vaxtlar onun tələbələri olub, indi yüksək vəzifələrdə təmsil olunurlar. Aralarında general da var. Heç biri maraqlanmır ki, Zaur müəllim, necəsən, haradasan, telefon belə açmırlar. Mehriban Əliyeva bu məsələyə əl qoymasaydı, heç bir dövlət orqanı da onunla maraqlanmazdı. Qohum-əqrəbası, yoldaşları da elə bil ki, yoxdurlar. Ən yaxın dostu olan polkovnik Telman Mehdiyev bir dəfə də olsun zəng etmədi ki, Türkiyədən necə qayıtdınız, generalın səhhəti necədir. Elə bil ki, Zaur Rzayev adlı Azərbaycanda general olmayıb. İşlədiyi Elm Mərkəzinin rəhbəri Kərim Vəliyev bir neçə dəfə zəng edib. İki il öncə 70 illiyi oldu. Heç kim zəng vurub təbrik etmədi. İki gün öncə konfederasiyadan yubiley medallarının verilməsi ilə bağlı evimizə zəng vuranda da heç kəs onunla maraqlanmadı. Olmazdı ki, konfederasiyadan iki zabit evimizə gəlib medalları generala təqdim edəydilər. Özüdə sevinərdi ki, onu da yada salan var“. “Yataq dustağı olandan, yoxsa nazirin birinci müavini postundan kənarlaşandan sonra general unudulub“ sualımızı cavablandıran Dilşad xanım dedi ki, vəzifədən çıxarıldıqdan sonra heç bir hərbçi onunla əlaqə saxlamadı. Dilşad xanım göz yaşlarını saxlaya biləməyərək bildirdi ki, çətinliklərə baxmayaraq heç kimə ağız açmayıb, heç kimin qapısını döyməyib: “Dərman pulunu da özüm tapıram. Daha evimdə heç bir qiymətli əşya qalmayıb ki, satam. Hamısını satmışam. Heç bir yerdən də gəlirimiz yoxdur, heç kim də bizə əl tutmur, təklif etsələr belə qüruruma sığışdırıb qəbul etmərəm. Məni narahat edən bunlar deyil, vətən ücün sağlamlığını itirən bir azərbaycanlı generalın baxımsız qalması, unudulmasıdır. Axı o buna layiq deyil“.

Evə pul gətirən yoxdur

Dilşad xanımdan dolanışıqları ilə maraqlandıq. Bildirdi ki, həyat yoldaşı xəstələndikdən sonra işdən çıxıb. Oğlanlarının da heç biri işləmir: “Böyük oğlum Siyavuşun 42 yaşı var. Məktəbi qızıl medalla bitirib. 1991-ci ildə BDU-nun şərqşünaslıq (ərəb dili), 2005-ci ildə isə hüquq fakültəsini bitirib, ailəlidir. Kiçik oğlum Sərxanın isə 27 yaşı var. O da BDU-nun hüquq fakültəsinin həm bakalavr, həm də magistr pilləsində təhsil alıb. Siyavuş Daxili İşlər Nazirliyində çalışırdı. Atası işdən azad edildikdən sonra onu da nazirlikdən çıxardılar. Türkiyədə olarkən eşitdilər ki, Azərbaycanda sağlamlığını vətən uğrunda itirən bir generalın övladları işsizdir, təəccübləndilər. Oğlanlarım iş üçün hara müraciət edirsə, deyirlər ki, Məşğulluq Mərkəzinə gedin. Onlar isə elə işlər təklif edirlər ki, oğlanlarımın ixtisaslarına uyğun gəlmir, qaz idarəsində, su idarəsindəg Əgər onlardan heç olmasa biri normal yerdə işləyib evə pul gətirsəydi, vəziyyətimiz bir qədər yaxşılaşardı. Çox qəribədir, bütün qapılar oğlanlarımın üzünə bağlanıb. Yoldaşımın özü də bunları görüb daha da pisləşir, həyəcanlanır. Elə deyir ki, sağalıb sizin üçün iş axtaracam, xahiş edəcəm ki, sizi işə götürsünlər. Halbuki vaxtilə nazir müavini olanda onlarca insanı işə düzəldib, yüzlərcə insana kömək əlini uzadıb. Bu gün isə onun özü köməksiz, uşaqları isə işsiz qalıb. Bütün bunlar bir yana, torpaqlarımızı ermənilərdən azad edib, vuruşub, vətən uğrunda. Kreslolarında rahat əyləşənlər heç olmasa bunları yada salsınlar“. Dilşad xanım dedi ki, kiçik oğlu Sərxan işə düzəlmək üçün sənədlərini Fövqəladə Hallar Nazirliyinə təqdim etmişdi. Çağırıb söhbət ediblər və onun bu qədər savadlı, lakin işsiz qaldığına təəccübləniblər: “Dedilər ki, get, özümüz çağıracağıq, iki ildir gözləyirikg Axı mənim övladlarımın əlindən ticarətlə məşğul olmaq gəlmir ki, gedib alver etsinlər. Niyə göz görə-görə belə gənc kadrları mənən şikəst edirlər?“

Vəzifəsindən sui-istifadə etmədi

Z.Rzayev nazir müavini olanda da çox sadə olub. Heç vaxt vəzifəsindən şəxsi mənafeyi üçün sui-istifadə etməyib. Özünün rahat yaşayışı, övladlarının gələcək həyatını təmin edəcək var-dövlət düşkünü olmayıb. Dünyanın rənglərinə aldanmayıb. Yalnız sadə insanların məhəbbətini, hörmətini qazanıb. Dilşad xanım deyir ki, həyat yoldaşı vəzifədə olarkən belə sadə olub: “Nə cangüdəni olub, nə də evində qulluqçusu. Halbuki bunlara imkanı da çatırdı. Tanımayanlara özümün general arvadı olduğumu bildirmirdim, heç bununla fəxr etmirdim. 62 saylı məktəbdə sadə bir müəllimə idim. Bazarlığı da ya o, ya da mən edərdim. Hətta 1992-1993-cü illərdə çörək növbələrində dayanırdım. Bir gün məni tanıyanlardan biri növbədə görüb irad tutdu ki, axı sən general arvadısan, nəyə görə növbə gözləyirsən? Bütün ev işlərini özüm görmüşəm. Onun vəzifəsindən nə mən, nə də oğlanlarım sui-istifadə etməyib. Çünki onun özü bunda maraqlı olmayıb. Evin kişisi kimi bəzi işləri də özü görürdü. Məsələn, uşaqların velosipedi xarab olanda aparıb düzəltdirirdi və s.“. Sözsüz ki, həmin vaxtlarda onun dost-tanışı da çox olub? “Əlbəttə, o qədər dostu olurdu ki, telefon susmurdu. Bütün qapılar üzünə açıq idi. İndi isə heç qardaşı da yaxına gəlmir. Kimə lazımdır, nə vəzifəsi var, nə də səlahiyyəti“ deyən Dilşad xanım xeyirxah insanların çox az olduğunu, barmaqla sayıldığını söylədi: “Baxın, Mehriban xanım bir teleqramım ilə onu Türkiyəyə göndərdi. Budur xeyirxahlıq. Allah ondan razı olsun. Axı nəyə görə mən ona müraciət etməliydim? Müdafiə, Səhiyyə nazirlikləri bunu vaxtında etsəydilər, nə olardı ki? İmkanlı adamlar bizə əl tutsaydılar, oğlanlarımın iş problemini həll etsəydilər, Allaha xoş getməzdimi?..“ Dilşad xanım bildirdi ki, oğlanlarının iş problemi ilə bağlı Mehriban Əliyevaya da müraciət edib. Amma müraciətin ona çatdırılmadığına əmindir: “Mənim müraciətimi ona versəydilər, inanıram ki, o bu məsələdə də bizə kömək edəcəkdi. Yeganə adamdır ki, ümidimi ona bağlamışam. Bir ana, azərbaycanlı qadın, generalın həyat yoldaşı kimi mənim dərdimi, ürəyimdəki sızıltıları yaxşı anladığını başa düşürəm. Çünki o da anadır, o da vətənini, millətini sevən mərd azərbaycanlı qadındır“.

Qəhrəman olmaq istəmədi

Dilşad xanımın köməkliyi ilə generalın özünü də söhbətimizə qoşduq. Bir qədər xatirələrindən danışdı. Dedi ki, Kəlbəcərin, Ağdamın ermənilərdən azad edilməsini unutmur. Kəlbəcər yolunu ermənilərdən təmizləyib açmasıyla kəlbəcərlilərin böyük hörmətini qazanıb. Generala sual etdik: “Sağlam olsaydınız, yenidən döyüşə gedərdinizmi“. “Ge-dər-dim. Hər-bi pal-ta-rı-mı sax-la-yı-ramg Ge-dər-dim, dö-yü-şə nəza-rət e-dər-dim“. Dilşad xanım bu məqamda dedi ki, həyat yoldaşı döyüşdən qorxmurdu, ölümün gözünə dik baxırdı: “Kəlbəcərlilər deyirdilər ki, Zaur müəllim döyüşlərin birində özü ilə götürdüyü radioya səs verdi ki, ermənilər bunu eşidib qorxsunlar ki, biz gəlirik. Kəlbəcərliləri danışdırın görün, Zaur haqqında nələr deyirlər. O, əsl qəhrəmandır, ona Milli Qəhrəman adı vermək istəyiblər, özü istəmədi“. Bunun səbəbini generalın özündən soruşduq: “Qəh-rə-man a-dı-nı is-tə-mə-dim, ge-ne-ral ol-maq is-tə-dim“. Dilşad xanım onu da dedi ki, Z.Rzayev öz qüvvəsi ilə Laçının iki kilometrliyində olarkən ovaxtkı müdafiə naziri Rəhim Qazıyev onu geri çağırdı: “Sabiq müdafiə naziri Bərşadlı da Zauru yanına çağırıb demişdi ki, gəl, sənə birdən-birə yüksək vəzifə verim. Zaur isə razılaşmayıb demişdi ki, aşağıdan başlamaq istəyir. Baxmayaraq ki hərbi akademiyanı bitirmişdi. Sonradan briqada yaratdı, hərbi andı da Zaur yazıb“. Bu arada general dilləndi: “Və-zi-fə is-tə-mə-dim. Bər-şad-lı-nın tək-li-fi-ni qə-bul et-mə-dimg An-dı mən yaz-dımg Son-ra-dan xid-mət-lə-ri-mə gö-rə mə-nə “Tə-rəq-qi“ me-da-lı ver-di-lər“. Xatırladaq ki, Z.Rzayevin Azərbaycan hərbi sahəsində göstərdiyi xidmətlərdən biri də 1991-ci il oktyabrın 9-da ilk hərbi hissəni yaratmasıdır. Həmin vaxt keçmiş sovet ordusunun Bakı qarnizonunda yerləşən 18110 saylı hərbi hissəsinin bazasında könüllülərdən ibarət ilk hərbi hissə yaradılıb. Sonralar “I batalyon“ kimi tanınan bu hərbi hissənin komandiri özü olub. O həmçinin həmin il dekabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin qəbul etdiyi ilk hərbi andı hazırlayanlardandır.

Dünyadan rahat köçmək istəyir

Z.Rzayevin ötəri olaraq mənzilinə də göz gəzdirdik. Üç balaca otaqdan ibarət olan mənzildə böyük oğlu, iki övlad atası Siyavuşun da ailəsinin yaşadığını öyrəndik. İki ailənin bir yerdə yaşaması həm darısqallıq, həm də sakitlik tələb olunan bir xəstəyə narahatlıq yaratmaq deməkdir. Dilşad xanım bu məsələdə də problemlərlə üzləşdiyini dedi: “Bir dənə bağ evimiz yoxdur. Zaur Rzayev 6-cı mərtəbədə yaşayır, həkimlərin məsləhəti ilə ona hərəkət etmək, təmiz hava lazımdır. Aşağı düşmək isə qeyri-mümkündür. Nazir müavini olanda bu binada hər şey öz axarında idi, lift belə dayanmırdı. İndi liftimiz də işləmir ki, hava almaq, gəzdirmək üçün onu aşağı düşürək. Bütün bunlar da onun xəstəliyini ağırlaşdırır. Gözü önündə oğlanlarının işləməməsi də bir yandan ona pis təsir edir. Elə deyir ki, mən sağalıb sizə iş axtaracamg İş tapmaq üçün də gərək ya adamın olsun, ya da pulun. Bunların isə heç biri bizdə yoxdur“. Bu arada general ağır nəfəs ala-ala dilləndi: “Oğ-lan-la-rı-mın iş-lə-di-yi-ni gör-səy-dim, dün-ya-dan ra-hat kö-çər-dim. Bi-lər-dim ki, e-vi do-lan-dı-ran var“.

Həzi Aslanovdan da səs çıxmadı

Dilşad xanım müəmmalı bir əhvalatı da danışdı. Bildirdi ki, bu ilin may-iyun aylarında Türkiyədəki azərbaycanlı milyarder Mübariz Mənsimovun iş ünvanını əldə etdikdən sonra kömək üçün ona müraciət ediblər: “Müraciətimizdə bildirmişdik ki, ya Türkiyədə, ya da Almaniyada Zaurun müalicəsinə köməklik göstərsin. İnanmadığımız halda cavab gəldi ki, sənədləri hazırlayın. Amma cavab bizə yox, hüquq-mühafizə orqanlarında çalışan general Həzi Aslanova (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi - C.) gəlmişdi. Bunu hələ də anlaya bilməmişik. O da bizə zəng vurdu ki, Mübariz müəllim sizin sənədləri təcili olaraq Türkiyədə gözləyir. Biz də təcili bütün lazım olan sənədləri düzəltdik, hazırlıq gördük ki, bu gün-sabah Türkiyəyə gedəcəyik“. Sənədlərin H.Aslanovun əli ilə M.Mənsimova göndərildiyini deyən Dilşad xanım bir səs çıxmadığını görüb üz tutub generalın iş yerinə: “Həzi Aslanovun köməkçisi mənə bildirdi ki, rəisi Türkiyədədir və bizə dedi ki, artıq işimizi görmüşük.

Həzinin telefon nömrəsini də mənə vermədi ki, məsələnin nə yerdə olduğunu öyrənəm“. Dilşad xanım bu sualın cavabını hələ də tapa bilmədiyini deyir: “Əgər Mübariz Mənsimov əvvəlcədən buna razılıq verməsəydi, nəyə görə sənədləri hazırlatdırırdı?“ Bu vaxtadək müəmmalı qalan bu məsələyə H.Aslanovun özü də aydınlıq gətirməyib. Bir dəfə də olsun Z.Rzayevin ailəsinə zəng vurub bu barədə heç nə deməyib. Onu da bildirək ki, H.Aslanov BDU-da Z.Rzayevin tələbəsi olub. Dilşad xanım deyir ki, heç olmasa keçmiş tələbə kimi müəlliminə zəng vurub bu barədə onu məlumatlandırmalıydı: “Axı bu, Zaurun səhhətinə də pis təsir göstərib, gözü yolda qalıb, narahat olub“. Dilşad xanım Türkiyədə olarkən orada təhsil alan azərbaycanlı tələbələrin Z.Rzayevi görmək üçün Gülhanəyə gəldiklərindən də danışdı: “Tələbələrdən biri Mübariz Mənsimova faks göndərdi ki, burada yerlin, azərbaycanlı general müalicə olunur. Amma o, bir zəngi də qıymadı. Görünür, bu məsələlərdə qaranlıq qalan məqamlar var“.

Prezidentə müraciət

Vətən Müharibəsi Veteranları Birliyi, Bakı Müharibə, Əlil və Veteranlar İctimai Birliyi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbərləri adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan Zadir Rza oğlu Rzayevə Milli Qəhrəman adının verilməsi haqqında Milli Məclisə birgə təqdimatında öncə generalın tərcümeyi-halı xatırlanır. Daha sonra sənəddə deyilir: “,,,Zadir Rzayev 1991-ci ildə təzəcə yaradılan “N“ saylı hərbi briqadanın komandiri təyin olunur və birbaşa cəbhə bölgəsinə göndərilir. Şuşanın və kəndlərinin, Ağdamın müdafiəsində fəal iştirak edir. 1992-ci ilin mart ayında Zadir Rzayevin rəhbərlik etdiyi briqadanın tabor və bölükləri iki ay təlim keçdikdən sonra müharibənin qaynar nöqtələrindən birinə - Ermənistanla həmsərhəd olan Kəlbəcər rayonuna göndərilir. İyunun 10-da ermənilər üç istiqamətdən - Ağdaban, Çərəkdar, Narıncılar tərəfindən hücuma keçirlər. Təcrübəli komandir Zadir Rzayevin rəhbərliyi ilə briqada düşmənin müqavimətini qırır və erməniləri geri qovur. İyunun 24-də isə onun briqadası əks-hücuma keçir və Ağdərənin 20 kəndini düşməndən azad edir. Qüvvələrini səfərbər edən düşmən yenidən Ağdaban istiqamətində güclü hücuma keçir.

Lakin Rzayevin yüksək hərbi hazırlığa malik olan sərkərdə məharəti nəticəsində düşmən böyük itki ilə geri çəkilir. Bu dəfə də onun döyüşçüləri Ağdərənin 12 kəndini erməni daşnaklardan təmizləyirlər. 1992-ci il sentyabrın 6-da briqadanın azad etdiyi rayon və kəndlər “N“ saylı hərbi hissəyə tapşırılır. Zadir Rzayevin rəhbərliyi altında briqada Laçın istiqamətində döyüşərək 40 kəndi erməni işğalçılarından geri alır“. Müraciətdə daha sonra bildirilir ki, general-mayorun peşəkarlığından, şücaətindən Kəlbəcər və Laçın rayonunun camaatı iftixarla danışır. Kəlbəcərlilər Z.Rzayevin simasında xilaskar ordumuzun ağıllı, bacarıqlı komandirini gördülər: “General özü şəxsən çiyninə silah götürərək qanlı döyüşləri idarə edir, döyüşün ən mühüm yerlərində əsgərlərimizlə bir yerdə olurdug General 1993-cü ilin may-iyun aylarında Azərbaycan üçün ağır olan mürəkkəb dövrdə saf, təmiz qəlbinə arxalanaraq və yüksək vətəndaşlıq mövqeyindən çıxış edərək doğma vətənimizdə baş verən hadisələrə vaxtında və düzgün qiymət verməyi bacardı. O, düzgün və ədalətli yoldan dönmədi, belə bir çətin dövrdə radio, televiziya və mətbuat səhifələrində çıxışlar edərək xalqımızı birliyə çağırdı“. Müraciətin son cümlələri bunlardır: “Ümummilli lider Heydər Əliyev özünün “Müstəqilliyimiz əbədidir“ kitabının 96-cı səhifəsində general Z.Rzayevin cəbhə komandanı vəzifəsində Azərbaycanın çətin vəziyyətində onun fəaliyyətinə öz yüksək qiymətini veribg“
Sonda

Rzayevlər ailəsi ilə sağollaşanda general onu yad etdiyimiz üçün bizə təşəkkür etdi. Onu da bildirək ki, Azərbaycan mətbuatında yalnız “Həftə içi“ onu xatırladı. Yazdıqlarımızdan sonra kimin onu yada salacağını deyə bilmərik. Bircə onu bilirik ki, Azərbaycanın çətin anlarında Zadir Rzayev adlı bir sərkərdə vətənin bütövlüyü, azadlığı uğrunda əlində silah ölümə atılmışdı. Həmin vaxtlar ölüm ondan dəfələrlə yan keçmişdi, Allah onu qorumuşdu. Bu dəfə isə ölümü ilə əliyalın mübarizə aparır. Amma daha əvvəlki gücü-qüdrəti qalmayıb. Həm də yaddan çıxıb, unudulub, ailəsində yaşanan problemlər də bir yandan. Erməni gülləsinə tuş gəlməyən general bəzi məmurların laqeydliyi ilə üzləşib. Bu isə erməni gülləsindən daha təsirlidir. Azərbaycana başucalığı gətirməyən belə bir vəziyyətə düşəcəyini əvvəlcədən bilsəydig Bizdən yalnız generala Allahdan cansağlığı diləmək qalır.

Cavid

"Həftə içi" qəzeti
2009-cu il
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU