10 okt 11:51Sosial

Riyaziyyat və məntiq üzrə seçim turu

Riyaziyyat və məntiq üzrə seçim turuİstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili layihəsinə start verildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə qalib olmuş “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsinə uyğun olaraq 06 oktyabr tarixində Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən məktəblərin VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilib.

“Olaylar” xəbər verir ki, məktəbin saytında və sosial şəbəkələrdə verilmiş elanlara əsasən şagirdlərin onlayn qeydiyyatı aparılıb. Seçim turunda 18 məktəbdən 200-ə yaxın şagird iştirak edib. Açılış mərasimində çıxış edən layihənin rəhbəri professor Nasim Abışov layihənin əhəmiyyətindən, məqsəd və vəzifələrindən, görüləcək işlərdən və gözlənilən nəticələrdən danışmış, son illərdə Azərbaycan Respubliksı təhsil nazirliyi tərəfindən istedadlı şagirdlərlə bağlı bir sıra mühüm işlərin görüldüyünü, bu işlərin sayəsində beynəlxalq fənn olimpiadalarında medal qazanan məktəblilərimizin sayının ildən-ilə artdığını qeyd edib.

N.Ə.Abışov «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında» istedadlı uşaqlarla bağlı strateji hədəflər və tədbirlər haqqında, Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planının 1.3.10. bəndinə əsasən məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin vəziyyətinin araşdırılması, hər bir məktəbdə, eləcə də rayon (şəhər) üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada, müsabiqə və yarışların təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

Şagirdlər öz nəticələrini 08 oktyabr saat 18:00-dan etibarən http://istedad.imtahan.net/ linki vasitəsilə öyrəndilər. Bu turda ən yüksək nəticə göstərib 34 şagird riyaziyyat və məntiq dərslərinə cəlb olundular. Hər qrupda 17 şagird olmaqla 2 qrup yaradılıb. Hər qrupda həftədə 6 saat riyaziyyat və 2 saat məntiq tədris olunacaq. Dərslərin 15 dekabra qədər davam etdirilməsi nəzərdə tutulub. Dərslər 178 saylı tam orta məktəbdə keçiriləcək. Seçilmiş fənn müəllimlərinin respublika fənn olimpiada komissiyalarının üzvləri ilə dəyirmi masaların keçirilməsi planlaşdırılır. Məqsəd müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasıdır. Dəyirmi masada Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərin müəllimlərinin iştirakı da təmin olunacaq.

Görüşdə fənn müəllimlərinə seçilmiş istedadlı uşaqlarla işləmək üçün müvafiq metodik göstərişlər veriləcək. Şagirdlərlə beynəlxalq fənn olimpiadasında medal qazanmış Azərbaycan məktəblilərinin görüşü təşkil olunacaq. Həmin qaliblərin olimpiadalara hazırlıq mərhələləri, olimpiadalarda iştirak təcrübəsi, qalibiyyət üçün lazım olan keyfiyyətlər müzakirə olunacaq. Bu görüş şagirdlərdə olimpiadalarda iştirak üçün motivasiyanın yaranmasına, yeni təcrübələrin toplanmasına səbəb olacaq. Beynəlxalq fənn olimpiadaların qalibləriylə görüşün keçirilməsi 178 saylı tam orta məktəbdə təşkil olunacaq. Oktyabr-dekabr ayları ərzində həftədə ən azı bir dəfə olmaqla, dərslərin dinlənilməsi nəzərdə tutulur. Bu dərsdinləmələrdə fənn müəllimlərinin və respublika fənn olimpiadalarının münsiflər heyətinin iştirakı təmin olunacaq. Layihənin sonunda şagirdlərin bilik və bacarıqları yenidən qiymətləndiriləcək. Ən yüksək nəticəli şagirdlər hədiyyələr və diplomlarla mükafatlandırılacaq.
XƏBƏR LENTİ
SORĞU